Bakının ən görməli istirahət məkanı olan bu meydanın tən yarısı zəbt olunaraq ticarət yarmarkasına çevrilib ki, bu da ciddi anlaşılmazlıq yaratmaqdadır...

 İşlərimizin çoxluğundan bəzən şəhəri çıxıb gəzməyə də vaxt olmur. Mən axırıncı dəfə “Fəvvarələr meydanı”nda nə vaxt olmuşam, yadıma gəlmir. Bu günlərdə Rusiyadan gələn və Şuşada səfərdə olmuş diaspor rəhbəri ilə görüşüb "Təzadlar" üçün müsahibə almaqdan ötrü “Fəvvarələr meydanı”nı seçdik. Çünki azərbaycanlı olsa da, uzun illər Rusiyada yaşadığından Bakı şəhəri ilə elə də tanışlığı yox idi. “Fəvvarələr meydanı”nı tanıdığından, görüşü həmin yerə təyin etdik. Görüş yerinə dostumdan xeyli əvvəl gəldim ki, fürsət düşmüşkən bir az da “Fəvvarələr meydanı”nı seyr edim. İlahi, bu cürə meydanı nə günə salıblar? Şəhərin mərkəzində, ən görməli istirahət məkanından birini demək olar hansısa bir məmur zəbt edib. Deməli, meydanın tən yarısı, şəkildə gördüyünüz bu taxta “butka”larla dolub. Axı bu, nə deməkdir? Şəhərin mərkəzində, özü də gəlməli, görməli, gəzməli bir yerində meydanın yarısına belə “butka”lar quraşdırmaq hansı “ağıllı”nın ağlına gəlib? Bəs buna icazəni kim verib ki, şəhərin mərkəzində, parkın ortasında belə taxta “butka”lar qoyub, ticarət yarmarkası yaratsın? Bəli, öyrəndim ki, burada ticarət yarmarkası fəaliyyət göstərəcək. Meydanı tanıyanlar yaxşı bilirlər ki, bu istirahət məkanının dörd tərəfi onsuz da ticarət obyektləri ilə doludur. Hamısı da oradakı binaların altında, özü də geniş pəncərə şüşələri olmaqla, gözəgəlimli yerdə yerləşiblər. Kənardan heç də pis təsir bağışlamır. Bəs meydanın tən yarısını zəbt edib, əhalini istirahət məkanından məhrum edərək, əlavə ticarət yarmarkası yaratmaq nə dərəcədə məntiqə uyğundur? Axı camaat bu yerə təkcə ticarətə yox, həm də istirahətə, yaraşıqlı fəvvarələrə baxıb mədəni zövq almağa gəlir. Axan suların şırıltısı insanlara mənəvi  rahatlıq gətirir. İndi isə, bu taxta “butka”ların fəvvarələrin bir addımlığında qoyulması səbəbindən, insanlar bir neçə fəvvarənin ətrafında oturub suların züm-züməsindən zövq almaqdan məhrumdurlar. Məgər yarmarka açmağa şəhərdə yer tapılmırdı?

 Biz redaksiya olaraq əhalidən bağça yerinin, məktəb sahəsinin, bina evlərinin qarşısının zəbt olunaraq “novastroyka”, ticarət obyektləri, “moyka” tikilməsi barədə çoxsaylı şikayətlər alırıq. Amma şəhərin ən yaraşıqlı meydanı olan “Fəvvarlər meydanı”nın zəbt olunmasını heç cür ağlıma sığışdıra bilməzdim. Bu ticarət yarmarkası üçün meydanın yerini satanların, görəsən, bircə qram vətənpərvərlik, doğma şəhərə məhəbbət hissi varmı?  Xaricdən gələn qonaqların əksəriyyəti də məhz “Fəvvarələr meydanı”na üz tutur. Belə yaraşıqlı bir istirahət məkanını isə  ticarət obyektinə-alverxanaya çevirmək biabırçılıqdır. Axı bu yerin sahibi, hansı iri “kaliber”li məmurdur ki, belə bir yerin zəbt olunmasına “yox” deyə bilməyiblər?

Mən inanıram ki, şəhərimizin quruculuq, abadlıq işlərinə böyük önəm verən Prezident İlham Əliyevin bundan xəbəri yoxdur. Hörmətli Prezidentimiz əsas fəaliyyətini bu gün işğaldan azad olunan torpaqlarda gedən quruculuq, abadlıq işlərinə yönəldib. Bundan istifadə edən bəzi işbazlar isə şəhərimizin ən gəzməli yerlərindən olan “Fəvvarələr meydanı”nı belə biabırçı günə salaraq, gələn qonaqların yanında başımızı aşağı edirlər. Ticarət yarmarkası üçün şəhərdə çox yer tapmaq olar. Şəhərimizin belə gözəl məkanını zəbt etməklə ticarət yarmarkası açan da, ona icazə verən də bu millətin düşmənləridir. Mən bunu ümumi siyasətimizə qarşı təxribat adlandırıram. Tezliklə ticarət yarmarkasının orada yığışdırılması üçün Prezident İlham Əliyev tərəfindən göstəriş veriləcəyi şübhəsizdir. Hətta ona da inanmaq istəyirəm ki, şəhərimizin belə gözəl məkanını hansısa pulun gücünə satın almaqla, bizi xarici qonaqların yanında utandırıb, başı aşağı edənlər də lazımi cəzasını alacaqlar. Axı hər şeyə ticari gözü ilə baxmaq nə dərəcədə məntiqdlidir???

Mövzunu diqqətdə saxlayacağıq.

Elçin MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN