…Məni kimsə qınamasın. Hərdən oturub son otuz ildə qarşılaşdıqlarımızı saf-çürük edəndə, qeyri-ixtiyari içimdən bir hiss keçir ki, kaş SSRİ adlanan millətlər həbsxanası heç dağılmayaydı və biz dünyadan bixəbər yaşamımızı davam etdirərdik.

  Yox, kimsə elə düşünməsin ki, həyatının az qala əlli ilini Azərbaycanın azadlığına, müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə həsr etmiş biri olmağıma rəğmən, indiyə kimi yaşadıqlarımdan və fəaliyyətimdən peşmanam. Qətiyyən! Gec-tez millətlərin gerçək həbsxanasına çevrilmiş sovet imperiyası dağılmalı və tarixin arxivinə gömülməli idi. Bu tarixi zərurətin reallaşmasında az-çox əməyi olan bir insan kimi keçmişimlə qürur duyuram. Amma keçmişin o bəlasından qurtulub, indi elə bəlalar girdabında çabalamaq zotrunda qalmışıq ki, adam yanıb-yaxılmaya bilmir.

Təzə-təzə müstəqillik əldə edəndə dünyanın güc mərkəzləri bizə dəstəkləri ilə gözlərimizi necə qamaşdırdılarsa, uzun müddət gerçəkləri görməyə açıq göz tapa bilmədik. Amma elə ki, azadlığa çıxan keçmiş sovet respublikalarına dəstək haqqında qərar qəbul edən ABŞ-nin həmin qərara məşhur 907-ci düzəlişi əlavə edərək, yalnız Azərbaycanı bu dəstəkdən məhrum etdi, hələ onda bir az pəjmürdə olduq ki, yanan da biz, yaman da biz? Torpaqlarımızı Kremlin dəstəyi ilə işğal edən, yurdlarımızı xarabazara çevirən, xalqımıza qarşı qətliam törədən, bir milyon insanı ev-eşindən didərgin salan Ermənistana yox da, bütün bu məşəqqətlərə düçar edilən Azərbaycana qarşı belə bir qərarı qəbul edənlər hansı ədalətdən danışa bilərlər? Buna dözdük.

Sonra otuz il turist səfərləri ilə regiona gəlib-gedən Minsk Qrupu adlanan gorbagor qurumun xalqımıza qarşı ədalətsiz münasibətlərini gördük, biz dedik, onlar özlərini karlığa vurdular, zorla bizi məğlubiyyətlə barışdırmaq istədilər. On illər boyu dözsək də, axırda öz göbəyimizi özümüz kəsməli olduq və qəhraman şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına dünyaya məğrurluğumuzu sübut etdik. 44 gün ərzində 30 illik işğala son qoyan, əsrin zəfərinə imza atan  xalqın haqq səsini eşitmək istəməyənlərə bu yolla səsimizi eşitdirdik.

Bu dəfə özünü dünyada haqqın-ədalətin carçısı kmi təqdim edən avropanın başbiləni Fransa başladı çığallğa. Ha dedik ki, etmə, eləmə, makaronsan, gir qazana, qovrul, sənin siyasətlə nə işin, amma eşitməzdən gəldi. Qadasın aldığım Prezidentimiz də çox dözdü, az dözdü, axır ki, dünyanın BMT-dən sonra ən mötəbər təşkilatı olan Qoşulmama Hərakatının zirvə toplantısında firənglərin “ədalət”indən, “insanpərvərliyi”ndən gen-bol danışdı. Tarixi faktları bir-bir sadalamaqla qaçılmaz gerçəklikləri bütün dünyaya çatdırdı və sonra da, belə bir ölkənin bizim regionda guya ədaləti bərqərar etməsi haqqında sərsəmləmələrini də deməyi unutmadı. Üstündən həftə keçməsinə baxmayaraq Müzəffər Ali Baş Komandanımızın cəsarətlə söylədiyi bu fikirlərə Fransa rəsmilərində  hələ də cavab gəlməməsi o demək deyil ki,  firənglər bu ittihamları ədalətli hesab edib, qəbul etdilər. Yox, qətiyyən belə deyil. Sadəcə, bir həftədir baş sındırırlar, hələ neçə həftə bundan sonra omayan başlarını divarlara döyəcəklər ki, tutarlı bir cavab tapsınlar. Amma tapa bilmirlər və bilməyəcəklər də... Xülası, firənglərin məsələsin buraxmışıq Dərviş Babamız Məstəli şahın öhdısinə, inşallah Əlixalar, Vəlixalar bu dəfə firənglərin məsələsin yarımçıq qoymazlar.

Bu yandan da, dini bir, tarixi bir, bizim babalarımızın min illər boyu qoruyub  Vətən elədiyi torpaqlarda Qərbin dəstəyi ilə layihə-dövlət yaradan fars-mollaları da başladılar üstümüzə... Nə isə, özləri çığırdı, özləri bağırdı, axırda da özləri ayağımıza gəldi ki, bir... səhvdi olub... Bunları ona görə sadaladım ki, biz müstəqil olandan bəri iki-üç qardaş dövlətlər istisna olmaqla, haqdan-ədalətdən danışan dünya güclərinin, o cümlədən müsəlman dövləti olan İranın bizim haqqımızı, hüquqmuzu otuz ildir ki, görməzdən gəlirlər və biz da artıq bunu təbii qəbul etməyə məcbur olmuşuq. Amma Qızıl Xaç Cəmiyyəti adlanan bir qurumun da erməni lobbisinin əlində oyuncaq olacağını təsəvvür belə etməzdik. Ölmədik, bunu da gördük.

Hələ kim bilir, daha nələr görəcəyik. Sən demə dünya elə gündəymiş ki, elə qapalı yerdə qalıb, onun gedişatından bixəbər olmaq daha yaxşıymış, nəinki azadlığa çıxıb bunlarıın şahidi olmaq! Amma mən pessimist deyiləm. XXI əsr türk əsridir. Türk dünyası bu dünyanın nizamını bərqərar etmək üçün yenidən tanrı tərəfindən meydana göndərilib. Təki  türkün birliyi pozulmasın, dünyanın xilası üçün ümid yeri olan türk dünyası, məhz Əliyev-Ərdoğan tondemı ilə yeni dünya düzənində haqqın-ədalətin təntənəsini dünyaya göstərəcək.
Tanrım qorusun və dəstəyini əsrgəməsin, inşallah!

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN