"İdarəetməyə effektli ictimai nəzarət təşkil edilməlidir. Elə bir mühit yaradılmalıdır ki, media, vətəndaş cəmiyyəti, müstəqil bloqçular və sosial şəbəkələr ictimai nəzarəti həyata keçirə bilsin".

Bunu sentyabrın 14-də Prezident İlham Əliyevin yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən bəzi icra başçılarının özbaşınalıqlarına dair səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Nəsimi Məmmədli deyib. Onun fikrincə, icra hakimiyyəti orqanlarına yeni təyinatlar zamanı idarəetmədəki nöqsanlarla bağlı prezidentin cəmiyyətə belə açıq mövqe ifadə etməsi müsbət haldır: "İdarəetmədə mövcud olan problemləri Prezidentin səsləndirməsi sadə insanlar arasında hakimiyyətə müəyyən rəğbət və problemlərin həlli istiqamətində müəyyən gözlənti yaradır. Bu, məsələyə yanaşmanın ilk müsbət nəzəri tərəfidir. Bunun ardınca atılmalı olan xeyli praktik addımlar da olmalıdır.İlk növbədə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı dayanıqlı hüquqi müstəvi yaratmaq lazımdır. 

Ötən il, mart ayının 17-də "Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı. Müvafiq qurumlara konkret vaxt və tapşırıqlar verildi. Lakin hələ də sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı bir nəticə yoxdur. Fikrimcə  məhkəmə orqanlarının müstəqilliyi təmin edilməli, icraya nəzarət və ədalətli qərar çıxarılmasına ictimai nəzarət mexanizmləri təkmilləşdirilməlidir."

Politoloq  bildirib ki, ölkə prezidenti hər çıxışında ictimai nəzarətin vacibliyini deyir, cəmiyyəti bu məsələdə hərəkət etməyə çağırır, lakin reallıqda bu ictimai nəzarəti etmək mümkün olmur: "Məsələn, xəbər saytları bir rayon icra hakimiyyətinin başçısını tənqid edən kimi digər dövlət qurumu - Rabitə və İnformasiya Nazirliyi həmin saytları məhkəmə qərarı olmadan bloklayır. Necə ola bilər ki, Prezident vətəndaşları ictimai nəzarətə çağırır, məmurlar isə buna imkan vermir? Deməli, hansısa məsələ düzgün tənzimlənmir.

2016-ci il Konstitusiya dəyişikliyindən sonra dövlət idarəçiliyinə yeni baxış üzərində müəyyən layihələr həyata keçirilir. Belə görünür ki, hələ bu layihələrin icrasına  hakimiyyət  daxilində tam hazır deyilik. Hətta bəzi hallarda müqavimət də istisna olunmur. Kadrların tez-tez dəyişməsi və yerdəyişməsi daha çox bununla bağlıdır. 

Təhlillər göstərir ki, parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti qurumlarında, məhkəmə orqanlarında əsaslı islahatların aparılmasına zərurət var".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN