Z.Səmədzadə: “Sizin aranızda yəqin bir iqtisadçı olar. Gəlin oturaq və mən sizə bir iqtisadçı kimi sübut edim ki, Azərbaycan müstəqilliyini bərpa etsə, özü-özünü dolandıra və müstəqil yaşaya bilməz” (1991-ci il 18 oktyabr)

Milli Məclisin oktyabrın 11-də keçirilən iclasında 18 oktyabr Müstəqillik günü ilə bağlı ciddi müzakirələr getdi. 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktının qəbul edilməsindən nə az, nə çox, düz 30 il keçir. Bu barədə gedən müzakirələr zamanı həmin dövrdə Müstəqillik Aktının qəbul edilməsinə səs verən deputatlara xüsusi mükafatlar, onlara deputat pensiyası və bəzi imtiyazlar verilməsi barədə fikirlər də səsləndi. O da qeyd olundu ki, 28 may Respublika günü kimi yox, Müstəqillik günü, 18 oktyabr isə  Müstəqilliyin bərpası günü kimi qəbul olunsun və həmin gün qeyri-iş günü elan edilsin.

Deputat Siyavuş Novruzov isə çıxışı zamanı belə deyib: “Həmin dövrdə hakimiyyətin yarıtmaz fəaliyyəti, AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməkdən ötrü min cür oyunlardan çıxanların əməlləri nəticəsində Azərbaycan öz müstəqilliyini ən gec elan edən ölkələrdən biri oldu”.

Buna cavab olaraq 1991-ci ildə Müstəqillik Aktına səs verən deputatlardan biri olan millət vəkili Vahid Əhmədov çox maraqlı fikir səsləndirdi: “İndi bəzi deputatlar qeyd edirlər ki, Azərbaycan MDB-də müstəqilliyini ən gec bərpa edən ölkələrdən biridir. Xatırladım ki, bəzi deputatlar o zaman çıxış edirdilər ki, Azərbaycan müstəqilliyini bərpa etsə, öz-özünü dolandıra bilməyəcək”.

Hörmətli millət vəkili Vahid Əhmədov burada oxu atıb, yayı gizlədir. V.Əhmədov “Bəzi deputatlar müstəqilliyin gec qəbul olunduğunu qeyd edirlər”- deyəndə, həmin o “bəzi deputatlar”dan birinin təbii ki, Siyavuş Novruzov olduğunu nəzərdə tuturdu. Bəs V.Əhmədov “bəzi deputatlar o zaman çıxış edirdilər ki, Azərbaycan müstəqilliyini bərpa etsə, öz-özünü dolandıra bilməyəcək”, -deyəndə kimləri nəzərdə tuturdu? Maraqlıdır, deyilmi? Elə isə gəlin 30 il əvvələ, bu günkü günə qayıdaq.

1991-ci il 18 oktyabr. Ali Sovet sədrinin birinci müavini Ziyad Səmədzadə SSRİ-nin saxlanmasının lehinə və ya əleyhinə dair gedən iclasa sədrlik edir. Zalda müxalifət düşərgəsindən seçilmiş və Demokratik blok (demblok) adlanan qrupun üzvləri olan 25 deputat özlərini öldürürlər ki, kommunist deputatlar SSRİ-nin saxlanmasının əleyhinə, yəni Azərbaycanın müstəqilliyinə səs versinlər. İclasa sədrlik edən Ziyad Səmədzadə isə kommunist deputatları müstəqillik əleyhinə kökləmək üçün  əlində qələm, həmin o 25 nəfər demblok üzvlərinə üzünü tutub belə dedi: “Sizin aranızda yəqin bir iqtisadçı olar. Gəlin oturaq və mən sizə bir iqtisadçı kimi sübut edim ki, Azərbaycan müstəqilliyini bərpa etsə, özü-özünü dolandıra  və  müstəqil yaşaya bilməz”.

Bəli, bəli məhz belə dedi. Allaha şükür, o dövrün iclaslarının stenoqramı və videosu hələ də durur. Mən şəxsən o iclasları televizorda izləmişəm və Ziyad Səmədzadənin bu çıxışı da beynimə həkk olunub. Amma bu gün Z.Səmədzadə əleyhinə çıxış edib, səs verdiyi müstəqil Azərbaycanın parlamentində deputat və İqtisadi-Siyasət Komitəsinin sədridir. Görəsən, Vahid Əhmədov “bəzi deputatlar o zaman çıxış edirdilər ki, Azərbaycan müstəqilliyini bərpa etsə, öz-özünü dolandıra bilməyəcək” deyəndə, müstəqil dövlətin parlamentində deputat və komitə sədri olan Ziyad Səmədzadəni xəcalət təri basdımı? Bəlkə özündə bir cəsarət tapıb həmin anda könlündən o vaxtkı sözlərinə görə xalqdan üzr istəmək keçib?

Təbii ki, bunların heç biri olmayıb. Z.Səmədzadəni nə xəcalət təri basıb, nə də üzr istəmək könlündən keçib. Bəs niyə Z.Səmədzadənin yerinə belə qətiyyətlə danışıram? Suala cavab kimi gəlin Z.Səmədzadənin vikipediyasına nəzər salaq: “Ziyad Səmədzadə Azərbaycan Respublika Ali Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. Ali sovetin onun sədirliyi ilə 1991-ci ilin oktyabrın 18-də keçirilən sessiyasında müstəqillik haqqında konstitusiya aktı qəbul edilmişdir”.

Həə... dostlar, necədir sizin üçün? Bu cümləni oxuyanda sanarsan ki, Z.Səmədzadə Müstəqillik Aktının qəbul edilməsi üçün dəridən, qabıqdan çıxıb. Bu adamın müstəqilliyin əleyhinə çıxış etməsi, çox da uzaq tarix deyil axı. Heç olmasa, vikipediyadan sitat gətirdiyimiz birinci cümləni yazıb dayanmalı, ikinci cümləni isə yazaraq, ayının yadına daş salmalı deyildi. Belə yerdə deyiblər, “utanmasan oynamağa nə var ki?”

Müstəqilliyimizin əleyhinə çıxış edib, səs verən o “bəzi deputatların” birini mən göstərdim ki, gənc nəsillər də belələrini tanısın. Müstəqilliyimizin əleyhinə o vaxt səs verən digər “bəzi deputatları” isə istəyirik həmkarlarımız araşdıraraq, tapıb üzə çıxarsınlar. Qoy kimin-kim olduğu bilinsin və tarix üçün qaranlıq  heç nə qalmasın. Axı bu tarixin canlı şahidləri olan bizlər hələ yaşayırıq...

Elçin MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN