Prezident İlham Əliyev dünən Qubada səfərdə olarkən Zəngəzur dəhlizi ilə bağlı maraqlı məsələyə toxunub...

"Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər", -deyən Prezident Prezident İlham Əliyev çıxışında Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı konkret tarix verməli olduğunu bildirib: "Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi. Yol boyunca gələndə gördüm, şəhidlərin şəkilləri vurulub. Hər bir yerdə belədir, - mən son vaxtlar Qarabağ bölgəsinə tez-tez gedirəm, - kəndlərdə şəhidlərin şəkilləri vurulub. Yəni, bu Zəfəri bütün Azərbaycan xalqı əldə edib. Hər bir vətəndaş, hər bir rayon sakini, hər bir nümayəndə. Ona görə bu, tarixi hadisədir və cəmi bir il keçib üstündən, görün nə qədər böyük işlər görmüşük. Mən Qarabağ, Zəngəzur bölgəsinə bəlkə də 10 dəfədən çox getmişəm. Amma, eyni zamanda, Azərbaycanın qalan yerlərini də yaddan çıxarmıram". İlham Əliyev həmçinin, son zamanlar baş verən təxribat xarakterli addımlara da diqqət çəkib: "Eyni zamanda bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü", - deyə İ. Əliyev bildirib.

Bəli, artıq Rusiyanın və Türkiyənin də siyasi rəhbərliyi Zəngəzur dəhlizinin açılmasının zəruriliyindən və iqtisadi-siyasi vacibliyindən danışıblar...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN