...Bir gün əvvəl işğaldan azad edilmiş bölgələrdən birinə - Ağdama səfər edəcəyimiz barədə təklifi eşidəndə çox sevindim.
Qarabağın işğaldan azad edilmiş ərazilərini qarış-qarış gəzmək başqa bir hissdir – qürurdur, şərəfdir, sevincdir, ali baş komandanınla, ordunla, millətinlə fəxrdir, canını fəda etmiş şəhidlərimiz, cəsur qazilərimiz qarşısında insanlıq, vətəndaşlıq borcudur. Gecədən yağan yağışın səfər zamanı bizə əngəl yaradacağı həyəcanı ilə səhəri açıram. Tezdən səfər yoldaşlarımızla, “Modern.az” saytının əməkdaşları və “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili ilə yola düşürük. Bölgəyə səfər edən digər jurnalistlər isə başqa avtomobillə...
***
Yolboyu şıdırğı yağan yağış bizi müşayət edir. Yalnız Bərdəyə çatdıqda gecədən yağan yağışın kəsdiyini, yerdə gölməçə çuxurları buraxdığını görürük. Həyacanım azalır – işğaldan azad edilmiş bölgəyə maneəsiz gedəcəyimizə sevinirəm. Mütləq Ağdamın mərkəzini görmək, məcsidi ziyarət etmək istəyirəm. Yola düşəcəyimdən xəbərsiz bir çox tanıdığım şəxslər də inanılmaz dərəcədə buraya gəlmək, ziyarət etmək arzusundadırlar. Bəzilərinin düşmən işğalı nəticəsində tərk etməyə məcbur olduqları doğma ocaqları qalıb orada. Mətbuatda yazılanlardan, televiziya çəkilişlərindən bilirdilər ki, ermənilər daşı-daş üstə qoymayıb tikib qurduqları ocaqlarında, amma yenə də doğma yurd-yuvaya dönmək, 30 il əvvəlki xatirələrindəki Ağdamı yenidən görmək arzusundaydılar. Evlərinin yerini tapmağa ümid edirdilər...
Bölgəyə yaxın zamanlarda səfər edə biləcəyim ehtimalı ilə ev-eşiyinin yerini söyləyənlər də az deyildi: “Mənim Ağdamda kooperativ binada bir mənzilim, mərkəzdə bağlı-bağçalı ikimərtəbəli həyət evim vardı. Mütləq gedəndə, ora da baş çəkin. Mənim həyətim ən böyük həyət idi... Gör güllü bağçamız, ağaclarımız dururmu?.. Mütləq baş çəkin, mərkəzdədir... ”. Mən də söz vermişdim ki, gedə bilmə imkanım olsa, mütləq arzularını gerçəkləşdirəcəm...
Artıq əvvəldən planlaşdırıldığı kimi, bünövrəsi qoyulmuş Bərdə-Ağdam dəmiryolu stansiyanın tamamlama işləri ilə tanış oluruq. Havanın yenidən tutulduğunu görüb çox ləngimədən işğaldan azad olunmuş kəndlərimizə -Ağdama doğru istiqamət götürürük. Axırıncı yoxlama postunda dəqiqliklə araşdırıldıqdan sonra əraziyə buraxılırıq. Köhnədən qalmış asfalf yolun hər iki tərəfində minalanmış ərazilərlə bağlı xəbərdarlıq nişanları qoyulub. Müşahidəçisiz səfərə çıxdığımız üçün yol boyu diqqətli olmamız , kənara çıxmamamız barədə xəbərdarlıq edilir. Yol yoldaşlarımızdan Asif Mərzilinin Ağdama ikinci səfəri olduğu üçün elə bələdçiliyimizi də o edir, çünki əvvəlki səfərində daha böyük təcrübə qazanıb, həm də ərazini yaxşı tanıyır.
Maşınımız ermənilərin dağıdıb viran qoyduğu dərin çala-çökəkli, ətrafında torpaqdan istehkam qurulmuş təpəciklərin arası ilə irəliləyir. Bir gün əvvəl yağan yağış suları dərin yarğanlara dolaraq irəliləməmizə maneçilik törədir . Avtomobil silkələnir, davamlı olaraq atılıb-düşür... Ensizləşdirilmiş kənd yollarının arasından keçirik. Yolboyu torpaqla hündürləşdirilmiş təpəciklərin üzərində minalarla bağlı xəbərdaredici nişanlar basdırılıb, çəkiliş edən zaman səhvə yol vermək, yoldan kənara çıxmaq təhlükəlidir. Biz də yetəri qədər xəbərdarlıqlara riayət etməyə çalışırıq.
Düşmən ərazilərimizi işğalda, atəş altında saxlamaq üçün ərazidə saysız-hesabsız istehkamlar, təpələrdə snayperlərin güllə atması üçün xüsusi daş yuvalar qurub. Tankların keçib getməsi, gizlənməsi üçün minlərlə metr məsafələrdə dərin yarğanlar qazılıb. O zamankı topal nazirin dövründə topdağıtmaz Ohanyan istehkamları isə Milli ordumuzun cəsur döyüşçüləri qısa zamanda dağıda bildi...
Yol kəndlərin kənar ərazilərindən keçir, burada nə vaxtsa yaşayış məskəni olduğunu yalnız sökülüb daşınmış evlərin bünovrə daşlarından, kəsilməyə ehityac duymadıqları, susuzluğa davamlı nar ağaclarından, 5-6 daş üstə qalmış evlərin divarlarından hiss etmək olur. Xarici ölkələrdən gələrək bölgəyə səfər edən müşahidəçilərin, ekspert və jurnalistlərin də yerlə-yeksan edilmiş, quldurcasına talanmış ev- eşikləri , bağ-bağçaları gördükdə, düşmənin, hətta cansız təbiətə, daşa-divara qarşı törətdiyi amansız, quldurcasına vəhşiliyin şahidi olduqda, erməni barbarlarının insanlara qarşı etdiyi amansızlıqların - ağlasığmaz işgəncə üsullarının , qətliamların, soyqırımların törətdikləri faktlarının təkzibolunmazlığını dərk etmələri, fərqində olmaları mütləqdir. Dağıntının miqyası, ölkəmizə, millətimizə vurulmuş maddi-mənəvi zərərin ölçüsü çox böyükdür. Ərazi müharibə dəhşətlərini əks etdirmək, səhnələşdirmək üçün yaradılmış sahəni xatırladır. Amma bura daha irimiqyaslı, daha dəhşətlidir, acımasızcasına məhv edilmiş ucsuz-bucaqsız bölgədir... Düşmənnin törətdiyi vandalizmin miqyasını gördükcə, doğrudan da islahedilməz bir düşmənlə mübarizə apardığımızı və bütün bunlara baxmayaraq, illərdən bəri talan edilmiş yurd yerlərimizin azad edilməsinin nə böyük şücaət və əzamkarlıq olduğunu dərk edirsən və bunu bacardığımıza görə qürurlanırsan.
...Yol boyu düşmənin viran qoyduğu kəndlərin adlarını söyləyir Asif Mərzili: "...Bura məşhur Qərvənd kəndidir. Sosialist əməyi Qəhrəmanı Xuraman Abbasovanın kolxozu bu kənddə olub. İşğaldan əvvəl bağlı-bağatlı, abad küçələri – müasir tikililəri, evləri ilə dillər əzbəri olub. Kəndin sonuna yaxın yerdə yalnız burada vaxtilə kolxoz olduğunu əks etdiən daş yazı lövhəsi qalıb – o da alayarımçıq, uçuq-sökük. Ermənilər bu kəndə də qeyriləri kimi divan tutublar. Kənddə artıq cəngəlliyi xatırladan yolkənarı ağaclıqlar da gözə dəyir...".
Bir qədər sonra Ağdam şəhərinin ərazisinə daxil oluruq. Yağış yağmasa da, hava isti olsa da hava buludludur. Ətrafda məhv olmamış ağaclar yaşıllaşıb, lalələr, çəmən çiçəkləri baş qaldırıb. Hər nə qədər baxdığımız mənzərədən qüssələnsək də, bu tabloya sevinməyə bilmirəm. Torpaq da hiss edir əsirlikdən , erməni tapdağından qurtarıldığını – nəfəs alır, əsil sahiblərinin yolunu, əlinin sığalını gözləyir.
Nəhayət, Ağdamın mərkəzinə gəlib çatırıq. Yol kənarında bir yığın beton lövhələrin qalıqlarını müşahidə edirik , burada əvvəllər beşmərtəbəli bina olub. Sağda xəstəxanaların, mədəniyyət evinin və digər ictimai, yaşayış və qeyri yaşayış evlərinin qalıq divarlarını görürük. Ermənilər bütün binaları talan etdikdən sonra, damından tutmuş divarlarınn daşlarına kimi söküb aparıblar. Bəzi evlərin bünörəsi də qalmayıb.
İki minarəli 19-cu əsrin tarixi-memarlıq abidəsi olan məcsidin ərazisinə daxil oluruq. Erməni izi burada da özünü göstərib. Məscid qarət olunub, bərbad hala salınıb. İşğaldan azad edildikdən sonra içərisi təmizlənib, qapı hissələrinə sellofan çəkilərək bağlanılıb. İşğaldan azad edildikdən sonra, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məscidi ziyarət edib, quran kitabı gətiriblər. İçəridə xüsusi guşə də yaradılıb.
Məscidin hündür hissəsinə qalxıb dualarımızı edirik. Bu hündürlükdən baxdıqda ətrafı ovuc içi kimi görmək mümkündür. Mənzərə isə fərqli deyil... Şəhər bilərəkdən məhv edilib, yaşanmaz hala gətirilib.
***
Gecəyədək Bakıya çatmaq üçün artıq geri qayıtmalıyıq. Yol boyu gördüyüm mənzərənin təsirindən qurtula bilmirəm. Digər kolleqalar da... Bu arada evini- güllü bağçasının yerini mənə anladan tanışları da xatırlayıram. Onlara necə deyim gördüklərimi... Yol yoldaşlarımızdan biri kədər hissi ilə kimlərinsə telefon zənglərinə cavab verir: “Tapmadım, görmədim, yox idi orada ev...”
***
...Minalanmış ərazilərlə əhatə olunmuş yolu sona çatırıq. Postda keşik çəkən qəhrəman əsgər və polislərimizlə xudahafizləşib yola düzəlirik. Bu zaman bir nəfər maşınla bizi təqib edərək maşını saxlatdırır. Bildirir ki, avtomobilimizin təkəri boşalıb. Sən demə, minaya düşməsək də, maşının təkəri əməlli-başlı çala-çökəklərdə deşilib. Yerlə sürünür. Heç 5 dəqiqə keçməmiş yoldan keçən yerli sakinlər kömək təklif edirlər. Maşının təkəri çıxarılır və təmir etdirmək üçün qarşıdakı kəndə aparılır. Yolun kənarında dayanaraq gedənlərin qayıtmasını gözləyirik. Gəlib keçən hər kəs maşının saxlayaraq kömək təklif edir, evinə dəvət edir. Bir müddət sonra təmir edilmiş təkər geri qaytarılır və yerinə taxılır. Sən demə, təmir köşkündəki usta da sürücüdən israr etməsinə baxmayaraq əl haqqı almayıb, “qonağımızsız”söyləyib...
Yol boyu düşünürəm; Ağdam yerlə-yeksan edilib, insanlar illərlə zəhmət çəkib tikdiyi evini-eşiyini, həyat-bacasını itirib, məhrumiyyətlərə məruz qalıb. Nə qədər itki verib – qohum-əqrəbasını həlak olub, itkin düşüb. İnanılmaz iztirablar, məşəqqətlər çəkiblər. İşğalçı ermənlər onlara məxsus bütün varidatı əllərindən ala bilib, mənəvi -maddi zərbələr vurub, amma milli genini, kimliyini dəyişə bilməyib, qürurunu sındıra bilməyib. Düşünürəm ki, bu insanlarla əvvəlki Ağdamı dirçəltmək çox asan olacaq, daha tez dönə biləcəyik abadlaşdırılmış, yeni nəfəs verilmiş yurd yerlərimizə. Çünki insanları elə işğaldan əvvəlki insanlardı - təndirə yapdığı çörəyi, süd -qatığı, bağçasının meyvəsini qonşusuna, dost-tanışa, yoldan ötüb-keçənə də pay verən, süfrəsi açıq, qəlbigeniş.
Ağdam talan edilsə də, Ağdam da elə həmin Ağdamdı.
Yasəmən MƏMMƏDLİ