booked.netbooked.net booked.net  

"Xəzər TV"-də yayımlanan "Komedixana" verilişini sərt  tənqid edən deputat Etibar Əliyevə sözügedən layihədə rol alan aparıcı-aktrisa Xəyalə Quliyeva sərt cavab verdi.

Belə ki, X.Quliyeva məsələ ilə bağlı sosial şəbəkə hesabında bunları yazıb: "Salam, çox hörmətli deputat! Əslində haqqımızda danışmazdan əvvəl millət vəkili olduğunuzu bilmirdim. Ona görə yox ki, savadım çatmır, dünya görüşüm yoxdur. Sadəcə, bir deputat kimi heç nə ilə yadda qalmamısız. Bizimlə bağlı danışdığınıza görə, yetəri qədər özümüzü tanıda bilmişik. Bir sözünüzlə razıyam ki, "Komedixana” aktyorlarının kollec təhsili yoxdur. Bəli, haqlısız! Onların hamısı ali təhsillidir. Elə özümü deyim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli sənətkarlardan səhnə danışığı, səhnə mədəniyyəti, aktyor və rejissor dərsləri almışam.

Bu o vaxta təsadüf edib ki, siz qapı-qapı gəzib, seçicilərinizə bülleten paylayıb, sizi seçməklərini xahiş edirdiz. Məncə, bilib-bilmədən danışmaq sizə yaraşmadı. Eybi yox, bar verən ağacı daşlayarlar. Bir daş da sizdən gəlsin.

Əminəm ki, vaxtilə bostanınıza o daşların bir qırığı da atılmayıb. Hörmətlə, ali təhsilli, 4 diplomlu, 20 illik təcrübəli, aparıcı-aktrisa Xəyalə Quliyeva!”.

Qeyd edək ki, E.Əliyev "Facebook" səhifəsində "Komedixana" verilişini və orada çıxış edən aktyorları sərt ifadələrlə tənqid etmişdi: "Təsadüfən "Xəzər TV"-nin "Komedixana" kimi urvatsız bir verilişinə baxdım. Bir məsələ məni düşündürdü: Görəsən, bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Bunlara komediya haqqında dərslər, aktyorluq dərsi, davranış dərsi keçilibmi?

Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz. Onlara bayağı və təlxək davranışları təlqin edirsiniz? Bayağı hərəkətlər, duzsuz yumorlar, seçilmiş küçə mövzuları bunların yalnız özlərinə xoş gələ bilər.

Vaxtilə televiziyalarda efirə gedən "Komediyalar aləminə səyahət" verilişini səbirsizliklə gözləyərdik. Ağ-qara göstərən televizorda yaddaşlarımızdan indi də silinməyən məzmunlu tamaşalara baxardıq.

İndi plazma növlü televizorun komediyaları həmin ağ-qara göstərən televizorun bircə tamaşasına belə dəyməz. Hər şey aydındır: texnologia var, lakin teatr və aktyorluq təhsili, istedad və sənətə hörmət yoxdur...

Bir şeyi unutdum: məktəb dərnəkləri də yoxdur ki, istedadı vaxtından əvvəl üzə çıxarsın”.

E.ŞİRİNOV        

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN