...Bu gün Azərbaycan poeziyasında özünəməxsus yeri və izi olan şair Vəli Xramçaylının ad günüdür.... Vəli Xramçaylı Sibirdə doğuldu, Qazaxda- İkinci Şıxlıda böyüdü, Bakıda yaşadı. Və hələ də başıuca yaşamaqda və yaratmaqdadır... Sodial platforma istifadəçisi, əslində isə, Vəli Xramçaylı şeiriyyətinin vurğunu Səbinə Yusif yazır: "...Uzun illərdir Bakıda yaşasa da mən Vəli müəllimin hər zaman Şıxlıda Kürün sahilində, Xramçayının qoynunda, Qarayazı meşəsindəki palıd ağaclarının əzəməti ilə baş-başa olduğunu hiss edirəm. Yaz ətirli qələmi, günəş enerjili ruhu, öz dünyası olan şairdir Vəli Xramçaylı. Xətrini çox istədiyim insandır Vəli Xramçaylı. Şıxlının sevimli oğludur Vəli Xramçaylı. Baharda doğulan şeirlərindən bahar ətri gələn şairi təbrik edirik. Ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq".
Bu da Vəli Xramçaylıdan bir neçə bəndlik şeir:
Xramçayın sahilində
Bu çay mənə körpəlikdən tanışdı,
Pıçıltısı dünənimdən danışdı.
Sinəm üstü körükləndi, alışdı,
Keçən günü keçirdikcə gözümdən.
Səhər tezdən sahilində bitərdim,
Dalğasında gizlənərdim, itərdim.
Sinə gərib dalğasını ötərdim,
Sevinc, fərəh tökülərdi üzümdən.
Ürəyimdə təkcə bu çay yaşardı,
Hər yaz ağzı qəzəblənib daşardı.
Sısqa gördüm, gözüm, könlüm yaşardı,
Dərin yerlər aşağıydı dizimdən.
Qızılqaya karıxmışdı elə bil,
Sınıq körpü sınıxmışdı elə bil.
Buraxmırdı, darıxmışdı, elə bil,
Oxuyurdum hər daşının üzündən.
XXX
"Təzadlar"ın oxucuları adından Vəli bəyi ürəkdən təbrik edirik!