booked.net booked.net  

Hər bir insanın qəlbində hansısa müəllimin ömrünün bir zərrəsi var. Axı bu müqəddəs peşə insanlarıdır ki, təmənnasız olaraq ürəklərinin odunu, gözlərinin nurunu şagirdlərinə paylaya-paylaya şərəflə yaşanan ömrə imza atmış olurlar. İnsan formalaşdırmaq, gələcəyin layiqli vətəndaşını yetişdirmək kimi missiyanı yerinə yetirənlərdir ki, sevilirlər, yadda qalırlar, unudulmaz olurlar, səcdəyə layiq görülürlər. Qələndər İsgəndər oğlu Məmmədov kimi. Bu gün 80 ilə sığan şərəfli müəllim ömrü yaşamaqda olan, dəyərli ziyalı, mətin insan, sağlığında dərs dediyi şagirdlərinin, məşqiçisi olduğu idmançıların, ünsiyyətdə olduğu insanların hörmət və ehtiramını qazanmış  Qələndər müəllim kimi...

15 oktyabr 2022-ci il. İşmayıllı rayonunun dağlara sığınmış qədim Basqal kəndi. Təbiətin dağlara, meşələrə, bağ-bağçalara payız sığalının göz oxşayan mənzərəsi. Gözəlliyini ilk dəfə gördüyümdən heyrətimi gizlədə bilmədiyim qartallı dağları. Dağlarına ad-san gətirmiş bulaqları. Hələ bu yerlərin insanları...

Bəli, yolumuz Ağdamın Quzanlı qəsəbəsindən başladı həmin gün. Qədim Basqala gəlməkdə məqsədimiz burada  Mərzili kəndindən olan, kəndin ilk ali təhsilli bədən tərbiyəsi və idman müəllimi, idmançı kimi, məşqçi kimi şöhrət qazanmış Qələndər Məmmədovun 80 illik yubileyində iştirak etmək idi. “Sürücümüz” Qələndər Məmmədovun yetirməsi, ağır atletika üzrə SSRİ idman ustası, 7 dəfə Azərbaycan çempionu, hazırda APU-nin Ağcabədi filialının müəllimi Qələndər Xıdırov idi. Onun şirin söhbətləri, duzlu danışığı eiraf edim ki, yubilyarın başqa bir yetirməsi olan idmançı, “Qabaqçıl təhsil işçisi” Ərşad Bayramov üçün də, “Qarmon” Talıb və mənim üçün də 200 km-lik yolu olduqca qısaltmış oldu həmin gün. Söhbətimiz zamanı xatirələrimiz çözələnərək bizi Qələndər Məmmədovun şagirdi olduğumuz vaxtlara, onun rəhbərliyi ilə idmanın müxtəlif növlərində yarışlarda iştirak etdiyimiz illərə  apardı. Mən 1974-cü ildə sərbəst güləş üzrə sinif yoldaşım Fikrət Əliyevlə birlikdə Ağdam Uşaq-Gənclər İdman Məktəbində keçirilən rayon birinciliyindəki qələbəmizi yada saldım. Dedim ki, həmin yarış zamanı o da yadımdadır ki, Mərzili məktəbinin komandasının birinci yeri elan edilərkən kimsə təəccüblə dedi ki, nooldu, yenə mərzililər?.. Bu zaman qürurlu görkəm alaraq  Qələndər müəllim o sözü deyənə üz tutaraq dedi ki, əlbəttə belə olmalıdır. Sizin uşaqlar zalda döşək üstə məşq edirlər, amma mərzililər qaymaq yeyir və yovşan üstə məşq edirlər...

Bu yubiley tədbirini Basqalda  təşkil edən və tədbirin əsas ağırlığını öz üzərinə götürən  Qələndər Məmmədovun  30 il əvvəl burada məskunlaşan oğlu Namiq idi. O zamandan Namiq yerli əhalidən gördüyü isti münasibətə və bu yerlərin gözəl təbiətinə görə bu yerlərə könül verib, yerli əhali ilə qaynayıb qarışıb. Bu da bir qismət, bir tale yazısı. Əbəs yerə deməyiblər ki, hər şey vaxtın əlində, qismət isə baxtın əlindədir.

Yubiley məclisi açıq havada, yam-yaşıl çəmənlikdə, meşə ilə əhatələnmiş təbiət qoynunda qurulmuşdu. Yaxından, uzaqdan gələnlər böyüklü-kiçikli  100 nəfər olardı. Qonaqlar arasında Qələndər Məmmədovun bir çox sınaqlardan çıxmış dostu, Beyləqandan gəlmiş adaşı Qələndər Alışov, yerli məktəblərdə uzun illər direktor işləmiş İslam Mahmudov, Bakıdan gələn qonaqlardan AYB-nin üzvü, “Natəvan” ədəbi məclisinin təsisçisi və aparıcısı şairə Rəna Mərzili, yubilyarın oğlanları-Hafiz, Natiq, İsgəndər, Anar, qızı Arzu və nəvələri iştirak edirdi.

Tədbirin aparıcısı mən olsam da, tədbiri yubilyarın özü açıq elan etdi. Çıxış edənlərdən SSRİ idman ustası Qələndər Xıdırov, “Qabaqçıl təhsil işçisi” Ərşaq bayramov əslində Qələndər Məmmədovun tərcümeyi-halına istinad edərək onun necə bir fədakar müəllim-pedaqoq olduğunu, özlərinin idman karyeralarında onun rolunu, bütövlükdə Qələndər müəllimin xarakter cizgilərindən danışdılar, ustad müəllimə xeyir-dualarını çatdırdılar. Bu ara yubilyarın bir zamanlar güləşçisi olmuş Fikrət Əliyevin  Ağdamdan  etdiyi təbrik zəngi Qələndər müəllimin ovqatına kövrəklik qatmış oldu. Tədbir iştirakçılarının hər biri Qələndər Məmmədovu təbrik etdi, ona bundan sonra da sağlam ömür arzuladı. Şeirlər söylənildi, mahnılar səsləndi...

Bəli, 80 illik yubileyini qeyd etdiyimiz Qələndər Məmmədov Mərzilidən  Azərbaycan təhsilində, mədəniyyətində imzası olan bir nəslin nümayəndəsidir. Onun qardaşı Əsgər Məmmədov Azərbaycanda ilk mültfilmlərin yaradıcılarındandır, Rusiyanın “Əməkdar rəssamı”dır. Başqa bir qardaşı AYB-nin üzvü şair Soltan Mərzilidir. Qardaşı qızı Mərzili kəndinin ilk şairəsi, AYB-nin üzvü Rəna Mərzilidir...

Bir daha Qələndər müəllimi 80-illik yubileyi münasibəti ilə təbrik edir, ona sağlamlığı ilə bərabər ömrünün qalan hissəsini Mərzilidəki evində yaşamağı arzulayıram.

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA