booked.net booked.net  

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına “Yaşıl dünya naminə həmrəylik ili“ ilə əlaqədar “Təbiətə valeh olanlar” layihəsi çərçivəsində yeni şeirlər təqdim olundu.

Mərkəzi Kitabxananın Fəxri oxucusu, AYB-nin üzvü, professor, şair-qəzəlxan Şahin Fazil “Dünya neyləsin?” şeirində insanların hər problemi olduğunda dünyanı günahlandırdığını, lakin burada dünyanın heç bir günahı olmadığını göstərir. “Müraciət” şeirində isə hərb edənlərə dayanmağı, müharibələri bitirərək, vətənləri qorumağa müraciət edir. Hər iki şeirdə müəllif insanları kini, nifrəti buraxıb, sevgiyə, sülhə çağıraraq, dünyamızı qorumağı tövsiyə edir.

Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair-qəzəlxan Əli Ələmi qəzəlində təbiətin zərif, gözəl qızı lalənin gözəlliyindən yazır, ikinci qəzəlində isə çayda balıqlı, naz-nemətli təbiətini, duz-çörəkli, xətir hörmətli el-obasını və azad torpağını vəsf edir.

ŞAHİN FAZİL

DÜNYA NEYLƏSİN?

 “Dünya” deyib dad edirik dalıb nisgilə,

Dünyamızın yox günahı, dünya neyləsin?

Yaşayırıq dünyamızın bu günü ilə,

Düşünmürük biz sabahı, dünya neyləsin?

 

Pərvanəmiz, pələngimiz var bu dünyada,

Barıtımız, fişəngimiz var bu dünyada,

Qələmdən çox tüfəngimiz var bu dünyada,

Biz neyləyək bu silahı, dünya neyləsin?

 

“Həya!” deyib, riya donu geyməyimiz var,

Məzlumları zülm əliylə döyməyimiz var,

Heç nahaqdan dünyamızı söyməyimiz var,

Ya ilahi, ya ilahi, dünya neyləsin?

 

Qəm neştəri təbiətin arısı qədər,

Dərd zəmisi tarlaların darısı qədər,

Sevincimiz dərdin, ahın yarısı qədər,

Dünya boyda dərdi, ahı dünya neyləsin?

 

   MÜRACİƏT

        Bənzəri yox sevgimin,

Ürəyimdə sevgi min,

Aşiqiyəm aləmin

Göyün, yerin xətrinə.

 

Vardır hökmü hər anın,

Hərb edənlər, dayanın,

Neçə elin, obanın,

Vətənlərin xətrinə.

 

Sülh nəğməsi oxuyaq,

Eşqi dərindən duyaq,

Dünyamızı qoruyaq,

Sevənlərin xətrinə!

ƏLİ ƏlƏMİ (ƏMİROV)

2-5

Yenə də baxır nigaran, nə gözəl gedib xəyalə,

Nə deyir baxışlarıyla mənə, bilmirəm bu lalə.

 

 Dikilib səmayə gözlər, Günəşə təşəkkür eylər,

 Gecələr yumar gözün, bəs sözü yoxmudur Hilalə?

 

 Nə deyir dodaqlar, eyvah, oxuyum dodaqlarımla,

 O deyir ki, badən ollam, açılıb, olub piyalə!

 

 Gecəni qalıb nigaran, mənimi o gözləyibdir,

 Məni gördü, çox sevindi, ləçəyində yandı jalə.

 

 Vurulardı qarə rəngə, göz açaydı qarə bəxtim,

 "Necə bənzərik", – deyərdi, yanağında qarə xalə.

 

 Çiçəyin, gülün əlində qalır hərdən ixtiyarım,

 Onu hiss edib, coşurmu yanağımda gur şəlalə?

 

 Dərim indi, dərməyimmi, necə titrəyir əlimdə,

 Bu çiçək dərilmək istər, eləyir mənə həvalə.

 

 Ələmi, di, badə qaldır, onu durmadan əzizlə,

 Deyəcək ki, çatdım axır, dərilib, şirin vüsalə.

 ***

Çox uzaqdan görürəm, diqqət edib mən dərəyə,

Sıçraşan çayda balıqlar yaraşır mənzərəyə.

 

 Nə tilov var, nə də tor qurmayıb orda kim isə,

 Çox şükür, cəld olan əl-qol verib Allah hərəyə!

 

 Kənd uşaqları balıq payı verir hər keçənə,

 Xətir-hörmət buralarda nə gözəl, duz-çörəyə!

 

 Qazan asmış bir ocaq üstə o qızlar gülüşür,

 Unudubdur biri – sevdalı, duz atsın xörəyə.

 

Göy-göyərti demə, dərmandı, çətin xəstələnək,

Bişə sac üstə qutab yağlı, dur, əl qat tərəyə.

 

 Mehriban, xoş danışıqlarda zarafat yeri var,

 Kin, küdurət axı yad olmuş əzəldən ürəyə.

 

 Ələmi, azad olan torpağı mən vəsf edirəm,

 Sığmayır burda sevincim yenə bəndə, bərəyə!

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN