booked.netbooked.net booked.net  

Baş verənlərlə bağlı cinayət işi başlanılıb

“DTX, MİDA və VXSİ Dövlət Agentliyi gözlənilən birgə rəsmi açıqlamanı yayıblar”.

Bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz fikirlərini bölüşüb.

“Açıqlamada bu gün baş tutmayan MİDA-nın onlayn mənzil satışı prosesinin səbəbləri qeyd edilib.

Rəsmi olaraq bildirilib ki, Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə xaricdən kiberhücum olub. Bu səbəbdən də "prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq" mənzil satışı dayandırılıb. Baş verənlərlə bağlı cinayət işi başlanıb.

Belə bir şəraitdə onlayn satışın dayandırılması qərarı doğrudur.

Amma, maraqlıdır, görəsən kimdi günahkar ki, bu cür dövlət əhəmiyyətli layihəni reallaşdırmaq mümkün olmayıb”,- deyə ekspert bildirib.

Osman Gündüzün sözlərinə görə, rəsmi olaraq təsdiqlənirsə ki, dövlət qurumuna qarşı kiberhücum olub, onda aydındır ki, burada Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin də məsuliyyəti var.

O, vurğulayıb ki,  məhz bu tip məsələlərlə bağlı cavabdeh qurum XRİT Dövlət Xidmətidir.

O.Gündüzün fikrincə, Asan Login sisteminə kütləvi DDoS hücumların, kiber müdaxilələrin zərərsizləşdirilməsi istiqamətində zamanında gərəkən tədbirlər görülməyib:

“Düşünürəm ki, əgər öncədən DDoS təhlükəsi nəzərə alınsaydı, adı çəkilən qurumun peşəkalığı ilə problemi aradan qaldırmaq çox asan olardı, ən azı Asan login və ya MİDA-ya xaricdən olan trafik bloklana bilərdi.  Beləliklə, rəsmi açıqlamadan sonra , düşünürəm ki, bu gün MİDA-nın onlayn satışının baş tutmamasına görə daha çox məsuliyyət daşıyan qurum XRİT Dövlət Xidməti və təbii ki, eGov Mərkəzidir”, - bildirib

Sonda Osman Gündüz ümid etdiyini bildirib ki, məsul şəxslər bunun fərqindədir və bir daha təkrarlanmaması üçün tədbirlər görüləcək. Həmçinin xatırladıb ki, bir müddət öncə Prezidentin fərmanı ilə kritik qurumların kibertəhlükəsizliyi ilə bağlı tədbirlər təsdiqlənib və əsas səlahiyyətlər DTX və XRİT Dövlət xidmətinə verilib.

“Fikrimcə, aidiyyatı qurumlar, xüsusilə də DTX və XRİT Dövlət Agentliyi dövlət qurumların, o cümlədən kritik qurumların təhlükəsizliyinin qorunması istiqamətində səylərini gücləndirməlidirlər”, - ekspert əlavə edib.

 Xatırladaq ki, bir müddət əvvəl MİDA-nın "Güzəştli mənzil" sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib.

Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birgə məlumatında qeyd edilmişdi ki, Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları - E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılıblar.

Və budur, aylar sonra MİDA 815 mənzili satışa çıxarmaq istəyib və yenidən, həm də iri həcmli kiberhücum təşkil edilib.

 DTX-nın bu günkü məlumatında bildirilir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində güzəştlə satışı prosesi başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilmişdir.

Vurğulanır ki, qeyd olunan halların hazırkı mərhələ üzrə güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınmışdır. 

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar edilmişdir.   

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü (İctimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə) maddəsi ilə cinayət işi başlanılmaqla istintaq və əməliyyat-texniki tədbirlər həyata keçirilir. Hazırda aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanmışdır.

Güzəştli şərtlərlə mənzil seçiminin tarixi ilə bağlı ictimaiyyətə ən qısa zamanda məlumat veriləcəkdir”, - deyə məlumatda bildirilir.

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN