Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyul 2026 / 18:09

Uşaqların Rəqəmsal Təhlükəsizliyi

Həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilən sosial şəbəkə platformaları informasiya mübadiləsi, biznes fəaliyyəti, ictimai-sosial müzakirələr üçün əlverişli tribuna rolunu oynayır.

Tezadlar.az xəbər verir ki, əvvəllər konkret istiqamət üzrə, lap dəqiq desək, yeni insanlar tanımaq, nəyisə təqdim etmək, paylaşmaq funksiyasını özündə daşıyan bu platformalar bu gün çoxşaxəli bir anlayışa çevrilib. Bu da özlüyündə müəyyən mənada bir çox təhlükədən xəbər verir. Məsələn, artıq sosial şəbəkə deyəndə eyni zamanda dezinformasiya, kibercinayətkarlıq, şəxsi məlumatların qanunsuz yayılması, şantaj, zərərli vərdişlərin reklamı və digər bu kimi neqativ faktorlar da yada düşməlidir. Yəni bu, qaçılmaz reallıqdır.

Bu mənada, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da zaman-zaman rəqəmsal mühitin hüquqi tənzimlənməsi ilə bağlı müzakirələr aparılır. Məhz bu zərurətin məntiqi nəticəsi olaraq, parlament səviyyəsində sosial şəbəkədə uşaqların hüquqlarının qorunmasına dair tənzimləməni nəzərdə tutan dəyişikliklər qəbul edilib.

Şübhəsiz, yeni dəyişikliklər dünya praktikasına əsaslanır və burada əsas məqsəd sosial şəbəkə platformalarında davranış qaydalarını, hüquq və vəzifələri, eləcə də qanun pozuntularına görə məsuliyyət məsələlərini tənzimləmək, müasir dövrün tələb və çağırışlarına uyğunlaşdırmaqdır. Bu baxımdan, qanunda yer alan dəyişikliklər rəqəmsal mühitdə daha həssas hesab olunan qrupların, xüsusilə də uşaqların müdafiəsinə xüsusi diqqət yetirir. Daha dəqiq desək, qəbul edilən qanun uşaqların sözügedən platformalarda təhlükəsizliyinin etibarlı və sistemli şəkildə təmin edilməsinə xidmət edir.

Yuxarıda da qeyd etdiyimiz kimi, hər bir sosial platforma günü-gündən fərqli istiqamətlər üzrə fərqli vasitələrə çevrilə bilir. Yəni burada təkcə ünsiyyət və məlumat mübadiləsindən yola çıxaraq davranmaq, digər faktorları gözardı etmək zamanla çox ciddi fəsadlara yol açır. Bütün bunları nəzərə alaraq, qanun layihəsinə, birinci növbədə, zorakılıq, kibertəqib, zərərli məzmun, dezinformasiya və psixoloji manipulyasiya kimi risklərdən qorunmaq, bu riskləri hələ yaranmamışdan əvvəl qabaqlamaq üçün atılan addım kimi baxmalıyıq. Eyni zamanda bu dəyişikliklər uşaqların müdafiəsi və qorunmasının dövlət siyasətinin tərkib hissəsi olduğunu bir daha nümayiş etdirir.

 

Müasir dövrdə nəinki uşaqların, ümumiyyətlə bütün insanların təhlükəsizlik anlayışının təkcə fiziki mahiyyət daşımadığı heç kəsə sirr deyil. Rəqəmsal məkan elə bir səviyyədə geniş spektri özündə əks etdirir ki, istər-istəməz yeni müdafiə mexanizmlərinin düşünülməsi və qəbulu zərurət halını alıb. Yeni hüquqi tənzimləmə də məhz bu reallığı nəzərə alaraq uşaqların hüquqlarının qorunmasını daha geniş müstəviyə daşıyır.

Başqa tərəfdən, yeni layihə ilə valideyn nəzarəti anlayışı həm də bir hüquqi mexanizm kimi ortaya çıxır və nəticədə ailənin tərbiyə institutundakı rolunu gücləndirir.

Sağlam cəmiyyətin təməli sağlam ailədən, sağlam ailənin təməli isə təhlükəsiz və düzgün tərbiyə edilib formalaşan uşaqlardan asılıdır. Buna görə də uşaqların bu kimi platformalarda mümkün zərərli təsirlərindən qorunmasına xidmət edən hüquqi mexanizm, öz növbəsində, sağlam gələcək üçün atılmış addım və bütövlükdə cəmiyyətin gələcəyinə yönəlmiş investisiya kimi dəyərləndirilməlidir.

Dəyişən dünya, günbəgün, az qala, saatbasaat inkişaf edən texnologiyanın mövcudluğu bütün dünyada ardıcıl və məqsədli qabaqlayıcı tədbirləri ön plana çıxarır. Avstraliya, Norveç, Fransa, Danimarka, İspaniya, Türkiyə, Kanada, Yeni Zelandiya kimi ölkələrdə də sosial şəbəkə platformaları ilə bağlı müxtəlifyönlü tədbirlər görülür, qərarlar qəbul edilir. Bu qərarların istiqaməti daha çox platformalara giriş, yaş məhdudiyyəti və digər məsələlərlə əlaqədardır. Yəni bütün dünya problemin fərqindədir və bu problemlə mübarizə üsulları yaratmaqdadır. Bura uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yaş məhdudiyyətləri, valideyn razılığı və platformaların əlavə öhdəlikləri daxildir. Yəni Azərbaycanda həyata keçirilən hüquqi tənzimləmələri qlobal tendensiyalarla uzlaşan və uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsinə xidmət etdiyini deyə bilərik.

Bütün sivil cəmiyyətlərdə uşaqların hüquq və mənafelərinin qorunması dövlətin prioritetlərindən hesab olunur. Uşaqlara tütün məmulatlarının, alkoqollu içkilərin satışı qadağan olduğu kimi, mövcud internet əlçatanlığında başqa-başqa zərərli məzmunlara qarşı da tədbirlərin görülməsi qaçılmazdır. Bütün bu tədbirlər isə aydın məsələdir ki, uşaqların sağlamlığının, təhlükəsizliyinin və normal inkişafının təmin edilməsi üçündür.

Ən əsası, Azərbaycanda bu sahədə hüquqi bazanın çoxdan mövcud olduğunu, yəni yeni formalaşmadığını da qeyd eləmək lazımdır. Hələ 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunla uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun təmin edilməsi, onların zərərli informasiyadan qorunması tədbirləri müəyyən edilmiş və bu sahədə yaranan münasibətlər hüquqi baxımdan tənzimlənmişdir. Sosial media ilə bağlı yeni tənzimləmələr də həmin hüquqi yanaşmanın müasir rəqəmsal çağırışlara uyğun inkişaf etdirilməsi kimi qiymətləndirilməlidir.

Bir sözlə, sağlam gələcək istəyiriksə, sağlam müzakirələrdən yola çıxmalı, sağlam addımlar atmalıyıq. Hazırda edilənlər də məhz bunu ehtiva edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!