Əsas məzmuna keç

Deputatın oğlunun “Kafe de Central”dakı cadugər sevgisi

Bakıdakı “Kafe de Central” restoranında bütpərəstlərə və xristianlara aid olan “Cadugərlər Bayramı”nın keçirilməsi barədə xəbərlər yolveriləndirmi???

Paytaxtın Zərifə Əliyeva-1 ünvanda “Kafe de Central” adlı restoranı yerləşir. Elə düşünməyin ki, bu restoranı reklam edirik. Qətiyyən belə deyil. Amma «Təzadlar»a daxil olan vətəndaş şikayətindən sonra bu restoranda gördüyümüz  əcaib-qəraib şeylər marağımıza səbəb oldu. Restoran müxtəlif qorxulu sklet, cin, şeytan, küpəgürən qarı, qara pişik, sklet şəkilləri ilə bəzənib.

Balaca uşaqlarda qorxu yaradan bu mənzərənin səbəbini öyrəndik. Məhz bu restoranın sayəsində bildik ki, dünyada “Cadugərlər Bayramı” adlı bir gün də varmış. Bəs  cadugərlərin bu restorana nə aidiyyəti var? Elə biz də sosial şəbəkələrdə bunun axtarışına çıxdıq. Araşdırma zamanı həm, restoranın mənfi imici barədə, həm də “Cadugərlər Bayramı”nın nə olmasını, necə yaranmasını ətraflı öyrəndik.

***

Beləliklə, sən demə, hər il oktyabrın 31-də Qərb dünyası Cadular Bayramını (Halloween) qeyd edir. “Halloween” sözü “All Hallows Eve” sözündən gəlir və mənası “müqəddəs axşam” deməkdir.

Dünyanın müxtəlif ölkələrində xüsusi şəkildə qeyd edilən “Halloween” bayramında özəl balqabaqlar hazırlanıb bəzədilir, xüsusi kostyumlar seçilir, uşaqlara vermək üçün çoxlu konfetlər, şirniyyatlar alınır, bayramın simvolu kimi isə qara qüvvələrin rəmzi olan hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir, marketlərdə adıçəkilən bayrama aid oyuncaqlar satılır, şirniyyatlar bu rəmzlərin formasında hazırlanır və s.

***

“Halloween” bayramının yaranması qədim kelt bayramı olan “Samayn”la əlaqəlidir. “Samayn” bütpərəstlərin bayramı idi. 2000 il əvvəl, əsasən, indiki İrlandiya, Böyük Britaniya və Fransanın şimalında yaşayan keltlər yeni illərini noyabrın 1-də qeyd edirdilər. Həmin gün yazın sonu, qışın başlanğıcı olaraq götürülürdü. Qışda insanların daha çox ölməsi ilə əlaqədar bu fəsli ölüm fəsli də hesab edirdilər. Keltlər oktyabrın 31-nə keçən gecədə yaşayanlar və ölülər arasındakı qapının açıldığına və ölülərin ruhlarının yerə qayıtdığına inanırdılar. Bunun sayəsində də ölülərlə əlaqə saxlanıla bilinirdi. “Halloween” bayramında olan “haunted” çağırışlarının da səbəbi budur. Onlar evini ziyarətə gələn ruhlarla yanaşı, ziyanverici ruhların da gələ biləcəyindən narahat olaraq, onları qorxudub qaçırmaq üçün qorxulu balqabaqlar hazırlayır və ya iyrənc makiyajlar edirdilər. Keltlər o biri dünyadan gələn bu ruhların həm də kahinlərin gələcək haqqında proqnoz verməsini asanlaşdırdığına inanırdılar. Bayram zamanı insanlar nəhəng tonqallar ətrafında toplaşaraq məhsulları və ya heyvanları yandırıb tanrılarına qurban verirdilər. Onlar bayram zamanı müqəddəslərə hörmət əlaməti olaraq heyvan başlarından və ya dərilərindən düzəldilmiş kostyumlar geyinirdilər.

Daha sonra Kelt torpaqları 400 il Roma İmperiyasının işğalı altında qaldı. Bu müddətdə romalıların 2 bayramı “Samayn” bayramı ilə birləşdirildi və bununla da bayram adətlərinə bir sıra əlavə və dəyişikliklər olundu. Məsələn, qadınların həyat yoldaşlarının kim olacağını görmək üçün alma dilimləri ilə fala baxması romalıların bayramlarından keçmiş bir adətdir. Bu bayram bütpərəstlərin bayramı olduğu üçün xristianlar onlara təsir edərək ənənələrini əritməyə çalışırdılar, hazırkı “Halloween” bayramında xristianlıq çalarlarının olmasının səbəbi də budur. Məhz xristianların təsiri sayəsində bu bayram daha da məşhurlaşaraq bütün dünyada xüsusi bir gün olaraq qeyd edilməyə başladı.

“Halloween” kökünü “Samayn” bayramından götürsə də, tarixən dəyişikliklərə məruz qaldı və təkamül nəticəsində müasirləşdi. Əvvəlki dövrlərin mistik ritualları daha yüngül əyləncə və oyunlara çevrildi. Məsələn, kostyumlar müqəddəslərə hörmət kimi başlasa da, hazırda yalnız əyləncə xarakterlidir. Bayram zamanı uşaqlar qorxulu kostyumlar geyinərək qapı-qapı gəzib şirniyyat və ya konfet yığırlar, ev sahibi heç nə verməyəndə isə qorxulu geyimləri ilə onlara hədə-qorxu gəlirlər. Statistikaya əsasən, ABŞ-da hər il satılan bütün konfetlərin dörddə biri “Halloween” üçün alınır.

Bəs deputat oğlunun “Kafe de Central”dakı cadugər sevgisi hardan qaynaqlanır?

İndi gələk mətləbə. Xristianlara və bütpərəstlərə aid olan bu bayramın Bakının məhz “Kafe de Central” restoranında keçirilməsinin təkanvericisi kimdir? Əvvəlcə bu restoran haqqında sosial şəbəkələrdə axtarış verdik. Heç də yaxşı olmayan mənzərə üzə çıxdı. Əvvəla, sosial şəbəkədən məlum oldu ki, bu restoranın xidmətindən, yeməklərin keyfiyyətindən şikayət edənlərin sayı razı olanlardan daha çoxdur. Şikayət edənlərin sayı 262 nəfərdir. Bu, heç də az rəqəm deyil. Deməli, bu restoranda müştərilərə xidmət və yeməklərin keyfiyyəti olduqca aşağıdır ki, 262 nəfər mənfi rəy yazıb.

Əlbəttə, bu, bizi bir o qədər də maraqlandırmır. Bu məsələ /Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) aiddir… Bizi maraqlandıran bu restoranda bütpərəstlərə və xristianlara aid olan “Cadugərlər Bayramı”nın keçirilməsidir. Demək olar cin-şeytan, küpəgirən qarı, qara hörümçək və digər qara qüvvələrə aid şəkillər, maketlərlə bəzədilmiş restoran dərhal diqqəti çəkir.

İndi sual olunur, “Kafe de Central”  restoranın sahibləri qorxulu obrazlarla bəzədilmiş bu mənzərə ilə bizim uşaqlara nəyi aşılamaq istəyirlər? Məqsədləri uşaqları qorxutmaqdır? Axı bu əcaib-qəraib fiqurları görən balaca uşaqlar dərhal qorxacaqlar və qorxurlar da. Bu restoran sahibləri niyə axı milli mentalitetdən uzaq düşüblər? Əgər milli düşüncədən uzaq olan bu restoran sahibləri qorxulu obrazların əvəzinə, restoranı Azərbaycanın məşhur nağıl qəhrəmanları olan “Cırtdan”ın, “Məlikməmməd”in, “Tık-tık xanım”ın və s. obrazlarının fiqurları ilə bəzəsələr, Azərbaycan cadugərləri inciyəcəklər?  Yoxsa, elə o cadugərlər dilinizi, ağzınızı bağlayıblar deyə milli adət və ənənəmizdən uzaq düşmüsünüz? Kimə lazımdır bu “Cadugərlər bayramı”?

***

Kimə lazım olduğunu bilmək üçün “Kafe de Central”ın sahibləri haqqında araşdırma apardıq. Başqa restoran işlədən dostlarımızdan öyrəndik ki, bu restoranın sahibləri Naxçıvandan olan Afiyəddin və Orxan adlı şəxslərdir. Restoranın direktoru isə Teymur bəydir. Çox təəssüf ki, soyadlarını öyrənə bilmədik. Ancaq onu da öyrənə bildik ki, Orxan hansısa deputatın oğludur. Həmin deputatın kimliyini artıq araşdırırıq. Adını öyrənən kimi, onu da dərc edəcəyik. Bilmək istəyirik görək deputatın oğlu Orxanda cadugərlərə bu qədər sevgi hardan qaynaqlanır? Bəlkə də işlərini cadugərlərin proqnozları ilə qurur, bilmirik. Ola da bilər Orxan bəy, bu yazıdan sonra bizim də əl-qolumuzu, cadugərlər vasitəsi ilə bağlatdırar və biz deputatın kimliyini öyrənə bilmərik. Əlbəttə, hər şey ola bilər.

Nə qədər ki, Orxan bəy bizim əl-qolumuzu və dil-ağzımızı cadugərlərə bağlatdırmayıb, bir-iki söz demək istəyirəm. Hörmətli Orxan bəy, Afiyəddin bəy və Teymur bəy, restorana müştəri cəlb etmək istəyirsinizsə, Azərbaycanın nağıl qəhrəmanlarına və milli geyimlərinə üstünlük verin. Onda bu mənzərə yerli insanların, xüsusilə uşaqların və xarici vətəndaşların diqqətini çəkəcək. Lap sizə insanların diqqətini çəkmək üçün bayram kimi bir ad da təklif edirəm: ”Nağıllar aləminə səyahət”. Belə bir adı görən uşaqlar mütləq valideynlərini sizə qonaq gətirəcəklər… Siz də nağıl qəhrəmanlarının maketlərini, fiqurlarını restoranın hər yerinə quraşdırın ki, uşaqlar həm baxmağa gəlsinlər, həm də o qəhrəmanlarla şəkil şəkdirsinlər.

Nə isə… Bizə yad, xristianlara və bütpərəstlərə aid olan “Cadugərlər Bayramı”na bu qədər aludə olmayın. Cadugərlik və cadugərlər Azərbaycanda heç də yaxşı qarşılanmır. Onların ailələr dağıdıb, evlər yıxdığını çox eşitmişik. Cənablar, bu ev yıxanların bayramını keçirmək nə dərəcədə düzgündür?

Bir də yaxşı olardı, restorana gələn müştərilərə yüksık xidmət göstərib, keyfiyyətli yeməklər verin ki, sizdən şikayətçi olanların sayı 262-dən, ildırım sürəti ilə aşağı, yəni sıfıra düşsün. Uşaqlara qorxulu gələn “Cadugərlər Bayramını” keçirməsəniz də olar…

Elçin Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…