…XXI əsrin əvvəlləri dünya siyasətində baş verən dərin və sistemli dəyişikliklərlə xarakterizə olunur. Bu dövrdə qlobal güc balansı tədricən dəyişmiş, mövcud beynəlxalq nizam isə siyasi, hərbi və iqtisadi təhdidlər qarşısında ciddi sınaqlarla üz-üzə qalmışdır. Müxtəlif regionlarda baş verən münaqişələr, enerji böhranları, informasiya manipulyasiyası və iqtisadi asılılıqlar dünya nizamını ardıcıl şəkildə qeyri-sabitliyə sürükləmişdir.
Qlobal geosiyasi çağırışlar
Ən ciddi geosiyasi hadisələrdən biri Rusiya ilə Ukrayna arasında baş verən və artıq üçüncü ilə keçən müharibədir. Bu münaqişə yalnız regional deyil, həm də Avropa və qlobal təhlükəsizlik sisteminə dərin təsir göstərib. NATO-nun genişlənməsi, enerji daşıyıcılarının qiymətindəki kəskin artım və Qərb-Rusiya münasibətlərindəki ciddi uçurum dünya siyasətində köhnə müttəfiqlik anlayışlarını yenidən dəyərləndirməyə səbəb olmuşdur.
Digər mühüm məsələ Yaxın Şərqdən qaynaqlanır. İran və İsrail arasında artan gərginlik təkcə bu iki ölkəni deyil, bölgədəki bir çox dövlətləri də hərbi və siyasi risklərlə üz-üzə qoyur. Bu qarşıdurma beynəlxalq güc mərkəzlərinin də bir-birinə qarşı mövqelərini sərtləşdirməsinə səbəb olur. ABŞ və Çin arasında davam edən geosiyasi, texnoloji və iqtisadi rəqabət isə dünyanın gələcək nizamının hansı prinsiplər üzərində qurulacağını müəyyən edən əsas amillərdən birinə çevrilmişdir. Bu qarşıdurma yalnız iqtisadi deyil, eyni zamanda ideoloji və strateji sferalarda da özünü göstərməkdədir.
Bu mürəkkəb mənzərə fonunda dövlətlər ənənəvi beynəlxalq təşkilatların (BMT, ATƏT və s.) zəif təsiri səbəbilə daha çox regional ittifaqlara və ikitərəfli strateji münasibətlərə üstünlük verməyə başlayıblar. Belə modellər daha çevik qərarvermə və qarşılıqlı maraqlara əsaslanaraq qlobal çağırışlara daha effektiv cavab verir.
Azərbaycanın geosiyasi mövqeyi: Sabitlik və əməkdaşliq platforması
Azərbaycan bu mürəkkəb və dəyişkən qlobal konfiqurasiyada sabitlik və ədalətin tərəfdarı kimi çıxış edir. Ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan regionda və beynəlxalq miqyasda təşəbbüskar mövqe tutmağa başlamışdır. 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlar fonunda Azərbaycan balanslı və çoxşaxəli xarici siyasət kursu həyata keçirir. Coğrafi mövqeyi, zəngin enerji ehtiyatları və nəqliyyat dəhlizlərindəki rolu ilə Azərbaycan Cənubi Qafqazda strateji mərkəzə çevrilmişdir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və Cənub Qaz Dəhlizi kimi enerji layihələri təkcə Azərbaycanın iqtisadi inkişafına deyil, Avropanın enerji təhlükəsizliyinə də ciddi töhfə verir. Eyni zamanda Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizləri Azərbaycanın Avrasiya ticarət və logistika xəritəsindəki əhəmiyyətini artırır. Bu infrastruktur layihələri ölkəni yalnız enerji və ticarət deyil, həm də siyasi baxımdan vacib aktora çevirir.
Regional ittifaqların artan rolu və Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı
Yeni dünya düzənində yüksələn modellərdən biri də regional ittifaqlardır. Qlobal səviyyədə geosiyasi qeyri-müəyyənlik fonunda, ölkələr sabitliyin və ədalətin təminində qlobal platformalardan çox regional əməkdaşlıq formatlarına üstünlük verirlər. Bu əməkdaşlıqlar hərbi, iqtisadi, texnoloji və humanitar sahələri əhatə etməklə daha davamlı nəticələr verir. Bu baxımdan, Azərbaycan və Türkiyə arasında qurulan strateji ittifaq təkcə iki dövlət arasında qardaşlıq əlaqələrinin deyil, həm də regional sabitliyin təməl sütunlarından biri kimi qiymətləndirilir. İki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi və mütəmadi yüksək səviyyəli görüşlər bu əməkdaşlığın institusional və geosiyasi əsaslarını gücləndirmişdir.
2025-ci il iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılması da bu strateji tərəfdaşlığın parlaq təzahürüdür. 2023-cü ildə baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycanın dərhal yardım göstərməsi, səhra hospitalları qurması və axtarış-xilasetmə dəstələri göndərməsi bu münasibətlərin dərinliyini ortaya qoydu. Açılışda Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı isə bu humanitar jestin eyni zamanda geosiyasi həmrəylik mesajı olduğunu göstərdi. Prezident İlham Əliyevin “Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq” bəyanatı, müasir dünyada etibarlı tərəfdaşlığın və regional həmrəyliyin nə qədər vacib olduğunu açıq şəkildə ifadə edir.
Bütün bu faktlar göstərir ki, çağdaş beynəlxalq münasibətlər sistemində Azərbaycanın geosiyasi fəallığı və strateji tərəfdaşlıqları onun nüfuzlu, sabit və etibarlı dövlət kimi mövqeyini daha da möhkəmləndirir.
Qloballaşan dünyada geosiyasi qeyri-sabitliklər, güc mərkəzləri arasında rəqabət, informasiya müharibələri və iqtisadi təhdidlər beynəlxalq sistemin sabitliyini pozur. Bu şəraitdə Azərbaycan balanslı və uzaqgörən siyasəti ilə seçilərək həm regionda, həm də beynəlxalq miqyasda nüfuzlu və etibarlı tərəfdaş kimi formalaşır.
Azərbaycanın həyata keçirdiyi enerji, logistika, təhlükəsizlik və humanitar təşəbbüslər yalnız milli maraqlara deyil, eyni zamanda regional və qlobal sabitliyə xidmət edir. Dövlətin xarici siyasət fəlsəfəsi – beynəlxalq hüquqa əsaslanan sülh, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri – yeni dünya düzənində Azərbaycanın möhkəm və təsirli yerini müəyyən edir.
İmdad BAYRAMOV,
PSİXOLOGİYA ELMLƏRİ DOKTORU