Prezident İlham Əliyev R.Ç.Nəcəfin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilib.

O, bu vəzifəyə təyin olunanadək  Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışıb.

Qeyd edək ki, Rövşən Nəcəf 9 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib. 2007–2008-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlayıb. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

O, 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində çalışıb.

2003–2007-ci illərdə  Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.

2008–2009-cu illərdə SOCAR-ın (ARDNŞ) Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.

2009–2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi olub.

2010–2018-ci illərdə  "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.

2018-ci il mayın 11-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.

2019-cu il  avqustunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.

2020-ci ildə  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini təyin edilib.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, "AzerGold" QSC- də və "Təmiz Şəhər" ASC-də Müşahidə Şurasının sədridir.

2021-ci il 24 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini, 2022-ci il 10 fevral tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, Prezidentin bu günkü Sərəncamı ilə R.Ç.Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunub.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN