“...Arif Heydərov Heydər Əliyevin ən yaxın dostu və tutmuş olduğu yüksək vəzifələrdə onun silahdaşı olmuşdur”

“Azərbaycan xalqının zəngin tarixi, keçmişi və dəyərli şəxsiyyətləri var. Bu şəxsiyyətlərdən biri də Azərbaycan xalqının generalı, unudulmaz Arif Heydərovdur. Onun xatirəsi bizim qəlbimizdə və gələcək nəsillərin qəlbində əbədi yaşayacaqdır”.

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri

“Arif Nəzər oğlu, onun kimi də Azərbaycan çekistlərinin böyük bir nəsli əllinci-altmışıncı illərdə Heydər Əliyevin məktəbini keçmişdi, rəhbər nəinki onların şəxsi, əməli, peşə qabiliyyətlərinə, həm də çekistlərin dönməzliyinə, təmizliyinə, əxlaqına və öz xalqına sədaqətinə yaxşı bələd idi”.

General-leytenant

Ziya Yusifzadə

***

“Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyi İdarə Heyətinin sədri, polkovnik Şamil Süleymanovun təşəbbüsü ilə iyun ayının sonunda xalqımızın fədakar oğlu, dövlət xadimi general-leytenant Arif Nəzər oğlu Heydərovun anadan olmasının 95 illik yubileyi qeyd olunarkən qərara alındı ki, onun həyat və xidmət yolu haqqında kitab tərtib olunsun. Kitabın hazırlanması üçün müəlliflər qrupu yaradıldı və hazırda materialların bir araya gətirilməsi üzrə iş aparılır. Qısa müddət ərzində xeyli material toplandığını nəzərə alaraq, kitab nəşr olunana qədər bunların hissə-hissə KİV-də çap olunmaqla dəyərli oxucularımıza çatdırılmasını məqsədəuyğun saydıq.

***

...Tarixi olduğu kimi yazmaq şərəflidir, yalnız bu halda, doğruya istinadən qələmə alınmış əsərlər, sənət nümunələri sayəsində qəhrəmanlar ilə yanaşı müəlliflər də yaşayır, böyük oxucu auditoriyasının, hətta el-obanın, xalqın, millətin sevimlisinə çevrilirlər. 

Hazırda diqqətinizə təqdim olunan bu kitabın tərtib olunması zərurəti Arif Heydərovun anadan olmasının 95-ci ildönümünə dövlət təhlükəsizliyi orqanlarının veteranları adından töhfə vermək istəyindən yaranmışdır. Kitabda Şamil Süleymanov başda olmaqla, Arif Heydərov haqqında dövlət təhlükəsizliyi və daxili işlər orqanlarının veteranlarının xatirələri, mülahizələri əks olunacaq, generalın bənzərsiz həyat hekayəsinin hamıya məlum və burada ilk dəfə açıqlanacaq məqamları geniş oxucu auditoriyasına təqdim ediləcək.

Uzun illər dövlət təhlükəsizliyi orqanlarında, o cümlədən xüsusi təhsil-tədris sahəsində çalışmış müəlliflər belə kitabların gənc nəslin təlim-tərbiyəsində vəsait rolu oynaya biləcəyi qənaətindədirlər.

*** 

...28 iyun sabiq Daxili işlər naziri, Ulu öndər Heydər Əliyevin ən yaxın dostu və silahdaşı, general-leytenant Arif Heydərovun doğum günüdür. 95 il öncə dünyaya göz açmış Arif Heydərov ömrünün 52-ci ilində namərd gülləsinə tuş gələrək xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. 

“Xalqın qəlbində yaşayan Arif Heydərov” adlı (27.06.2019, hafta.az, müəllif: təqaüddə olan polis polkovnik-leytenantı Şirin Məmmədli) məqalədəki bəzi məqamlara diqqət yetirək: “Arif Heydərov öz xalqına, ölkəsinə şərəflə xidmət edib. Bilavasitə asayişin yüksək səviyyədə qorunmasını təşkil etmiş, 1930-1960-cı illərin sovet sisteminin zorakılıq, kobudluq yolunu keçmiş polis sistemini yenidən xalqı, Vətəni sevmək ruhunda tərbiyə etməklə polisin xalqa münasibətdə yeni mədəniyyətini formalaşdırmışdır...

...Arif Heydərov öz xarakter və davranışı ilə də hamının sevimlisi, dostu, yaxını olmuşdur...

...Arif Heydərov Heydər Əliyevin ən yaxın dostu və tutmuş olduğu yüksək vəzifələrdə onun silahdaşı olmuşdur. Ulu öndər Heydər Əliyev ona həddindən çox inanmış və etibar etmişdir...

...Arif Heydərov mühüm tədbirlərin keçirilməsinin təşəbbüskarı olmuş, Ulu öndər Heydər Əliyev onun təşəbbüslərini həmişə dəstəkləmiş, köməklik etmiş və onların həyata keçirilməsi üçün lazımi tədbirlər görmüşdür...

...Sovetlər rejiminın qadağalarına, milli kimliyi unutdurmağa köklənmiş siyasətinə baş əyməyən  Arif Heydərovun böyük milli düşüncə sahibi olması, onu xalqının adət-ənənəsinə, mədəniyyətinə, musiqisinə də bağlayırdı...”.

 Şirin Məmmədlinin qələmə aldığı, mərhum şair-publisist Qələndər Xaçınçaylının redaktorluğu ilə çap olunmuş “General” poeması general-leytenant Arif Nəzər oğlu Heydərovun keçdiyi ömür yolu haqqında çox qiymətli bədii sənət nümunəsidir. “Ön söz” filologiya elmləri doktoru Vaqif Yusifliyə aiddir, akademik, millət vəkili, “Atatürk” Mərkəzinin rəhbəri Nizami Cəfərov, millət vəkili, tanınmış yazıçı Aqil Abbas, BDU-nun kafedra müdri, professor, əməkdar müəllim Abbas Abbasov və filologiya elmləri doktoru Əliağa Cəfərov kitaba rəy yazmışlar.

Əməkdar jurnalist İradə Əliyevanın (az.press.az saytı) Arif Heydərovun anadan olmasının 92-ci ildönümü münasibətilə qələmə aldığı məqaləsindən bir sıra maraqlı epizodları qeyd etməyi vacib sayırıq: “Hər bir xalqın tarixində onun təhlükəsizliyini təmin edən, qanunun aliliyini qoruyan, ictimai asayişin keşiyində dayanan insanların özünəməxsus yeri var. Onların içərisində elələri var ki, bütün qəlbini bəxş etdiyi, varlığı ilə bağlandığı, amalı, əqidəsi uğrunda həyatını qurban verib, vəzifə borcunu yerinə yetirərkən həlak olub. Azərbaycanın belə mərd oğullarının heç birinin qədir-qiymətini, dəyərini azaltmadan qeyd edək ki, onların sırasında görkəmli dövlət xadimi, daxili xidmət general-leytenantı Arif Nəzər oğlu Heydərovun öz yeri var...

...Heydərovlar nəsli Zəngəzur dağlarının qoynundakı Qubadlının Gürcülü kəndindəndir... Nəzər Heydərov rəhbər vəzifələrə sıravi fəhləlikdən yüksəlmişdi. 1949-1954-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri və SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifələrində çalışmışdı. Həmin dövrdə Nəzər Heydərovun ikinci və üçüncü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilməsi, “Lenin”, “Qırmızı Bayraq” və “Qırmızı Əmək Bayrağı” kimi ordenlərə layiq görülməsi onun öz zəmanəsində nüfuzlu, hörmətli, sayılıb-seçilən insanlardan olduğundan xəbər verir...

...Arif Heydərov heç zaman öz ata-babasının şan-şöhrətinə sığınmamış, ailəsinin nüfuzundan, cəmiyyətdəki mövqeyindən sui-istifadə etməyi ağlına belə gətirməmişdi. Sadəcə olaraq həyat yollarında qanından-genindən, aldığı tərbiyədən, bilik və bacarığından qaynaqlanan keyfiyyətlərlə irəliləmişdi... Maraqlıdır ki, Arif Heydərov da atası kimi əmək fəaliyyətinə neft mədənində başlamış, Əzizbəyov adına neft trestində çilingər işləmişdi. 1941-1945-ci illər müharibəsi başlayanda Arif Heydərovun cəmi 15 yaşı olub. İki il sonra, yəni 1943-cü ildə Moskvaya, DTK məktəbinə oxumağa göndərilib. Nümunəvi kursant 1944-cü ildə həmin məktəbi bitirərək zabit rütbəsi alıb. Sonra könüllü olaraq dərhal cəbhəyə yola düşüb...

...O zaman bacarıqlı kəşfiyyatçı Moskva məktəbini keçdiyindən öz bilik və səriştəsi ilə çox fərqlənirdi. Müharibəyə Polşa ərazisində - Birinci Ukrayna Cəbhəsinin tərkibindəki əməliyyat qrupunun üzvü kimi qoşulmuşdu. Qələbəyədək burada döyüşüb. Reyxstaqda imzasını qoyub və 1945-ci il mayın 9-dan 1946-cı il sentyabrın 15-dək Almaniyadakı sovet hərbi kontingentinin Leypsiq dairə şöbəsində operativ əməliyyat qrupunun əməkdaşı olub... 1947-ci ilə qədər Arif Heydərov yenə də Şərqi Almaniya Dövlət Təhlükəsizliyi Nazirliyi aparatının Saksoniya əyalətindəki əməliyyat bölməsində çalışır. 1947-ci ildə Vətənə qayıdır. Həmin vaxtdan başlayaraq 20 il dövlət təhlükəsizliyi orqanlarında müxtəlif rəhbər vəzifələrdə işləyir...

...Arif Heydərov tale tərəfindən ona ayrılmış 52 illik ömrünün yarısını məhz kəşfiyyat işinə həsr etdi...

İxtisasca tarixçi idi. Tarixi, o cümlədən öz xalqının tarixini gözəl bilirdi. Azərbaycanı əsl övlad məhəbbəti, vətəndaş qeyrəti ilə sevirdi. Sovet dönəmində ermənilərin azərbaycanlılarla “dost” olduğu addımbaşı təlqin edilsə də, Arif Heydərov xalqının dostlarını da, düşmənlərini də yaxşı tanıyırdı. Müasirləri danışırlar ki, ötən əsrin 70-ci illərində Ermənistanın İcevan rayonunda müşavirə keçirilir. Tədbirin ziyafət hissəsini İcevan rayon partiya komitəsinin sinəsində deputat nişanı gəzdirən birinci katibi idarə edirdi. Bu həmin vaxt idi ki, ermənilər Yerevan şəhərinin 1750 illik yubileyini təntənəli surətdə qeyd etməyə hazırlaşırdılar. Qısası, cavan katib sağlıq deyir və sözünün canı bu olur ki, Cənubi Qafqazda ən qədim şəhər Yerevandır, ən bacarıqlı və vətənpərvər insanlar isə ermənilərdir. Natiq dostluq şərəfinə badə qaldırmağı təklif edir. Bu zaman general Heydərov badəsini yerə qoyur və deyir ki, mən sizin dediyiniz sağlığa içməyəcəyəm. Çünki siz tarixi yaxşı bilmirsiniz. İş burasındadır ki, bu yaxınlarda biz Bakının 10 min illiyini qeyd edəcəyik. Erməni katib tarixçi olduğunu söyləyir, Heydərov isə rişxəndlə gülərək deyir: “Biz də sizin kimi bir daşın üzərinə tarix yazıb Xəzər dənizinə tullamışıq, bu yaxınlarda çıxarıb yeni bir tarix icad edəcəyik”. Ziyafətdə iştirak edən Ermənistan, eləcə də Gürcüstan nümayəndələri azərbaycanlı nazirə təsir edə bilmirlər və erməni katib ondan dönə-dönə üzr istəyir...

...Ulu öndər Heydər Əliyev və Arif Heydərov dostluğunun bünövrəsində də onların hər ikisinə məxsus olan yüksək insani keyfiyyətlər dururdu. Bu barədə Ulu öndər belə demişdir: “Mən Arif Heydərovla 1950-ci ildə Azərbaycana, Bakıya işə gələndən sonra tanış oldum. Bizim tanışlığımız qısa bir müddətdə yaxınlığa çevrildi. O zamanlardan Arif Heydərovun həyatının son dəqiqələrinə qədər onunla həm iş sahəsində sıx əlaqəm olub, eyni zamanda şəxsi dostluğum olubdur. Bunun da əsası var. Əsası da ondan ibarətdir ki, mən yalnız öz xasiyyətimə uyğun olan adamla şəxsi münasibət saxlaya bilərəm. Arif Heydərovun mənəvi dəyərləri, mənəviyyatı hər şeydən üstün tutması, sadəliyi, işgüzarlığı, öz üzərində daim çalışması, özünü təkmilləşdirməsi, işə sağlam münasibəti, sağlam əxlaqı - bunların hamısı birlikdə mənim tələblərimə uyğun olduğuna görə mənimlə onun arasında şəxsi münasibətlər yaranmışdı...”.

***

 “General Sviqun. Xüsusi xronikalar” (Qeneral Üviqun. Çastnıe xroniki) elektron portalında (müəllif: S.Sviqunun nəvəsi Violetta Niçkova) Arif Heydərov ilə bağlı maraqlı materiallar və fotoşəkillər yerləşdirilmişdir. Onlardan bir qismini general Arif Heydərovun portretinin cizgilərini əks etdirdiyinə görə oxucuların diqqətinə təqdim etməyi özümüzə borc bildik. S.Sviqunun nəvəsi Violetta Niçkova: “Babamla Heydərov 1963-1967-ci illərdə S.Sviqun Azərbaycan SSR DTK-ya rəhbərlik etdiyi dövrdə tanış olmuşdular və Arif Heydərovun həlak olmasını babam və nənəm (Roza Mixaylovna) şəxsi faciələri kimi qəbul edirdilər”.

Ən çətin və gərgin sahələrdə çalışmasına baxmayaraq Arif Heydərov bütün vəzifələrdə və xidməti mövqelərdə böyük hərflə İnsan olaraq qalmağı bacarırdı.

...1969-cu ilin aprel ayının 28-də SSRİ-nin Ankaradakı səfirliyinin yanından keçənlər qeyri-ixtiyari addımlarını yavaşıdırdılar. İnsanlar anlaya bilmirdilər: səfirliyin üzərində bir qırmızı bayrağın yerinə əlavə aşağı hissəsində mavi zolaq olan ikinci bayraq dalğalanırdı. Bu Azərbaycan SSR-nin bayrağı idi. Bu məsələni hamıdan xəbərsiz həyata keçirən Arif Heydərov insidentin yoluna qoyulması üçün Türkiyə XİN-ə özü getdi. Adamları inandırmaq kimi xüsusi istedada malik Arif Heydərovun problemi çözəcəyinə heç kimdə şübhə yox idi...

Arif Heydərov haqqında onun 70 illik və sonra 80 illik münasibətilə təkrar çapdan çıxmış “General Arif Heydərov” kitabının təşəbbüsçüləri, tərtibçilərinə böyük minnətdarlıq hissi ilə orada əks olunmuş yazılardan çıxarışları da oxucularımıza təqdim edirik:

Arif Heydərovun həyat yoldaşı Ədilə Heydərova - Qasımovanın “Həyatımızın Arifli çağları” yazısından: “...Arif təkcə bizim ailəyə məxsus deyil, Azərbaycan xalqının oğludur... Arifin doğma qardaşı kimi sevdiyi Ulu öndər Heydər Əliyev onun həyat yolunda, inkişafında müstəsna rol oynamışdır... O zaman SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasının rəisi general-polkovnik S.M.Krılov onu zəka titanı adlandırmışdı...”

General-leytenant Ziya Yusifzadə Arif Heydərovu belə xarakterizə edirdi: “...O, anadan çekist doğulmuşdu... Peşəkar kəşfiyyatçı Arif Nəzər oğlu analitik zəkaya, hərtərəfli, dərin biliyə malik idi, hər cür mürəkkəb, dəyişkən siyasi və operativ şəraitdə düzgün istiqamət götürməyi, ən ağlabatan qərar qəbul etməyi bacarırdı və bunun sayəsində hər hansı kəşfiyyat işinin uğurla başa çatdırılmasına müvəffəq olurdu... Peşəkar kəşfiyyatçı üçün zəruri olan bu və ya digər keyfiyyətlər: təmkinlilik; dərin mühakimə yürütmək qabiliyyəti; dörd dil bilməsi - tez-tez məsul əməliyyatlar üçün ezam edildiyi xarici ölkələrdə, xüsusi şəraitlərdə mürəkkəb vəziyyətlərdən çıxmaqda onun imdadına çatırdı... Arif Nəzər oğlu şəxsiyyətində paklıq və nəciblik, xeyirxahlıq və nurlu sifət ehtiva olunmuşdu... Kəşfiyyatçı peşəsini gənc çekistlərə təlqin edərkən Arif Nəzər oğlu bu sözləri təkrar etməyi xoşlayırdı: “Kəşfiyyatçı çox incə, məsul, həm də hər zaman siyasi bir işdir. Gərək məhz hər məqamda müqabil tərəfin niyyətini dəqiq müəyyən edəsən və yalnız bundan sonra hansı əks tədbir lazım olduğunu müəyyənləşdirəsən”... Arif Nəzər oğlu, onun kimi də Azərbaycan çekistlərinin böyük bir nəsli əllinci-altmışıncı illərdə Heydər Əliyevin məktəbini keçmişdi, rəhbər nəinki onların şəxsi, əməli, peşə qabiliyyətlərinə, həm də çekistlərin dönməzliyinə, təmizliyinə, əxlaqına və öz xalqına sədaqətinə yaxşı bələd idi...”

Sabiq Daxili İşlər naziri Cəfər Vəliyevin “Möhkəm əqidə” yazısından: “...Düzlüyü, ədaləti özünün həyat məramı sayırdı..”.

Ehtiyatda olan daxili xidmət polkovniki Əzim Piryevin “Şirin və kövrək xatirələr” yazısından: “...Arif Heydərov elə bir ideal şəxsiyyətdir ki, onun həyatı, fəaliyyəti, keçdiyi şərəfli yol, daxili aləmi geniş təhlil edilməli, ətraflı tədqiq olunmalıdır, gənc nəslə, xüsusilə Daxili İşlər Nazirliyinin gənc polis işçiləri və dinləyiciləri üçün tədris vəsaitinə çevrilməlidir...”

Polis polkovniki Fətulla Hüseynovun “Nazirimiz, iftixarımız” yazısından: “...General  Arif Heydərov Azərbaycan daxili işlər orqanları tarixində görkəmli, mən deyərdim ki, ən görkəmli bir şəxsiyyətdir...”

Polkovnik Maqsud Məmmədovun “Dostum haqqında xatirələr” yazısından: “...O, insanlıq, saflıq nümunəsi idi...”

Daxili xidmət polkovniki Məmməd Yaqubovun “Onunla işləmək tərbiyə məktəbi idi” yazısından: “...Arif Nəzər oğlu ilə işləmək əsl tərbiyə məktəbi idi...”

Ehtiyatda olan polkovnik İslah Paşayevin “Tarixi şəxsiyyət” yazısından: “...Arif Heydərovun nazir təyin edilməsi Azərbaycan xalqı üçün, daxili işlər orqanları üçün bir xoşbəxtlik idi...”

DİN Veteranlar Şurasının sədri Ələsgər Ələsgərovun “Qəlbi nurlu insan” yazısından: “...Bütün müsbət keyfiyyətləri ilə fərqlənən, igid, xeyirxah, vətənpərvər Arif Heydərov onunla işləyənlərin hamısı üçün nur saçan bir şəxsiyyət olub və olacaq...”

“Arif Heydərov: Milis tarixindən sətirlər” yazısından: “...İşimizin müvəffəqiyyəti üçün ən çox geniş xalq kütləsinə, fəal ictimaiyyətçilərə minnətdarıq... Yalnız əhali ilə sıx əlaqə saxlamaqla cinayətlərin profilaktikası sahəsində müvəffəqiyyətlə iş aparmaq olar....”

Polis podpolkovniki Elbrus Şahmarın “Yalçın qayalar kimi” yazısından: “...İlk baxışda ipək kimi görünən nazir prinsipial məqamlarda özünün dönməzliyi, şəxsi mövqeyi, sərkərdə istedadıyla məşhurdu...”

 “İzvestiya” qəzetinin Türkiyədəki sabiq xüsusi müxbiri Azad Şərifin “Abidə önündə oyanmış xatirələr” yazısından: “...Arif Heydərov Türkiyənin yüksək rütbəli polis məmurları və təhlükəsizlik xidməti işçiləri ilə necə ləyaqətlə davranır, tez dil tapırdı. Onlar konsula böyük hörmət bəsləyirdilər...”

Cəmil Əlibəyovun “Əsl insan” yazısından: “...Heydər Əliyevlə müxtəlif təntənəli məqamlarda iştirak etmişəm. Heç yerdə mən onu kənd adamları arasında olduğu kimi şən görməmişəm... Arif Heydərovun özünün də belə görüşlərdən - sadə adamlarla söhbətlərdən necə xoşlandığının az şahidi olmamışam... Bəlkə də iki böyük şəxsiyyətin dostluğunun humanist ruhunun təməli idi bu...”

Ehtiyatda olan polkovnuk Rövşən Abdullayev: “Əmək fəaliyyətinə neft mədənlərindən başlayaraq DTK-ya, diplomatik xidmətə, bunun ardınca DİN rəhbərliyinə gəlmiş Arif Heydərov bu nailiyyətlərinə görə atasının verdiyi tərbiyəyə, qiymətli ömrünün 25 ildən artıq bir müddətini həmin orqanlarda xidmətə həsr etdiyi böyük həyat akademiyası olan DTK-ya, istedadına, biliyinə və qabiliyyətinə arxalanırdı. Ən başlıca məqamlardan biri də budur ki, təhlükəsizlik sistemində çalışan Arif Heydərovu xalqımızın müdrik rəhbəri, Heydər Əliyev Daxili İşlər Nazirliyinə tövsiyə edəndə çox uzaqgörən addım atmışdı. Həmin dövrdə o, SSRİ daxili işlər nazirləri arasında ən hörmətli, ən gənc və ən yüksək rütbəli rəhbər idi. Dövlət Təhlükəsizliyi orqanlarında uzun müddət çalışmış və məsul vəzifələr tutmuş atam polkovnik Müslüm Abdullayev onun haqqında söhbətlərində ən gözəl ifadələri işlədirdi. Peşəkar əməkdaş, güclü əməliyyatçı, gözəl qəlbli insan kimi Arif Heydərovun adı həm DTK-da, həm də DİN-də həmişə hörmətlə yad olunurdu. İndi də Arif Heydərovun adı hörmət və izzətlə xatırlanır”.

***

“Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyi İdarə Heyətinin sədri,  polkovnik Şamil Süleymanovun Arif Heydərov haqqında çoxlu xatirələri var. Onları və digər veteranlarımızın fikirlərini, mülahizələrini, kitabımızda oxuyacaqsınız.

İndi isə Arif Heydərovun Türkiyədəki fəaliyyəti dövrünə aid maraqlı bir epizodu vurğulayırıq: “Xanlar Səlimxanov 1969-73-cü illərdə Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsinin “Nefteximpromeksport” Ümumittifaq Birliyinin sənaye məsələləri üzrə müşavirinin aparatında işləyirdi. İki obyektin kuratoru idi - İzmir neft nəqli zavodu və İstanbul yaxınlığıdakı Bandırma şəhərindəki kükürd zavodu. Bandırmada sovet mütəxəssislərinin rəhbəri Skoriçenko Anatoli Vasikyeviç idi. İndi hamıya məlum Vladimir Volfoviç Jirinovski onun yanında tərcüməçi idi. Səlimxanovun sözlərinə görə, 1969-cu ilin payızında, oktyabr ayında Arif Heydərov türklərin Jirinovskini həbs etdiyini ona bildirmişdir. Jirinovski bir türkə üzərində Lenin, oraq və çəkic şəkli olan “Sovet sirki - 50 il” yazılı döş nişanı hədiyyə etməyə cəhd göstərmişdi. Arif Heydərov Səlimxanovla birlikdə onu xilas etməyə getmişlər. Arif Heydərov  türkcə təmiz bildiyinə görə özlərininki hesab edərək təkcə onu saxlanılan şəxslə görüşə buraxmışdılar. O, çox qorxmuşdu, ağlayırdı, onu xilas etmələri üçün yalvarırdı. Arif Heydərov  müstəntiqin suallarına necə cavab vermək lazım olduğu barədə Jirinovskini təlimtlandırmışdı. Türklər ondan hesabat istəyəndə bildirmişdi ki, sovet konsuludur və onlara hesabat verməməlidir. Jirinovskini sovet təbliğatına görə 15 il həbs gözləyirdi. Bu məsələ Türkiyədə çox ciddi idi. İkinci dəfə oraya gedəndə Arif Heydərov çoxlu rus arağı götürmüşdü. Hamını, o cümlədən şəhərin merini qonaq etmişdi. Bildirmişdi ki, bu Jirinovskiyə görə iki azərbaycanlı işini itirə bilər. O halda türklər Jirinovskini ölkədən qovmaqla kifayətlənmişdilər. Ədilə xanım onu Azərbaycan bozbaşına qonaq etmişdi. Sonralar İraqda Səddam Hüseyn dövründə rəsmi tədbirdə Səlimxanovla rastlaşan Jirinovski onu tanımışdı və demişdi: “O vaxtlar belə olub. Amma yenə də siz də türksünüz”.

***

Bu gün Bakıda Arif Heydərovun adına küçə və məktəb, Xəzər Dəniz Gəmiçiliyində tanker var. DİN-in hospitalı general-leytenant Arif Heydərovun adını daşıyır. Lakin onun adını əbədiləşdirən təkcə bu deyil. Vaxtilə çalışdığı sahələrdə onun çoxlu ardıcılları, yetirmələri var. Gəncliyində Arif Heydərov nümunəsi görmüş bir çox zabitlər indi özləri yüksək rütbələrə çatıblar və xalqa bu örnəyə uyğun olaraq xidmət edirlər.

Dəyərli oxucular, “Azərbaycanın fədakarlq məktəbi” silsiləsindən olan, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş “General Arif Heydərov” kitabını yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik.

General Arif Heydərovun xatirəsinə dərin hörmətlə, müəlliflər:

Şamil Süleymanov,

“Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyi İdarə Heyətinin sədri

Azər Hacıbəyli Səlimov,

Yazıçı-publisist, “Qızıl qələm” media mükafatı laureatı, “Azərbaycanın fədakarlq məktəbi” silsiləsinin ideya müəllifi, “Alyans”ın fəxri üzvü   

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN