Niyə jurnalistikamızın dələduzları barədə bu aksiomadan istifadə edilmir?

…Bu həftə artıq sayca 7-ci dələduzdur ki, jurnalistika  çətiri altında qanunsuzluğa yol verib həbs olunur. Ailəsi başsız qalır… Ağrılı haldır!

 Baş Prokurorluğun “Təzadlar”a verdiyi məlumatdan bəlli olur ki, ““Qaynarxətt.az”nın direktor müavini vəzifəsində işləyən Amid Aslanlı özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək iyunun 15-də “Dalğa” otelinin əməkdaşından 1000 manat məbləğində pul tələb etmiş, ondan 130 manat məbləğində pul almış, iyunun 17-də isə Sağlamlıq Mərkəzinin direktorundan hər ay üçün 2 min manat pul tələb etmiş, həmin pulu vermədikləri halda isə onlar haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlmişdir”.

Göründüyü kimi, adı çəkilən Aslanlı pul almağa yollandığı obyektdə özünü hüquq mühafizə orqanının əməkdaşı kimi təqdim edib, vəziyyəti gərginləşəndə isə adı bəlli saytda vəzifə tutduğunu deyib. Niyə? Çünki sabah jurnalist adı ilə Prezidentə müraciət ediləcək ki, onu əvf etsin!

İndi sual yaranır: dövlətimizin istintaq təcridxanasında bəllidir ki, cəlb edilənlər üçün gözəl şərait var: pulsuz yemək, istirahət, əyləncə, kitab oxumaq və s. Ən vacibi, arvad-uşağın “Evə ət, çörək, kartof-soğan al!” tələbindən təcrid olmaq! Və hər bir təqsirləndirilənin və ya məhbusun aylıq xərci, səhv etmirəmsə, dövlətə 450-600 manata başa gəlir. Doğrudanmı belələrinin həbsdən əvvəl islah olunma yolu, üsulu yoxdur? Məsələn, belə dələduzların sayt açmasının qarşısı niyə alınmır? Yaxud, sayt açandan sonra onlara niyə nəzarət mexanizmi yoxdur? Sanki hamı gözləyir ki, kimsə cinayət törətsin, sonra onu həbs etsinlər! Axı yanğının qarşısını almaq daha asandır, nəinki onu söndürmək!

 Bəli, Azərbaycanda media azadlığı var. Hətta çoban da sayt açıb “jurnalistlik” edə bilər. Amma bu jurnalistika kimlər üçündür? Niyə həmin o “çoban” qoyun-quzu otarmaq istəmir, amma jurnalistikaya asanca yol tapa bilir və bu meydanda nəinki at oynada, hətta atını dördnala çapa da bilir! Halbuki dövlətin belələrinə qarşı ənənəvi nəzarət mexanizmi var: sayt açan şəxsin kimliyini öyrənmək, sonradan isə lazım gələndə saytı bloklamaq! Azərbaycanda bu təcrübə ki yaxşı işləyir… Elə isə, gəlin, alovun qarşısını vaxtında alaq ki, sonradan onun külü ilə oynamağa lüzum qalmasın.

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN