Tanınmış kinorejissor Eldəniz Quliyev özünün facebook səhifəsində Xalq yazıçıları ANAR və Çingiz Abdullayevlə bağlı maraqlı status paylaşıb. Aşağıda təqdim edirik: Kim nə deyir desin...
Mən Anarı qınayanları qınayıram...
Mən Çingiz Abdullayevi təhqir edənləri də qınayıram...
Anar böyük yazıçıdır,- bu, faktdır. Anar kübar insandır, ağsaqqaldır və nəhayət, uzun illərdi ki, Azərbaycan Yazıçılar Birliyinin sədridir.
Əlbəttə, bu gün onu da, AYB-ın keçirdiyi qurultayı da tənqid eləmək, iradlar bildirmək olar. Və bu, normaldı. Amma...
...amma bu irad və nöqsanları əndazəni aşmadan, təhqirə, söyüşə, aşağılamağa yol vermədən etmək lazımdır. Ən əsası, irad bildirməyə, tənqid etməyə sənin mənəvi haqqın olmalıdır. Öz adını, soyadını səhvsiz yaza bilməyən, ömründə bir cüt-iki tək kitab oxumayan birisinin yüzlərlə kitab, ssenari, pyes və s. müəllifi olan SÖZ adamının, ziyalının üzərinə hücum çəkməsi, qeyri-etik və qeyri-normativ leksikondan istifadə edərək kəkələnməsi...
yolverilməzdi, ayıbdı, əttökəndi,
ürəkbulandırandı!..
Ən əsası,- RƏYin FAKT üzərinə inkar hücumudur!
Tənqidi buna haqqı olan etməlidi, iradı, ya nöqsanı, heç olmasa, SÖZü anlayan, ONU müqəddəs sayan yaradıcı adam bildirməlidir. Və bu da, səmimi,
obyektiv, eləcə də müəyyən etik çərçivə daxilində olmalıdır. Vacib, ya haqlı sandığın hər hansı bir məsələni ictimai rəyə çıxaranda, gərək və mütləq vicdanın senzurasından keçirəsən.
Bəli, AYB-ın qurultayı hamının ürəyincə olmadı. Bu haqda bir çox qələm əhli kimi, mən də yazmışam...
Bəli, seçkilər üçün daha demokratik və daha ədalətli şərait, daha geniş atmosfer yaradıla bilərdi...
Bəli, Azərbaycan Yazıçılar Birliyi yazıçıların birliyini təmin edə bilmir...
Bəli, yazıçıların əksəriyyəti ölkədə baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirməkdə xadimdən daha çox xədimdilər...
Bəli, fəxri adlar və təqaüdlərin verilməsində meyarlar bəzən müammalı qalır və şəffaflıq gözlənilmir...
Və sair və ilaxır...
Amma gəlin, əyri oturaq, düz danışaq; bzlərin bu sayaq xor kampaniyasını YAP seçkilərində, parlament, Prezident seçkilərində aparmağa, nəyəsə etiraz etməyə cürətimiz, hünərimiz çatdımı? Əlbəttə yox. Çoxlarımız ağzımıza su alıb qarqara eləmədikmi?! Demək, bir qədər yavaşımalı, bir qədər toxtamalı və hərdən-hərdən də güzgüyə baxmalıyıq...
AYB-ı, müvafiq olaraq, Anarı, yaxud Çingizi hədəfə almağa nə var ki!..
Yüzlərlə bərli- bəzəkli, hirsli-hikkəli postlar yazılıb ki, bəs, Çingiz Abdullayev jurnalist xanıma "niyə ölmürsən" deyib...Əlbəttə, mən də bu tərz deyilişi təqdir etmirəm. Hərçənd sual verən jurnalistin sual vermə mədəniyyəti, ritorik notları qabartması, sualın ittiham edici tonda verilməsi... Nəticədə, Çingiz Abdullayevin qeyri-adekvat cavabına tuş gəlməsi, şübhəsiz ki, gözlənilən idi...
"Salam" sözü dünyanın ən gözəl və ən saf kəlmələrindən biridi, düzdümü?Salamı elə ton-intonasiya ilə vermək olar ki, qarşındakı səni qucaqlayıb bağrına bassın. Habelə, salamı elə hikkəylə, elə nifrət və acıqla vermək olar ki, qarşındakı səni bıçaqlayıb öldürsün... (Nəticəni özünüz çıxarın).
Mən 40 ilə yaxındır ki, (əvvəl SSRİ, daha sonra Azərbaycan) Yazıçılar İttifaqının (Birliyinin) üzvüyəm. Bu illər ərzində Yazıçılar İttifaqının binasında cəmi dördcə dəfə olmuşam. Anarı da, Çingiz Abdullayevi də dəfələrlə tənqid etmişəm. Bu gün heç kəs məni kimə, ya kimlərəsə yarınmaqda ittiham edə bilməz, çünki bugünəcən İttifaqdan birçə dəfə də olsun şəxsi təmənna güdməmişəm. Yazıçılar İttifaqından kimsə, hətta 70 illik yubileyimdə belə, telefonla da olsa, təbrik eləmədi...
Bu gün yüzlərlə adamın (yazıçı və qeyri-yazıçı), "yrrey" deyərək, az qala göy gurultusunu xatırladan boş vedrə danqıldatma kampaniyası aparması başadüşülən və qətiyyən qəbul olunan deyil.
Düçünürəm, hətta buna əminəm ki, meydanda bu sayaq "topsuz hücumlar"- oynamağın yalnız bir səbəbi var:
Ortada ədəbiyyat yoxdu!
Dünya miqyasına çıxarılası əsil ədəbi nümunələr, dişə dəyiləsi poetik, möhtəşəm əsərlər yoxdur, vəssalam!..Kiçik istisnalar varsa da, məncə, bu, elə dediyim yoxluğun təsdiqidir.
P.s. Fitri istedaddan məhrum olan hay-küyçü yazı- pozu adamlarının çoxluğu isə, təbii şəkildə qeyd olunan yoxluğun həmqafiyyəsini yaradır!..
Eldəniz QULİYEV,
Kinorejissor 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN