..."Təzadlar"da səbrlə bağlı yazım dərc edilmişdi... 

Yazının məzmunu bu idi ki, Allah-Təala bəndələrinə həmişə səbrlə davranmağı tapşırıb. Lakin başına döndüyüm deməyib ki, Aşot torpağını işğal edəndə, yurd-yuvanı yağmalayanda, səni əsir götürəndə, işgəncə verəndə... də səbr elə! Allah kəssin belə səbri!
 Ustad Bəxtiyar Vahabzadə bu yazını oxuyub redaksiyaya zəng edərək ürəyindən tikan çıxartdığımı bildirdi... Dedim, Bəxtiyar müəllim, biz bir yazı ilə ürəyinizdəki o tikanı çıxarda bildik, amma neçə illərdir bu barədə yazırıq, bu köçkünlər o çadırdan çıxmır ki çıxmır... 

Ustad bu ətrafda xeyli söhbət etdi, ürəyindəkiləri bölüşdü.

***

Bir neçə gündən sonra "Yeni Müsavat" qəzetində şairin  "Səbr haqqında iki şeir" adlı iki şeiri dərc olunmuşdu. Girişində "Məsləkdaşım Asif Mərziliyə" yazmışdı... Zəng edib minnətdarlığımı bildirdim...

 Aradan iki gün keçdi, Bəxtiyar müəllim redaksiyaya bir neçə şeir göndərdi, qəzetin növbəti sayında dərc etdik. Bu Lissabon Sammitinin tənqidlə geniş müzakirə edildiyi bir vaxt idi. "Masa" adlı bir şeir də var idi. Məzmunu bu idi ki, döyüş meydanında söz deyə bilməyən sərkərdə masa arxasında nə deyə bilər ki!

 Aradan az vaxt ötmüşdü, Bəxtiyar müəllimgildə idim, mənə bu söhbəti danışdı: "...Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatının üç mərasimi idi. Başda Prezident Heydər Əliyev olmaqla, Elçin Əfəndiyevə başsağlığı vermək üçün evlərində toplaşmışdıq... Başsağlığı verildi, Heydər Əliyev İlyas Əfəndiyevin böyük və istedadlı yazıçı olması haqqında maraqlı hadisələr danışdı, xatirəsi yad olundu... Məclisi tərk etmək anında hamı bir-bir çıxmağa başladı, mən də ayağa duranda Heydər Əliyev məni səslədi ki, "Bəxtiyar, sən dayan...".  Hamı otaqdan çıxdı, ikimiz qaldıq... Heydər Əliyev əvvəlcə əhvalımı soruşdu. Dedim, çox sağ olun, yaxşıyam... Sonra dayandı, bir də soruşdu ki, ayrı vəziyyətin necədir? Yenə dedim ki, yaxşıdır, yola verirəm... Və duruxdu, hiss edirdim ki, nəsə sözü var, amma mən susurdum... Təkrar soruşdu ki, yaradıcılığında vəziyyət necədir, təzə şeirlərin varmı, dərc olunurmu? Dedim, Heydər müəllim, var, amma hələki çapa verməmişəm... Elə bunu demişdim ki, üzümə baxdı: "Bəxtiyar, bəs o sənin qəzetində dərc etdirdiyin "Masa" şeiri nədir?". Hər şey aydın idi, özümü o yerə qoymadım, dedim, hə, redaktor Asif Mərzili məndən təzə şeirlər istədi, dedim, göndərirəm, amma üzərində bir az əl gəzdirməliyəm, gəlib son variantına baxaram... Heydər Əliyev mənalı-mənalı gülümsədi və "Bəxtiyar, onlar da səni gözləmədən dərc etdilər? Bu necə olur?",- deyərək əlavə etdi:
-Bəxtiyar, axı kim bilməsə də sən bu nankor ermənilərin xaricdə nə dayaqlara malik olduğunu bilirsən, dalana dirənmişik, bu qədər səy göstəririk, yollar axtarırıq... Elə şeylər var, xalqa deyə bilmirik. Qarabağın işğal edilmiş o ərazilərini gec-tez özümüzə qaytaracağıq... Amma müxalifət hər gün yazır, qoy danışsınlar, yazsınlar, bir gün onlar da əsl həqiqəti bilərlər... Amma heç olmasa sən xalqa həqiqəti deməsən də, bəzən həqiqət acı olur, sən bu xalqı çaşdırma... 

 Təbəssümlə üzümə baxdı, gördü ki, heç nə demirəm, gülümsəyərək: -Amma mən inanıram ki, o redaktor bir də səndən icazə almadan şeirlərini dərc etməyəcək,- deyib güldü...".

749120e3-6fd8-4863-8f15-c948b74d19c9

Hər iki böyük şəxsiyyətə Allah rəhmət eləsin!

Bəli, şükürlər olsun ki, Qarabağın işğal olunmuş əraziləri nəinki özümüzə qaytarıldı, indi həm də o dağılmış yurdlarımız bərpa edilir, insanlar doğma yurdlarına qayıdırlar...

Asif MƏRZİLİ 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN