...Bu yaxınlarda Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Azərbaycan  Dövlət Turizm Agentliyinin (DTA) kurasiyasına aid olan yerli turizm sektorunun inkişafı barədə araşdırma yazı hazırlamışdıq...

 Qaxın İlisu kəndi də daxil, Şamaxı, İsmayıllı, Oğuz və Şəki də daxil, bölgələrimizdəki turizm sektorundakı “ye-iç” menyu təkliflərinin nə dərəcədə turizmə aid olduğunu aydınlaşdırmışdıq. Adı “Ailəvi İstirahət Mərkəzi” olan obyektlərdə ailəvilikdən əsər-əlamət yox idi... Təkliflərlə tamamlanan bu yazını Dövlət Turizm Agentliyinin rəsmi saytına da göndərdik, amma cavab hələ də yoxdur. Niyə? “Niyə”sini indi deyəcəyik...

***

 Turizm-istirahətlilik deməkdir. Amma indi məlum olur ki, Dövlət Turizm Agentliyi Qarabağın xarabalıqlarına turist səfərləri təşkil etmək istəyir! Maraqlıdır, Prezident İlham Əliyev Qarabağa kütləvi qayıdışın təşkili üçün aidiyyəti dövlət qurumlarının və əhalimizin səfərbər olmasına hazırlıqların real anonsunu verib, ciddi hazırlıqlar gedir... Dövlət Turizm Agentliyi isə torpaq həsrətlilərin dərdi üzərindən pul qazanmaq istəyir... Bu artıq "kommersiya planı"nın tərkib hissəsidir. Bu gün isə bu barədə “Report” informasiya agentliyi saat 14:34-də qurumun elanını yayımlayıb. Lakin az keçmiş görünür, yuxarılardan təpki gəldiyindən həmin elanı dərhal siliblər. Həqiqətən də biabırçılıqdır. Qarabağdakı yurd-yuvasını 30 ildir tərk etmiş insanların qəlb yanğısı, göz yaşı üzərindən... pul qazanmaq nə dərəcədə halal bir işdir??? Girəvədirmi???  Hətta Dövlət Turizm Agentliyi "biletlərin ONLAYN və OFLAYN alınması məsələsi"ni də götür-qoy edib. Bu artıq turist səfəri yox, alverdir, insanların dərdindən pul qazanma həvəsi-ehtirasıdır! Həmkarımız Elşən Əliyev haqlı olaraq sual verir ki, “Doğurdanmı, dədə-baba yurdumuza səfəri bizə pulla satmaq fikrinə düşmüsünüz? Kimin ağlına gəlib adamların vətən həsrətindən qazanc götürmək ideyası? Əgər belə "səfərlər" mümkündürsə, Dövlət Turizm Agentliyinin alverinə nə ehtiyac var axı? İctimai əsaslarla, adamların könüllü ianəsi ilə, xeyriyyəçilərin dəstəyi ilə bu məsələ düzəlməzmi? Qoy Dövlət Turizm Agentliyi öz "kommersiya planı"na əcnəbiləri cəlb eləsin: əgər bacarırsa, əgər imkanı varsa... Ekstremal turzim - yaxşı gəlir mənbəyidir. TA BELƏ YOX DƏ...”. 

 Həqiqətən də bax belə! Ayıbdır… Dövlət başçısı var gücü ilə köçkünlərin yurduna necə qayıtmasının, Dövlət Turizm Agentliyinin başbilənləri isə bu girəvədə necə pul qazanmağın yollarını axtarır...

Asif Mərzili

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN