Xəbər verdiyimiz kimi, dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - İsrailin "Ronkino media group"un Marketinq direktoru Aleksandr Qur Arye, "Azİz"in informasiya saytının rəhbəri, siyasi şərhçi Yuriy Boçarov, "Luchsheye radio"nun üzvü, "Sputnik" qəzetinin baş redaktoru Mark Qorin, "Epoxa" regional qəzetinin baş redaktoru Lyudmila Karasova ilə görüş keçirilib. Dövlət Komitəsindən "Təzadlar"a bildirilib ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə onlara ətraflı məlumat verib. Qeyd olunub ki, Ermənistanın təcavüzkarlığı nəticəsində uzun illər öz yurdundan didərgin düşən bir milyona yaxın azərbaycanlının problemlərinin həllinə xüsusi diqqət göstərilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə məqsədyönlü iş aparılıb, onların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl tədbirlər görülüb. Bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir və məcburi köçkünlərdə dərin razılıq hissi doğurur. Erməni faşizmi ilə mübarizədə dost İsrail dövlətinin ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstək minnətdarlıqla xatırlanıb. Qonaqlara işğaldan azad edilmiş ərazilərin vəziyyəti, orada həyata keçirilən təhlükəsizlik tədbirləri, bərpa-quruculuq işləri barədə məlumat çatdırılıb. Qeyd olunub ki, dövlətimiz məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllülük əsasında və ləyaqətlə öz torpaqlarına qayıtması üçün məqsədyönlü tədbirləri davam etdirir. İsrailli jurnalistlər səmimi görüşə görə təşəkkür edib, ölkəmizin postmünaqişə dövründəki vəziyyəti ilə yaxından tanış olmaq üçün gəldiklərini, səfər çərçivəsində işğaldan azad edilmiş rayonlara gedəcəklərini, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına çalışacaqlarını bildiriblər. Görüşdə qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

*** 

"Təzadlar"ın yaxın dostu və oxucusu İsrailin "Sputnik" qəzetinin baş redaktoru Mark Qorin Bakıya gələn kimi "Təzadlar"ın baş redaktoru Asif Mərzili ilə əlaqə saxladı... İstəkli Mark Qorin 44 günlük müharibə dövründə bizimlə daim əlaqə saxlayıb, rəhbəri olduğu qəzetdə (yəhudi və rus dillərində) məlumatlar paylaşırdı... Cənab Qorin dünən redaksiyamızın qonağı olmalı idi. Lakin qrupun Qarabağ bölgəsinə səfərləri ilə bağlı bu görüş həftəsonuna planlaşdırıldı. Beləliklə, "Sputnik" qəzetinin baş redaktoru Mark Qorin və dostları "Təzadlar"ın qonağı olacaq. Geniş və maraqlı müsahibələrimiz, söhbətlərimiz olacaq, Azərbaycan və İsrail münasibətlərindən danışacağıq.

Onu da xatırladırıq ki, "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ilə də "Təzadlar"ın sız informasiya əməkdaşlığı vardır. Qəzetimizdə və saytımızda "Azİz"ın xəbər və məlumatları geniş yer almaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN