Xəbər verildiyi kimi, Azərbaycan Mətbuat Şurası jurnalistlərin vaksinasiyası üçün kampaniyaya qoşulub. Artıq Şurada ardıcıl olaraq jurnalistlərin vaksinasiyası həyata keçirilir.
Bəs kampaniya necə keçir? Şuranın sədr müavini, Jurnalistlərin Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərli belə bir açıqlama verib:
-70-ə yaxın redaksiyada çalışan 1000 nəfərə yaxın jurnalistə aprel ayından başlayan kampaniya çərçivəsində COVID-19 infeksiyası əleyhinə vaksin vurulub. Mətbuat Şurası ilə TƏBİB arasında əldə edilmiş razılığa əsasən, MŞ ofisində növbəsiz vaksin vurulmuş bu jurnalistlərin vəziyyətləri nəzarətdə saxlanılır, onların durumu ilə bağlı məlumatlar vaxtaşırı toplanılır. Vaksinin hər iki dozasını qəbul etmiş jurnalistlər arasında indiyədək COVID-19-a yoluxma halı qeydə alınmayıb. Yalnız birinci dozanı qəbul etmiş, amma ikinci dozanı almamış 2 nəfərdə yoluxma halı qeydə alınıb. Əldə edilən nəticə budur ki, vaksinləşmə pandemiyadan qorunmaq üçün ən yaxşı vasitələrdən biridir. Əlbəttə, digər şərtləri-sosial məsafəni gözləmək, insanların sıx toplaşdığı qruplara daxil olmamaq, qapalı məkanlara daxil olarkən tibbi maskadan istifadə etmək və sair amilləri nəzərə almaq da öz yerində.
 Səhiyyə nazirinin müavini Viktor Qasımov son zamanlar sosial şəbəkələrdə vaksinasiyanın koronavirusla mübarizədə effektsiz olması ilə bağlı səslənən fikirlərə münasibət bildirərək deyir ki, “Yoluxucu xəstəliklərlə mübarizədə ən effektiv üsul vaksinasiyadır. Bu, bütün dünyada elmi cəhətdən təsdiq olunmuş profilaktika üsuludur və təbabətin ən böyük nailiyyətlərindən biri hesab olunur. COVID-19-la mübarizədə də vaksinasiyanın ən vacib profilaktika üsulu olduğu artıq bütün dünyada sübut olunub. Bunun bəzi “ekspertlər” tərəfindən şübhə altına alınması təəccüb doğurur”. Jurnalistlərlə bağlı gətirdiyimiz nümunə Qasımovun söylədiyi faktın doğruluğunu sübut edir... Azərbaycanda COVID-19-a qarşı vaksinasiya kampaniyasına 18 yanvar 2021-ci il tarixində start verilib və Azərbaycan regionda vaksinasiya tədbirlərinə ən tez başlayan ölkələrdəndir. Prezident İlham Əliyevin beynəlxalq arenadakı şəxsi nüfuzu sayəsində müxtəlif vaksin istehsalçılarından kifayət qədər vaksin preparatları alınaraq ölkəyə gətirilib. Bu günə kimi Azərbaycanda 5,5 milyondan artıq vaksin dozası istifadə olunub. Bu baxımdan Azərbaycanda qonşu ölkələrlə müqayisədə yoluxma halı xeyli aşağıdır. Məsələn, qonşu Gürcüstanda gündəlik yoluxma sayı 6000-ə yaxınlaşır. Rusiya və İranda da əhalinin hər yüz nəfərinə düşən yoluxma sayı çox yüksəkdir. Azərbaycanda yoluxma halı görülən tədbirlərə, o cümlədən, vaksinləşməyə uyğun olaraq qonşularla müqayisədə çox aşağıdır. Son 2 həftə ərzində Azərbaycanda gündəlik yoluxma 10 dəfəyə yaxın artıb ki, bu da vaksin olunmayanlar və ya pandemiya şərtlərinə əməl etməyənlər hesabınadır... 
Təqdim etdi: A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN