Rusiyadan Azərbaycana gətirilən 12 ton toyuq dərisində patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən "RESURS-YUQ" MMC-nin istehsalı olan və "Azfood Company" MMC tərəfindən ölkəmizə idxal edilən ümumi çəkisi 19691 kq toyuq dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Qida Təhlükəsizliyi Agentliyinin faktı aşkarlanmasını alqışlayırıq.Ümumiyyətlə,agentlik yaradıldığı ilk gündən çox məhsuldar işləyir. Əhalinin sağlamlığına zərər gətirə biləcək ərzaqları aşkar edir və bu ərzaqların satış obyektlərinə ayaq açmasının qarşısını alır.  

Bununla yanaşı, bu mötəbər quruma bəzi iradlarımız  var və ümid edirik ki, agentlik ümumi işin xatirinə bu iradlarımızı nəzərə alıb, daha effektli tədbirlər görəcək.

Beləliklə:

Verilən məlumatların sonunda həmişə belə bir cümləyə rast gəlirik: faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.Amma heç bir açıqlama verilmir. Nədir bu müvafiq tədbirlər? Cəriməmi, müsadirəmi,həbsmi? Hansı tədbirin görüldüyü barədə niyə məlumat verilmir? Belə məlumatın verilməməsi o anlayışı gətirib çıxarır ki, agentlik əməkdaşları aşkar olunan ərzağı laboratoriya müayinəsindən sonra “möhürlədilər”, sahibini cərimələdilər və sonra da əl tutub, sağollaşıb çıxıb getdilər.Sonra nə olur? Malın sahibi də zay, xəstə ərzağı kiçik mağazalara, büdcə təşkilatlarındakı yeməkxanalara, kafe və restoranlara paylayır. Yəni bu istiqamətdə variantlar çoxdur.

İndi agentliyin tam obyektivliyinə inanmaq üçün qoy onlar yararsız ərzağı, onun məhv edilməsini lentə alsın və ictimaiyyətə təqdim etsinlər. Ərzağın məhv edilməsində mütləq ictimaiyyətin nümayəndələri də iştirak etməlidir. Belə olan təqdirdə, ölkəyə zay, yararsız, xəstə ərzağın gətirilməsinin qarşısı alınar.

Hələlik isə, bu cür xəstə toyuq məhsullarının olduğu məkanlardan birinin ünvanını agentliyə bildirək. 8 km (“vosmoy” bazarı) bazarında satılan toyuq məhsullarına heç mütəxəssislərin rəy verməsi də lazım deyil. Cürbəcür çeşiddə satılan bu məhsulara vizual baxanda belə iyrənirsən.

Sonda vətəndaşlara tövsiyyə edərdik ki, bu ərzaqları alanda diqqətli olsunlar,uyğunluq sertifikatını tələb etsinlər.

Şakir QURBANOV 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN