Abşeron rayon Polis Şöbəsinin müstəntiqi isə nədənsə dələduzların tərəfində durub...

Sumqayıt şəhər sakini, Qarabağ müharibəsi qazisi  Hüseynov Nizami Bəndalı oğlu Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazova ünvanlı şikayətinin bir surətini də “Təzadlar”a göndərib. Aşağıda təqdim edirik:

Çox hörmətli cənab nazir!

Sizə müraciət edən birinci Qarabağ Müharibəsi qazisi, Zəngilan rayonundan olan, hazırda Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 29/27, mənzil 9-da kirayədə yaşayan məcburi köçkün Hüseynov Nizami Bəndalı oğludur.

  Cənab nazir, Sizə şikayətim Abşeron rayonu  Polis Şöbəsinin müstəntiqi Ayaz Kazımovdandır. Belə ki, əvvəlcədən tanıdığım şəxslər tərəfindən aldadılaraq külli miqdarda pulum mənimsənilib. Heydərov Məsləhət Heydər oğlu və Şabanov Saməddin İmaməddin oğlunun barəsində CPM-nin 178,2.4 maddəsi üzrə cinayət işi açılıb, mən zərərçəkmiş kimi tanınmışam. Bununla belə, hələ də qənaətbəxş tədbir görülməyib. Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa dəfələrlə müraciətlər ünvanlamağıma baxmayaraq təəssüflər olsun ki, bu günədək heç bir müsbət nəticə yoxdur. Müstəntiq A. Kazımov artıq dördüncü dəfədir ki, cinayət işinin istintaqını əsassız olaraq dayandırır. Baş Prokurorluğa təkrarən etdiyim şikayətlərimdən sonra  iş yenidən başladılmaqla əleyhimə yönəldilmiş mövcud vəziyyət məkrli niyyətlə (!) süni şəkildə uzadılır. Çünki sözügedən əməkdaş ədalətin deyil, dələduzların tərəfində durur, bununla da Polis orqanlarının adına ləkə vurur. Əlavə olaraq xatırladım ki, CPM-nin 218-ci müddəalarında qeyd edildiyi kimi, ibtidai araşdırmanın müddətləri müvafiq qaydada və müddətdə icra edilməlidir. Lakin müstəntiq hər dəfə heç bir əsas olmadan icraatı dayandırır. Dələduzluq cinayətinin motivləri, maddi sübutlar, şahidlər, etiraflar və s. ortada olduğu halda, müstəntiq qəsdən vaxt udur, dələduzları himayə edir.

 Bildirirəm ki, vətənimizə ləyaqətlə xidmət edən bir Azərbaycan vətəndaşının hüquqlarının tapdanmasına izn verməyəcəyinizə sidqi-qəlbimlə inanıram. Problemlə bağlı müvafiq tədbir görülməsi üçün göstəriş verməyinizi artıq dərəcədə xahiş edirəm. Əminəm ki, bu absurd məsələ də şəxsən nəzarətinizdə- adil hökmlə bərqərar olacaq. Tək ümidim Sizədir.

Hörmətlə,

Zərərçəkmiş Nizami Hüseynov

Redaksiyadan: şikayət Daxili İşlər Nazirliyinə elektron qaydada göndərildi, nəticəsi barədə əlavə məlumat veriləcək.

Çapa hazırladı: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN