Ermənilərin müntəzəm təxribatları, demək olar ki, hər gün atəş açması çoxlu sayda suallar doğurur.

Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə atəşkəs rejiminin pozulması müşahidə olunur. O cümlədən, Rusiya sülhməramlılarının susması və Birgə Monitorinq Mərkəzinin fəaliyyətsizliyi müəyyən suallar doğurur. Maraqlıdır, nəyə görə Birgə Monitorinq Mərkəzi atəşkəs rejiminin pozulması barədə susur? Ümumiyyətlə, mərkəzin indiyə qədər gördüyü işlər barədə hesabat varmı?

Politoloq Qabil Hüseynli Axar.az saytında bu mövzuya toxunaraq  bildirib ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində görülən işlər yüksək səviyyədə təşkil olunub:

"Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı sualların yaranması normal hesab olunur. Ancaq başa düşmək lazımdır ki, burada Azərbaycan və Türkiyə nümayəndələri var. Bu fakt özlüyündə hər şeyin yaxşı olduğunu sübut edir.

Bütün hadisələr Mərkəz tərəfindən diqqətlə izlənilir. Türkiyə və Azərbaycan xüsusi dronlar vasitəsilə müəyyən məlumatlar alır və mütəmadi olaraq hesabatlar tərtib edirlər. Bu hesabatlar bilavasitə Türkiyə və Azərbaycanın ali rəhbərliyinə təqdim edilir.

Ola bilsin ki, bu məlumat onun məxfiliyinə, hərbi xarakterinə, həmçinin dövlətlərarası qarşılıqlı sazişlərə görə açıqlanmır".

Nə deyirik, qoy bu məlumatlar məxfi olsun. Amma erməni artıq Ağdamı atəşə tutur!  30 il mövqelərimizi daima atəşə tutan ermənilər yenə də öz işlərindədir və monitorinq-zad veclərinə deyil.  Bəs onlar Ağdam bölgəsindən rədd olub getmişdlər.

Xocavənd rayonunun inzibati ərazisinə aid edilən Qarakəndi yəqin ki, tanıyırısınız. Bu həmin Qarakənddir ki, 1991-ci il 20 noyabrında ermənilər oradan Ağdam rayonunun Mərzili kəndi ərazisində  Azərbaycan hərbi helikopterini vurmuşdular və nəticədə 22 nəfər həlak olmuşdu. Qəza nəticəsində  Azərbaycanın ən ləyaqətli insanları həlak olmuşdu.

 Dağın döşündə yerləşən Qarakənddə ermənilərin çox güclü silahlı dəstələri var. Onları nə Birinci Qarabağ müharibəsində, nə də 44 günlük müharibədə məhv etmədik. Hal-hazırda onlar var və elə monitorinq mərkəzinə də yaxındır. İndi sual doğurur: kim kimi daha yaxşı müşahidə edir. Bizim monitorinq mərkəzimiz yalnız hesabat hazırlayır, erməni isə daha da güclənir, yeni-yeni silahlarla təchiz edilir. Kəndin arxasında, dağı yarıb tünel tikiblər. Tüneldə isə isə tankları,qrad” qurğuları, raketləri var.

 Xatırladaq ki, Ağdamın,Füzulinin və  kəndlərinin işğal edilməsində bu kəndin müstəsna rolu olub. İndi Füzulidə,Ağdamda bərpa və quruculuq işləri görülür, Füzulidə Beynəlxalq aeroport belə tikildi. İndi erməni məqam gözləyir və daha böyük təxribatlara hazırlaşır.

Monitorinq mərkəzinin fəaliyyətinə gəldikdə isə, hesabat verməklə iş bitmir. Bir də ki, mərkəzdə rus hərbçilərinin olması düzgün deyil. Çünki, rus “sülhməramlılarının” qeyri-obyektiv davranışlarından, erməni silahlılarını yenidən Azərbaycan ərazilərində yerləşməsinə göz yummalarından, bəzi hallarda isə vasitəçilik etmələrindən belə bir nəticəyə gəlmək olar ki, monitorinq mərkəzindəki rus hərbçiləri də qeyri-obyektiv hərəkət edəcəklər.

 O zaman, bizə belə bir Birgə Monitorinq Mərkəzi lazımdırmı? Lazımdırsa, mərkəzdə özümüzün hərbi mütəxəssislərimiz olmalıdı.

Bütün bu qeydlərimizlə Mərkəzin işinə kölgə salmaq istəmirik. Sadəcə olaraq,fəaliyyətin faydalı olmasını istəyirik və inanırıq ki, tezliklə bu faydanın şahidi olacağıq və başını qaldıran ilanın başını birlikdə əzəcəyik.

Şakir QURBANOV



 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN