Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstinin dövlət başçısı Mahmud Abbasa məktub ünvanlayıb.

TEZADLAR.AZ Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, İlham Əliyev həm Fələstin prezidenti Mahmud Abbası, həm də Fələstin xalqını milli bayramları münasibətilə təbrik edib.

Məktubda deyilir:

Hörmətli cənab Prezident,

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Keçən il Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin təsis edilməsi ikitərəfli əlaqələrimizin inkişafı istiqamətində atılmış müsbət addım idi. Tərəfimizdən Fələstində məktəbin inşa edilməsi məsələsi də gündəlikdədir.

Biz Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümid edirik. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş və bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərməyə davam edəcəkdir.

İnanıram ki, ölkələrimiz arasında xoş ənənələrə malik dostluq əlaqələri və əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq diləyirəm.

Hörmətlə, 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 noyabr 2023-cü il.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN