Görkəmli dövlət və siyasi xadim «Təzadlar» qəzetinin və tezadlarTV-nin qonağı olacağına söz verdi…

...Səhv etmirəmsə, 1996-cı il idi. Həmin vaxtlarda «Təzadlar» qəzetinin sonuncu səhifəsində siyasi aforizmlər və yumoristik atmacalar və s. çap edərdik… Yazıların birində belə bir ifadə var idi: «Qiraət saatı: «Nizami Gəncəvinin «Kərpic Həsən kişinin dastanı…». İfa edir Xalq artisti Filankəs Bəhmənkəsov». Qəzet çapdan çıxıb, təxminən səhər saat 10:00  radələrində ustadımız Bəxtiyar Vahabzadədən redaksiyaya zəng gəldi.

-Salam, ay oğul, nə var, nə yox?! Probleminiz yoxdur?

Adəti üzrə Bəxtiyar müəllim belə soruşardı, mən də zarafatla deyərdim:

-Yox, Bəxtiyar müəllim… Nə problem?!» Biz ona-buna problem yaradırıq, bizə nə problem?!

Xeyli güldü və ardınca mətləbə keçdi:

-Ay oğul, bu gün Həsən Həsənovdan nə yazmısınız? Mənə zəng edib ki, Bəxtiyar, sənin qəzetində məndən yaman yazıblar, ölmüşəm gülməkdən…

Özümü bilməməzliyə vurdum:

-Yox, Bəxtiyar müəllim, siz nə danışırsınız, Həsən müəllim ağsaqqalımızdır, dəyərli insandır, yəni pis nəsə yaza bilmərik… Barmağımız qırılar onun əleyhinə nəsə yazsaq…

Bəxtiyar müəllim, duruxdu:

-Yaxşı, qoy özündən soruşum görüm nə məsələdir…

Az sonra Bəxtiyar müəllim təkrar zəng vurdu:

-Hə, ay oğul, deyir ki, onun adını «Kərpic Həsən kişi…» yazmısınız…

Yenə özümü bilməməzliyə vurdum:

-Bəxtiyar müəllim, bir dəqiqə telefonda gözləyə bilərsinizsə, qəzetə baxıb deyim…

Guya qəzetə baxıram və şıqqıltı yaradıb təkrarən izah verirəm:

-Hə, Bəxtiyar müəllim, burda bir hərif səhvi olub… Söhbət Nizami Gəncəvinin «Kərpic kəsən kişinin dastanı» poemasından gedir, texniki səhv olub və «kəsən» əvəzinə «Həsən» gedib… Deyin ki, növbəti sayımızda düzəliş verərik…

İki dəqiqə keçir, Həsən müəllim özü zəng vurur:

-Salam, necəsiz?

-Var olun, Həsən müəllim… Bəxtiyar müəllim dedi, orda bir hərif səhvi söhbəti var, onu da növbəti sayımızda təkzib verərik… «K» hərfi ilə «H» hərfinin…

Həsən müəllim özünəməxsus tərzdə gülərək: -Yox, yox, Bəxtiyar müəllimə dedim, təkzib-zad lazım deyil… Mənasını bildim, sağ olun ki, yaddan çıxarmamısınız… Gəncənin o illəri gözəl idi…

hesen-1

 Söhbətin mənası nə idi: Gəncədə rəhbər vəzifədə çalışan zaman Həsən Həsənovun göstərişi və rəhbərliyi ilə qırmızı kərpicdən binalar tikilərdi. İndi həmin tikililər Gəncənin simvolu kimi qalmaqdadır… Və Gəncədə Həsən Həsənova həm də o xeyirxah işinə və yadigarına görə bəzən xoş istəklə «Kərpic Həsən» də deyirlər. Biz də həmin aforizmdə onu nəzərdə tutmuşduq…

33 ildən sonra baş tutan görüşdə Həsən Həsənovla nələri xatırladıq?

 Dünən dekabrın 4-də Heydər Əliyev Mərkəzində Qazaxıstan Mədəniyyəti günlərinə həsr olunmuş sərgi və qala-konsert oldu… Bayram tədbirindən əvvəl təxminən 33 il əvvəl canlı gördüyüm Həsən Həsənovla yenidən görüşdüm. Həsən müəllim dərhal tanıdı, amma bəzi tarixi məqamları da yada salmalı oldum:

-Necəsiz, Həsən müəllim?

-Çox sağ olun… «Təzadlar» necə çıxır?

Zarafatla dedim:

-Canımız çıxır indi qəzet çıxardanda… Köhnə nəsil qəzet oxuyur, onların oxuduğu qəzetlərin satışından gələn gəlirlə isə qəzeti saxlamaq çox çətindir. Amma saytımız və youtube üzərindən TV də təsis etmişik… Dözürük… Necə deyərlər, 30 ilə dözən (Qarabağın işğalını nəzərdə tuturam) buna da dözər…

Gülümsər mimika və təbəssümlə söhbətini davam edən Həsən müəllim çox sevindi:

-Hə, bu çox yaxşıdır… Müasirləşmək lazımdır, amma keçmiş ənənələri də unutmaq olmaz…

-Bəli, elədir… Qəzet pozulmaz arxivdir. Məsələn, yadınızdadırsa, təxminən 27 il əvvəl sizinlə bağlı «Təzadlar»da bir yazı getmişdi: «Kərpic Həsən kişinin dastanı…».

Həsən müəllim o ki var güldü:

-Hə, yaxşı yadımdadır… Qəzetdən durursa, mənə bir nüsxə çatdırarsınız…

-Hə, Həsən müəllim, amma sayt olsaydı, çətin ki, o arxiv qalardı… Siz Baş nazir işləyəndə mən «Respublika» qəzetində çalışırdım… 1990-cı ildə…

Dərhal baş redaktor Əhməd İsayevi xatırladı:

-Hə, qəzetin rəhbəri var idi, Əhməd İsayev…

-Bəli, yaxşı jurnalist idi… Amma qəzeti bağlayıb bazasında «Həyat», sonra «Azərbaycan» qəzetini yaratdılar…

 Həsən müəllim qaşlarını çatdı, xeyli fikrə getdi:

-Yaxşı yadımdadır, 1990-cı ildə Heydər Əliyevlə müsahibə verilmişdi, Ayaz Mütəllibovun vaxtı idi, o müsahibənin üstündə bağladılar…

-Bəli, Heydər Əliyevin “Mən adamlara inanmışam” başlıqlı olduqca maraqlı müsahibəsini qəzetdə dərc etmişdik. Əmir Mustafayev və mən (bir də Zöhrab Əmirxanlı, Surxay Hüseynli) bu işdə birbaşa iştirak etmişdik…(Müsahibəni “Qobustan” Toplusunun əməkdaşı, yazıçı Azər Abdulla götürmüşdü, müsahibə qəzetin üç sayında dərc edilmişdi).

-Həsən müəllim, həqiqətən də o dövr üçün rəsmi qəzetdə Heydər Əliyevlə müsahibə dərc etmək böyük risq idi, Siz bunun məsuliyyətini çiyninizə götürmüşdünüz… Var olun, Siz Azərbaycanın həmin və sonrakı dönəm tarixinin ensiklopediyasısınız…

Həsən Həsənov «Təzadlar» qəzetinin və tezadlarTV-nin müsahibi olacağına söz verdi…

...Həsən Həsənovla keçmişi xatırladıq, gələcəyə inamımızı ifadə edən arzularımızı bildirdik. Vacib olan budur ki, o, sağlamlığından şikayət etmədi… Əslində, keçmişdə baş verənlərdən də… Amma razılaşdıq ki, yaxın günlərdə «Təzadlar» qəzetinin müsahibi olacaq. Siyasətdən kənar, keçmişi və keçmişin yaxşı KİŞİlərini xarılayacağıq…

hesen-3

Elə bu ovqatla da Həsən Həsənovun dosyesini oxuculara təqdim edirəm:

-Həsən Əziz oğlu Həsənov, 20 oktyabr 1940-cı ildə Tbilisi şəhərində anadan olmuşdur. 1958-ci ildə Tbilisidə 43 saylı orta məktəbi bitirərək, Bakıya gəlmiş və Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1963-cü ildə həmin tədris müəssisəsində təhsilini başa çatdırmışdır. 1981-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Tələbəlik dövründə qrup, fakültə və institut Komsomol Komitəsinin katibi olmuşdur. 1962-ci ildə Azərbaycan tələbələrinin təmsilçisi kimi Moskvada keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə seçilmişdir. Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatının üzvü olmuşdur. 1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhər Tələbə Şurasının sədri, Bakı Şəhər Komsomol Komitəsində təlimatçı (1962), Yasamal rayon Komsomol Komitəsinin katibi (1962–1965), Respublika Komsomol Komitəsinin MK-də bölmə müdiri vəzifələrində çalışmışdır (1965–1966). 1966–1967-ci illərdə Tikinti Materialları və Konstruksiyaları Elmi-Tədqiqat İnstitutunun aspiranturada elmi-tədqiqatla məşğul olmuşdur. O, 1967–1969-cu illərdə AKP MK-da təlimatçı vəzifəsində çalışmışdır. 1969–1971-ci illərdə Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsində işləmişdir. 1971-ci ildə Vətənə qayıtmış, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində əvvəl təlimatçı, sonra bölmə müdiri (1971–1975), şöbə müdirinin müavini (1975) vəzifəsində olmuşdur. O, Azərbaycan SSR və Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktorudır (2006). Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiri (2010–2021), Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1993–1998), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990–1992) vəzifələrində çalışıb. Həmçinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə katibi (1981–1983), Tikinti məsələləri üzrə katibi (1983–1988), İqtisadiyyat məsələləri üzrə katibi (1988–1990), uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvü, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri (1992–1993), Macarıstan (2004–2010) və Polşada (2010 — h.d.-ə qədər) fövqəladə və səlahiyyətli səfiri olmuşdur. Macarıstan, Azərbaycan, Qazaxıstan  və bir neçə SSRİ ordeni və medalları ilə təltif olunmuşdur. Bakı şəhər Səbayıl Rayon Partiya Komitəsinin 1-ci Katibi (1975–1978), Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci Katibi (1978–1979), Gəncə Şəhər Partiya Komitəsinin 1-ci Katibi (1979–1981) vəzifələrində çalışmışdır.

 Xüsusi qeyd: 1983-cü ildə Həsən Həsənov Kremlin göstərişi ilə vətənpərvərliyinə görə, ideoloji sahədən uzaqlaşdırılmışdır. İdeoloji sahəyə rəhbərlik etdiyi zaman o, Azərbaycan elm, ədəbiyyat və tarixinin bir sıra qadağan olummuş mövzularına həsr olunmuş monoqrafiya və əsərlərin işıq üzü görməsinə köməklik göstərmişdir. Həsən Həsənovu bir çox Azərbaycanın görkəmli elm, ədəbiyyat və incəsənət nömayəndələri ilə səmimi dostluq münasibətləri birləşdirirdi.

hesen-2

O, 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Baş Naziri vəzifəsində çalışmışdır. 30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Həsən Həsənov 1992-ci ildən xarici siyasət və diplomatiya sahəsində fəaliyyət göstərir. 1992–1993-cü illərdə BMT-də (Nyu-York) Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışmışdır. 1992-ci ildə iyul ayının 4-də Xarici İşlər Naziri təyin olunmuş Tofiq Qasımovun "köhnə" kadrlara münasibəti yaxşı deyildi, lakin BMT toplantısında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı Rusiyanın BMT-də və BMT TŞ-də Daimi nümayəndəsi Yuli Voronsov (1929–2007) Tofiq Qasımova Azərbaycanın mövqeyini cəsarət və təkidlə qoruduğuna görə, Həsən Həsənovdan şikayət etdikdən və onun vəzifəsinin dəyişdirilməsi haqqında məsələ qaldırdıqdan sonra Həsən Həsənova münasibət dəyişmiş və o, tutduğu vəzifəni daşımağı davam etditmişdir. Həsən Həsənov 1993–1998-ci illərdə AR Xarici İşlər Naziri vəzifəsində işləmişdir. Həmin illərdə BMT və YUNESKO, İKT-nın illik toplantılarında Azərbaycan Nümayəndə Heyətinə rəhbərlik etmişdir. H.Həsənov 23 il arası kəsilmədən müxtəlif Parlamentlərin nümayəndəsi olmuşdur. 1977–1995-ci illərdə Azərbaycan Ali Sovetinin, 1979–1984-cü illərdə SSRİ Ali Sovetinin, 1995–2000-ci illərdə Milli Məclisin nümayəndəsi və Milli Məclisin Beynəlxalq əlaqələr üzrə Komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir. Müstəqil Azərbaycanın ilk Əsas Qanununu hazırlayan Konstitusiya komissiyasının üzvü olmuşdur. Üçüncü Respublikamızın ilk Baş Naziri, ilk Fövqaladə və Səlahiyyətli Səfiridir. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikasının Macarıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri, 2010-cu il mart ayının 30-da isə Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Həsən Həsənov elmi və bədii yaradıcılıqla da məşquldur. O, Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş dahi mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə həsr edilmiş "Brüsseldən məktublar" pyesinin müəllifidir. H. Həsənov «Tarixin hədəfi (Tarixin fəlsəfəsi)», «Nəriman Nərimanovun milli dövətçilik baxışları və fəaliyyəti, Türklüyümüz, Misir amuleti və ieroqlifləri Azərbaycanda» adlı monoqrafiyaların, «Azərbaycanın Avropaya inteqrasiyası» əsərinin, çoxsaylı çıxışlar və məqalələr toplularının müəllifidir. O, 2004-cü ildə Bakıda "SSRİ-də milli təmayülçü hərəkat" mövzusunda namizədlik, 2006-cı ildə Tiflisdə "Tarixin fəlsəfəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiəsi etmişdir.

Ailəlidir, iki övladı və nəvələri vardır. 

Azərbaycan, türk, ingilis, rus, gürcü dillərini bilir.

***

Bəli, daha çox yaxşıları və yaxşı insanları unutmamalıyıq. Çünki onlar Vətənin gələcək nəslə ötürüləcək nümunələri, ölçü vahidləridir…

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN