Yanvarın 2-si şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun doğum günüdür.

TEZADLAR.AZ xəbər verir ki,  Polad Həşimov 1975-ci il, yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dünyaya göz açıb.

 Polad Həşimov 6 aylıq olanda Həşimovlar ailəsi Sumqayıt şəhərinə köçüb.

Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktədə təhsil alib və ordu sıralarında xidmətə başlayıb.

 Polad Həşimov 2003-cü ildə mayor rütbəsində olarkən Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant rütbəsi ilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunur.

 2014-cü il iyunun 25-də III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılır.

 Həşimov, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.

 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor Polad Həşimov  2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur.

Qeyd edək ki, Polad Həşimov Qarabağ müharibəsində döyüş zamanı şəhid olan ilk Azərbaycan generalı idi.

 İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olundu.

 Şəhid general-mayor Polad Həşimova 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi.

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN