Xəbər verdiyimiz kimi, 2-ci Qarabağ müharibəsi veteranı, 44 günlük savaşın qalıb əsgəri, Müzəffər Ali Baş komandan Cənab İlham Əliyevin şanlı imzası ilə medallarla təltif edilmiş Nuriyev İxtiyar Təyyar oğlu «Təzadlar»a müraciət edərək

bildirmişdir ki, 2013-cu ildə Suraxanı rayonunun Bülbülə qəsəbəsi, Deputat küçəsi-5-də sökuntuyə məruz qalan 20 fərdi yaşayış  evinin 19-na müvafiq kompensasiya ödənilmişdir. O, uzun müddətə Bakıda olmadıqlarından gəlib evlərinin uçurulduğunu görür. Mülkə dair sənədlərlə Suraxanı rayon Məhkəməsinə üz tutur. Məlum olur ki, məhkəmə uçurulan bütün evlərə kompensasiya ödənilməsi barədə qərar verib… Həmin qərarın icrası ilə bağlı 4 sot torpaq üzərində tikilmiş üçotaqlı evin sahibi, müharibə veteranının atası Təyyar Nuriyev icra başçısı (hazırda Şirvan şəhər İcra hakimiyyətinin başçısı) İlqar Abbasovla görüşür. Başçı deyir ki, «…ağsaqqal, gedin o mülkə dair sənədlərlə məhkəməyə verin, qətnaməni götürün gəlin yanıma, müvafiq köməkliyi edim, gedib kompensasiyanı alın…».

Nə qədər gülməli səslənir! Axı icra hakimiyyətinin başçısı olaraq İlqar Abbasov da, siyahıya alınan sakinlərin yaşadığı ərazinin tabe olduğu qəsəbə icra nümayəndəliyi də burada kimlərin evlərinin uçurulduğunu gözəl bilirdi.

Hansı ki, sözügedən sakin zəbt edilmiş sayılan ərazidə sənədsiz deyil, məhz texniki pasport və Daşinmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin verdiyi Qeydiyyat vəsiqəsi ilə həmin evdə yaşayışçı olub. Axı niyə bunları bildikləri halda vətəndaşı, bir ailənin evini 10 ildən çox bu süründürməçilik vəziyyətində qoyurlar? Üstəlik, 10 il ərzində evi söküntüyə məruz qalan bu sakinlərin, hətta kirayədə qalmasına görə verilməli olan vəsaitini belə gündəmə gətirmirlər.

Beləliklə, vətəndaş məhkəməyə müraciət edir. Və məhkəmə Nuriyevlərin xeyrinə (Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənov) Qətnamə çıxarır və qeyd edir ki, sökülmüş evə dair verilməli olan 89 min manat kompensasiya Azərbaycan «Avtomobil yolları» ASC tərəfindən ödənilsin. Qətnamənin icrası da Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilir. Maraqlıdır ki, bu  Qətnaməni götürüb icra başçısı İlqar Abbasovun qəbuluna gələn Nuriyevlərə başçı deyir ki, bilirsən, ağsaqqal, büdcəyə qənaət etmək məqsədilə bu vəsait sizə verilməyib… Nə qədər də gülünc səslənir, bir ailənin sənədli evi sökülür,  o boyda icra başçısı isə qənqətdən dəm vurur! Dəhşət! Hələ üstəlik, Bakı Apellyasiya Məhkəməsinə də apellyasiya şikayəti verilir. Hakim Mirzə Tağızadə isə bir daha ədalətli qərarın uzərində dayanaraq Suraxanı RİH-nin apellyasiya şikayətini rədd edərək kompensasiyanın ödənilməsinin vacibliyi barədə qərar cixarır.

 Nəhayət, gələk bu qərarın icrasına. Ötən iş həftəsində Suraxanı RİH-nin Elşən adlı hüquqşünası «Təzadlar»a bildirdi ki, 18 yanvar 2024 tarixində, saat 10:00-da RİH-nin təsərrüfat şöbəsinin Ramin adlı mütəxəssisi müvafiq sənədlərlə ərazidə olaraq baxış keçirəcək. Və guya yenidən siyahıya alma tərtib edəcək. Halbuki, bu siyahıya alınma məhz o qətnamə verilərkən hakim Orxan Həsənovun araşdırması zamanı həllini tapıb. Artıq məsələ ilə bağlı yekun qərar da verilib ki, vətəndaş Nuriyevlərə 89 min manat kompensasiya ödənilsin.

 Bu gün məlumat aldıq ki, həmin şöbənin mütəxəssisi qızdırma içində olduğundan o, gələn iş həftəsində gəlib ölçmə və siyahıya almanı həyata keçirəcək. Maraqlıdır, məgər müvafiq şöbədə digər əməkdaş yoxdur ki?!

Bir sözlə, vətəndaş Nuriyevlər bax bu şəkildə süründürməçiliyə məruz qalıb.

Daha bir məqam, o zaman Suraxanıda icra başçısı işləyən İlqar Abbasov qəbulunda olarkən bu siyahıya alınma barədə hüquqşünasa göstərişini niyə verməmişdir? Həmin baxışın nəticəsini indi bu qətnaməyə əlavə etməklə Maliyyə Nazirliyinə təqdim etmək olardı ki, vətəndaşın da gözü yollardan yığılardı…

Növbəti yazımızda daha ətraflı bəhs etməyə çalışacağıq.

Xəyyam Qurbanlı

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN