Bəzi  məmurların qanunlara yersiz müdaxiləsi nəticəsində 10 minlərlə insan Azərbaycan vətəndaşlığından və seçki hüququndan məhrum olublar…

Şəhid bacısı Yeganə Vəliyevanın Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahova və surətı "Təzadlar" qəzeti redaksiyasına ünvanlanlanmış bu barədəki məktubu indiyə qədər elə də əhəmiyyət vermədiyimiz, əslində isə çox ciddi problemi üzə çıxardıb.

Bildiyimiz kimi, Prezident İlham Əliyev sənədsiz evlərin sənədlədirilməsi üçün üç dəfə xüsusi göstəriş verib, lakin dövlətin yox, öz şəxsi maraqlarını güdən bəzi məmurlar dirəniş göstərərək, bu göstərişlərin faydalı işə çevrilməsinə imkan vermirlər. Amma  600 minə yaxın olan bu sənədsiz evlərdən işıq, su, qaz pulları vaxtlı-vaxtında yığılır. Bu sənədsiz evlərdə yaşayan 100 minlərlə insan isə müvəqqəti olaraq yerli polis ydarələrinə qeydiyyata alınırdılar. Ötən il isə, hansısa sehrli əl, bu insanları polis İdarələrindən kütləvi şəkildə qeydiyyatdan çıxardılar və bu qədər insan, necə deyərlər, havada qaldı. Evlər sənədləşdirilmir ki, insanlar illərlə yaşadıqları, oğul evləndirib, qız köçürdükləri evlərə qeydiyyata düşsünlər.
Bəs qeydiyyata düşməməyin hansı ciddi fəsadları var? Apardığımız araşdırmalar göstərdi ki, sən demə, qeydiyyatsız olan və çoxsaylı insanların çəxsiyyət 
vəsiqəsi portaldan silinir və onlar bununla da nəinki bütün hüquqlarından məhrum olurlar, hətta Azərbaycan vətəndaşlığını itirirlər. Nəticədə 100 minlərlə insan bu gün həm də seçki hüququndan məhrum olurlar. Nəzərə alsaq ki, seçkilərdə bəzən bir nəfərin səsi belə önəmli rol oynayır, onda faciənin və təxribatın miqyasını özünüz müəyyən edin.

***

İndi Şəhid bacısı Yeganə Vəliyevanın dediklərimizə işıq salan və ürək ağrıdan məktubunu olduğu kimi təqdim edirik… 
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, MSK-nın sədri cənab Məzahir Pənahova, Surəti:  ”Təzadlar” qəzeti redaksiyasına ünvanlı müraciətində Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsi, Nəsrəddin Tusi küçəsində sənədsiz evdə yaşayan Vəliyeva Yeganə Müzəffər qızı yazır: 

"Hörmətli cənab Prezident!

Mən Sizə şəhid Rzayev Atif Müzəffər oğlunun bacısı kimi müraciət edirəm. Qardaşımın uğrunda canından keçdiyi torpaqları azad edən qalib prezident kimiSizinlə qürur duyuruq. Siz tarix yazdınız, Azərbaycanın qüdrətini dünyaya göstərdiniz. 
Cənab Prezident!

Bir məsələni diqqətinizə çatdırmağı özümə borc bildim. Təəssüf hissi ilə bildirirəm ki, bəzi məmurların düşünülmüş və qərəzli şəkildə hazırladıqları qanunsuz hərəkətlər böyük siyasi hadisə olan, 7 fevralda keçiriləcək Prezident seçkisinə qarşı ciddi təxribatdır. Qanunlardakı bu boşluq ucbatından 3 nəfər ailə üzvümlə mən və mənim kimi bəlkə də 100 minlərlə insan Azərbaycan vətəndaşlığından, o cümlədən seçki hüququndan məhrum olmuşuq. Nəzərinizə çatdırıram ki, Birinci Qarabağ müharibəsi veteranı həyat yoldaşım vəfat edəndən sonra qeydiyyatda olduğumuz 1 otaqlı yataqxana mənzilimi satdım ki, Ramana sovxozu ərazisindəki Şuşa qəsəbəsi deyilən yerdə, mərhum həyat yoldaşımın tikdirdiyi natamam evimizin tikintisini tamamlayıb ora köçək. Yataqxanadakı evimizi satandan az sonra evin yeni sahibi bizi qeydiyyatdan çıxartdı. Bundan qısa vaxt sonra öyrəndik ki, qeydiyyatdan çıxan kimi avtomatik olaraq bizim hamımızın Şəxsiyyət vəsiqələrimizin FİN kodu öz qüvvəsini itirib və deməli, bütün Şəxsiyyət Vəsiqəmiz yararsız olub. Problemin hər nə cürsə həll olunması üçün birbaşa və digər orqanlar vasitəsilə Daxili İşlər Nazirliyinə etdiyimiz müraciətə oradan verilən cavablarda (məsələn, 26.10.2023 tarixli 18/2-V-34105 nömrəli və s.) göstərilir ki, "Qeydiyyatsız şəxslərin Polisin İnzibati binasına qeydiyyatı qaydası ləğv edildiyi üçün oraya qeydiyyatınız mümkünsüzdür. Siz yalnız sənədlə öz adınıza olan evə qeydiyyata düşə bilərsiniz və yaxud da öz adına evi olan kimsə yazılı razılıq Ərizəsi ilə sizi öz evinə qeydiyyata salmalıdır.

Amma heç kim bizi öz evinə qeydiyyata götürmür. Öz evimizi sənədləşdirməyimiz üçünsə, Şəxsiyyət vəsiqəmizin aktiv olması gərəkdir (ev kimin adına sənədləşdirilsin – bizim şəxsiyyət vəsiqəmiz yoxdursa?!). Yəni, tilsimli bir dairə yaranıb: Şəxsiyyət vəsiqəmizin aktivləşməsi üçün evimizin sənədi olmalıdır, istənilən bir sənədləşmə işi apara bilməyimiz üçünsə, aktiv şəxsiyyət vəsiqəmiz tələb olunur (Bu gün bizi heç ASAN xidmətdə növbəyə belə götürmürlər, çünki növbə üçün də şəxsiyyət vəsiqəsi tələb olunur). Bundan sonra bizim Şəxsiyyət Vəsiqəsi ilə zəncirvari bağlı olan silsilə problemlərimiz ortaya çıxdı: iş yerində maaşım, ailəbaşçısını itirməyə görə təyin olunan sosial müavinətimiz dayandı, qızımın ali məktəb diplomu öz qüvvəsini itirdi. Belə ki, diplom şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilərkən keçərli olur, onun da şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Digər qızım isə, işaxtaran kimi Məşğulluq Mərkəzində qeydiyyatda idi, avtomatik olaraq onu da oradan çıxartdılar. Çünki faktik olaraq biz hamımız Azərbaycan vətəndaşlığımızı itirmiş vəziyyətdəyik. Bankdan kredit götürmək, dövlətdən sosial yardım almaq və s. barədə isə heç danışmağına dəymir. Problem ondadır ki, biz bu problemi həll etmək üçün heç məhkəməyə də müraciət edə bilmərik. Axı oraya müraciət üçün də bizim aktiv şəxsiyyət vəsiqəmiz olmalıdır və mövcud qanunvericiliyə görə qeydiyyatda olduğumuz rayonun məhkəməsinə müraciət edə bilərik – bunların da, dediyim kimi heç biri yox.  Belə problemlərdən ən vacibi isə qarşıdan gələn Prezident seçkiləri ilə bağlı ortaya çıxıb. Bu isə nəinki ciddi problem, hətta mən deyərdim ki, 7 fevral prezident seçkilərinə qarşı çox böyük bir təxribatdır. Beləliklə, bəlli oldu ki, şəxsiyyət vəsiqəmiz olmadığı üçün üç nəfərlik bizim ailə və sənədsiz evlərdə qeydiyyatsız yaşayan 100 minlərlə  ailə seçki hüququnu da itirmişik.

Güman edirəm ki, sənədsiz evlərin sənəsləşdirilməsi haqqında Sizin verdiyiniz göstərişlərin həyata keçməsinə mane olan, hansısa şəxsi maraqlarını dövlət marağından üstün tutan bəzi məmurların "sayəsində" bu gün bizim kimi “seçki hüququndan” məhrum olan 100 minlərlə vətəndaş 7 fevralda səs verə bilməyəcək… Belə ki, keçən ilki məlum qərardan sonra  Polisin İnzibati binasından qeydiyyatdan çıxarılanlar, sənədsiz evlərin əksər sakinləri və başqaları da bizim günümüzdədir.
Bel
ələrinin sayı isəyəni deməli, ötən ilki həmin səhv Qanuna görə Seçki Hüuqunu itirən şəxslər bütün ölkə üzrə bəlkə 100 minlərlədir.

Hörmətli Cənab Prezident!

Sizdən xahiş edirik ki, bizim Seçki Hüququmuzun mütləq bərpa olunmasına kömək edəsiniz. Bu mümkün olmadığı təqdirdə isə, mətbuatda yayımladığımız mövqeyi bizim rəsmi mövqeyimiz kimi qəbul edərək, mənim və səsvermə hüququ olan 2 övladımın səsi  cənab İlham Əliyevin xeyrinə hesablansın".
Redaksiyadan: Vətəndaş Yeganə Vəliyeva Ombudsmana da müraciət göndərib. Aşağıda həmin müraciətlərin linkini təqdim edirik:

1) https://qr.ombudsman.az//Download/DownloadFile?code=8afcb3aDjWNxw0Qq05vUrw== 

2) https://qr.ombudsman.az//Download/DownloadFile?code=kGFAuttWJIS7f2CdQamnSQ==

HAZIRLADI: Elçin Məmmədli  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN