«Təzadlar»a daxil olan aşağıdakı məktub münasibət bildirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının elektron poçtuna göndərilib. Hələki cavab yoxdur...

 «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıda ixtisarla təqdim edirik (AMEA rəhbərliyinin münasibəti olarsa, «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq yayımlamağa hazırıq):

«…Hörmətli «Təzadlar»! Xahiş edirik, biz alimlərin güvənərək Sizə təqdim etdiyimiz bu məktubunu mümkün qədər yayımlayasınız.

 Bəli, elmdən danışmaq üçün ilk növbədə bu elm ocağında baş verən hər cür haqsızlığın qarşısı alınmalıdır. Akademiya institutlarında əməkdaşların sayı sənəd üzərində təqribən 250-300 nəfər olmasına baxmayaraq, əməkdaşlardan soruşduqda, 50-70 nəfərdən bir az çox daimi işə gələn əməkdaşlardan artığını tanımırlar. Heç bir institutda ştatda olan əməkdaşların siyahısı şəffaf deyil. Əməkdaşlar nəinki onların İnstitutlarında işləyənlərin siyahısını bilmir, hətta şöbələrində rəsmi nə qədər işçi qeydiyyatdadır, belə məlumatsızdırlar. Əməkdaşların siyahısı Tam Məxfi saxlanılır.

 Qohumbazlıq və ya ailə kooperativi - müftəxorluğa, alim dəstəbazlığına yol açan, dostbazlığa, qohumbazlığa, yerlibazlığa söykənən işçi qrupu. Eyni İnstitut nədir, hətta eyni şöbədə ər-arvad, gəlin, qız, qardaşı qızı, bacısı qızı və s. aidiyyatı var, yoxdur, doldurublar institutlara. Bəzi direktorlar daha da irəli gedərək qızlarının rəfiqələrini də işə düzəltməkdən çəkinmirlər. Elə bilərsiz ki, hamısının təhsili işlədikləri İnstitutun ixtisasına uyğundur? Xeyr! Əsla! Hətta belə şəxslərin müdafiə edib, elmi dərəcə almaqları da problem kəsb etmir. Doktorluq elmi dərəcəsi olan alimlərin sayı az olduğundan, xüsusilə “sərf edən” şəxs olduqda, həmin adamın adı 2, bəzən də 3 institutda gedir, əlbəttə, maaşı da lazımi qayda ilə alırlar. Məsələn, belə “əvəzolunmaz alim” Mirabdullayev Adil Mirabdulla oğludur. O, AMEA-nın həm Fəlsəfə İnstitutunda yarım-ştat, həm Tarix İnstitutunda yarım-ştat, həm də Şərqşünaslıq İnstitutunda tam ştat işləyir. Zənn etməyin ki, ixtisası uyğundur ona görədir. Xeyr! Müdafiə edib namizədlik dərəcəsini arxeologiyadan alıb, doktorluğu siyasi elmlərdən, özü də bir gün olsun elmlə məşğul olmayıb, uzun illər Akademiyanın Həmkarlar Təşkilatının sədri olub. Necə deyərlər, “öz adamlarıdır”.

 Gənc direktor müavinləri təyin olunur, guya düşünülür ki, indi nə isə dəyişəcək, yenilik gətiriləcək... Lakin ilk işləri öz həyat yoldaşlarının işə qəbulu ilə məşğul olmaq olur. Məsələn, AMEA Tarix və Etnologiya İnstitutunun direktor müavini Niftəliyev İlqar Vahid oğlu ixtisasça fizika müəllimi olan həyat yoldaşını Tarix İnstitutuna elmi işçi kimi işə düzəldib.

Qeyri-ixtisaslı şəxslərin işə qəbulu və müdafiələrinin Direktor tərəfindən xüsusi canfəşanlıqla təşkil olunması: Müdafiə və imtahan proseslərində nələr baş verir, göz ilə görmək lazımdır. İnstitutlarda keçirilən ixtisas imtahanlarında komissiya üzvlərinin verdikləri qiymətə məhəl qoymadan, rəhbərlik istədiyi kimi daha sonra protokolları dəyişir, imzaları saxtalaşdırır. Nəticədə, istənilən sənədləri köhnə tarixlə saxtalaşdırmaqdan belə çəkinmirlər.

“Qoçu dəstələrinin” yaranması: bu dəstələrə savadsız, elmdən uzaq, lakin üzə dura bilən şəxslər cəlb olunur. Qoçular savadlı alimlərin üstümə hücum çəkir, söyür, təhqir edir, qadındırsa, haqqında nalayiq şaiələr yayır, hətta döyməklə və üzə dirənib şərləməklə hədələyirlər. Belə dəstələrdən həm şöbə müdiri, həm də İnstitut direktorları fəal istifadə edir ki, başqa əməkdaşların gözlərinin odunu alsınlar.

Bu şər əməllərinə görə, direktor onları yüksək vəzifə ilə təltif edir, “qoçunun” elmi dərəcəsinin olmaması onun üçün problem deyil. Ona olar! Onlar da institutdakı problemlərdən danışmaq istəyən adamı qaralayıb üstünə hücum çəkirlər.

 Qoçuların böyük əksəriyyəti belə qadınlardan seçilir, amma ətraflarına onlara institutda hər an yalançı şahidlik edə biləcək kişilər cəlb olunur.

İstənilən institut əməkdaşını asanlıqla şərləməkdən çəkinməyən şəxslərin köhnə və təkrar kitablarının çapına vəsait ayrılması, xaricə ezamiyyətlər təşkil olunması və s. məsələlər də ayrı. Hətta bəzi institutlarda qadın əməkdaşlar direktorun otağına tək girib, hər hansı bir söz deməkdən belə çəkinirlər. Çünki qarşılaşacaqları qeyri-adekvat davranışlardan narahatçılıq içində olurlar.

 Akademiya dəhlizlərində artıq söyüş söymək adı bir hala çevrilib. Demək olar ki, adət halını alıb, polis-məhkəmə binaları, yalançı üzə duran şahidlər - bütün bunlar Akademiyanın bu günkü simasıdır.

Sadə alimlər isə necə deyərlər həyalarına qısılıb, abırsızlardan abırlarını gözləyirlər. Görünür, həyasızların qarşısında həyaya qısılmaq böyük səhv imiş. Bax, bu məqamlar sözün əsl mənasında Azərbaycan elmini məhvə sürükləyir...».

Məktubda daha ciddi və ittiham dolu, hüquqi araşdırmalara zərurətli məqamlar da vardır ki, onları aidiyyəti üzrə AMEA rəhbərliynə göndərdik. İnanırıq ki, araşdırılıb tədbir görülər.

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN