Ermənilərin Qarabağdakı evlərinə görə onlara, ümumilikdə, 5-10 milyon manat verməklə, bu problemi çox rahatca həll etmək olar və…

 Ali Baş komandan, Prezident İlham Əliyevin Qarabağ qələbəsini həzm edə bilməyən uzaq və yaxın dövlətlər üstümüzə gəlir. Əleyhimizə sanksiya tətbiq etməyə çalışırlar, Ermənistanı silahlandırırlar, revanşistləri qızışdırırlar, sülhə can atmaq istəyən N.Paşinyana əngəl törədirlər və s. Bununla belə, bu qədər dağıntılara, insan ölümlərinə, soyqrıma məruz qalsaq da, ermənilər lobbi və diasporalarının köməyi ilə bizi Beynəlxalq Məhkəmələrə çəkirlər. Mən əvvəllər yazdığım bir məqalədə qeyd etmişdim ki, döyüş meydanında qazandığımız qələbəni ermənilərlə informasiya müharibəsində hələ də qazana bilmirik. “Qara məni basınca, mən qaranı basım” prinsipi ilə ermənilər ara-sıra bizi məhkəmələrə çəkirlər. Sanki 30 il torpaqlarımızı işğalda saxlayan, ərazilərimizi darmadağın edən, dinc əhali arasında qırğınlar, soyqrımlar törədən bu ermənilər yox, bizlər olmuşuq.

***

Ermənilər indi də Beynəlxaq Cinayət Məhkəməsinə üzv olublar. Bundan sonra yəqin ki, bizə qarşı açılan yeni-yeni məhkəmələrə şahidlik edəcəyik. Hamının bildiyi kimi, “Avropa İnsan Haqları Məhkəməsi”nin qanunlarına görə və beynəlxalq hüquq qaydalarına görə, vətəndaşın mülkiyyət hüququ toxunulmazdır. Bu mülki hüququ məhkəmə qərarı olmadan pozmaq yolverilməzdir!

 Elə bu yazıda da məqsədim heç olmasa, bir dəfə erməniləri qabaqlayaraq, çox vacib bir addımın atılmalı olduğunu deməkdir. Bununla da həm özümüzü gələcək Beynəlxalq məhkəmə çəkişmələrindən siğortlamış olarıq, həm də erməniləri fakt qarşısında qoyarıq ki, gələcəkdə səsləri çıxmasın.

 Neçə vaxtdır Ermənistan hökuməti, xüsusilə xaricdəki lobbi və diasporları deyirlər ki, guya Qarabağdan gedən 15-20 min erməni etnik təmizləməyə məruz qalıb. Düzdür, buna cəhd edirlər, lakin ortada konkret fakt yoxdur deyə istəklərinə çata bilmirlər. Xankəndidən və ətraf rayonlardan ermənilərin könüllü şəkildə, şələ-şülələrini yığıb getdiklərinin göstərən videokadrlar fakt-sübut kimi ortadadır. Ona görə də ermənilər bu məsələdə bizləri ittiham edə bilmirlər. Amma bir məsələdə ermənilər bizi fakt qarşısında qoya bilər ki, onda da Azərbaycan dövləti çox böyük miqdarda cərimələr və ya kompensasiyalar ödəməli olar.  Konkret mətləbə keçirəm. Yuxarıda qeyd etdim ki, bütün dünayda vətəndaşın mülkiyyət hüququ  toxunulmazdır. Qarabağdan könüllü gedən ermənilərin Xankəndidə və ətraf rayonlarda olan evləri ağzı qıfıllı şəkildə hələ də qalır. O evlərə görə də bizə təzyiqlər edirlər ki, ermənilər öz yurdlarına qayıtsınlar. Aydın məsələdir ki, bu qayıdış baş tutmayacaq. Çünki 30 il Qarabağda dağıntı və viranəliklə məşğul olmuş ermənilər nə üz qoyublar ki, hələ bir geri də qayıtsınlar?! Ermənilər özləri də bunu istəmirlər. Hələlik Ermənistanın başı sülh müqaviləsinin imzalanmasına, Fransa və Hindistandan köhnə silahların alınmasına, Qarabağ ermənilərinin yerləşdirilməsinə və revanşistlərlə mübarizəyə qarışıb. Amma bir gün başı açılanda (başının açılan vaxtı heç olmasın-E.M.) Avropa İnsan Haqlar Məhkəməsində Xankəndidəki evlərinə görə Azərbaycan dövlətini məhkəmələrə çəkəçəklər və burada da onların uduş ehtimalı ola bilər. Belə cərimələrin də pulları (məhkəməni uda bilsələr) yəqin ki, çox yüksək olacaq. Bəs vəziyyətdən çıxış yolu nədir?

 Elə həmin çıxış yolunu təklif etmək üçün bu yazı araya-ərsəyə gəlib. Bəlkə də bu təklifə görə məni qınayanlar da olacaq. Amma dərindən fikirləşəndə təklifim realıdır. Çünki bu təklif Azərbaycanı gələcək məhkəmələrdən sığortalamağa hesablanıb. Mən təklif edirəm ki, Qarabağdan gedən 15-20 min erməniyə (Ermənistan höküməti onların sayının 120 min göstərir, halbuki Qarabağda Sovet dövründən bəri 120 min erməni heç vaxt yaşamayıb – E.M.) qoyub getdiyi evlərinə görə müəyyən məbləğdə kompensasiya təklif etmək olar. Tutaq ki, orta hesabla hər bir evə 30-50 min manat arası pul təklif edilir. Əlbəttə, məbləği bir az aşağı, bir az yuxarı müzakirə etmək də olar. Bu da ümumilikdə təxmini hesabla, qoy olsun, 5-10 milyon manat pul. Bu məbləğ Azərbaycan dövləti üçün heç də böyük rəqəm deyil. Amma bunun beynəlxalq aləmdə siyasi yükü çox böyük olacaq. Əvvəlla, təbliğat maşınımız işə düşsün və beynəlxalq aləmə car çəkək ki, baxın, könüllü şəkildə evlərini tərk edən Azərbaycan vətəndaşı olan ermənilərə hələ bir kompensasiya veririk. Bu, beynəlxaql aləmdə çox böyük ajiotaj yaradacaq və Azərbaycanın nüfuzu olduqca yüksələcək. Buna deyərlər, siyasi divident.

xankendi-ev

İkincisi, məsələn, həmin evlər çox rahat şəkildə 30 il əvvəl Qarabağdakı halal evlərindən qovulan öz vətəndaşlarımıza təklif edilə bilər. Bununla da Dövlət Xankəndidən və ətraf rayonlardan 30 il əvvəl ermənilər tərəfındən qovulan vətəndaşlarını büdcəsindən 1 manat da xərcləmədən evlə təmin edir. Onsuz da Azərbaycan dövləti işğaldan azad edilən ərazilərdə nəinki evləri, hətta bütün infrastrukturu 0-dan qurub-yaradır ki, bu da milyardlarla manat pul deməkdir. Amma dediyim kimi, Qarabağdakı erməni evlərinin sakinlərinə, ümumilikdə 5-10 milyon manat təklif etməklə, bu problemi çox rahatca həll etmək olar və ermənilər evlərinə görə verilən 30-50 min manatı böyük həvəslə qəbul edəcəklər. Çünki özləri də yaxşı bilirlər ki, o evlərə onlar bir daha qayıda bilməyəcəklər. Deməli, ev onların əlindən çıxıb və bu tale ilə də barışıblar. Ona görə də onlara təklif olunan bu məbləği böyük qənimət biləcəklər.

 Mənə elə gəlir ki, bunun beynəlxalq aləmdə siyasi yükü daha qiymətli olacaq. Hamıya bir daha bəlli olacaq ki, Azərbaycan hümanist dövlətdir və qanunsuz hərəkətlərə yol vermir. Ərazisindən könüllü gedən ermənilərə kompensasiya verir. Dediyim kimi, bu sahədə təbliğat maşınımız çox güclü işləməlidir. Avropa ölkələrində olan səfirlərimiz bu humansit addımı yaşadıqları ölkələrin mətbuatına və televiziyalarına daşılmalıdırlar.

Daha vacib bir məsələ isə belədir. Qələbəmizlə  başa çatan 44 günlük 2-ci Qarabağ müharibəsindən sonra, ən yüksək səviyyədə ermənilərin törətdikləri dağıntılara və qırğınlara görə Ermənistandan təzminat almaq məqsədi ilə onların beynəlxaq məhkəməyə veriləcəyi deyilirdi. Vaxtilə də Azərbaycan Baş  Prokururluğu həmin dövrdə cinayət faktlarını video görüntülərlə qeydə alırdı. Amma hələ də Beynəlxalq Məhkəmdə təzminat davası açılmayıb və bu məsələdə demək olar ki, gecikirik. Bundan əlavə, nəinki Qarabağdan, hətta Ermənistandan 1988-ci ildə ermənilər tərəfindən zorla qovulan, yeri-yurdu darmadağın edilən, evləri, əmlakları ermənilər tərəfindən qanunsuz olaraq zəbt edilən vətəndaşlarımız da paralel olaraq Beynəlxalq Məhkəməyə müraciət etməlidirlər.

 Hər bir vətəndaş əlindən zorla alınan mülkünə görə iri məbləğdə maddi və mənəvi ziyana görə kompensasiya tələb etmək hüququna malikdir. Bunu həm Azərbaycan Konstitusiyası, həm də Beynəlxalq hüququ aktlar tələb edir. Mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycan Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsində öz əksini tapıb.

İstəyirəm məhz bu hüququndan istifadə edən və Laçından olan 9 nəfərlik Çıraqovlar ailəsini yada salaq. 1992-ci ildə öz dədə-baba yurlarından qovulan və mülkləri ermənilər tərəfindən zəbt edilən Çıraqovlar ailəsi Ermənistan hökümətini 2005-ci ildə “Avropa İnsan Hüquqları Məhkəməsi”nə vermişdi. Bu ailə məhkəmədən həm maddi, həm də mənəvi təzminat tələbi qoymuşdu. “Avropa İnsan Hüquqları Konvensiyası”nın 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Azərbaycan vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 6 aprel 2005-ci il tarixdə verilmiş iddiası üzrə  16 iyun 2015-ci il tarixdə qərar qəbul edilmişdir. Məhkəmənin 2011-ci il 14 dekabr tarixli qərarı ilə ərizəçilərin şikayətləri qəbuledilən elan edilmişdir. Azərbaycan hökuməti işdə üçüncü tərəf qismində çıxış etmişdir.

 

xocaliBu barədə sonralar zərərçəkənlərdən biri Fəxrəddin Paşayev «Təzadlar»a belə açıqlama vermişdi: “2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə ilə müraciət etdik. Təxminən bir il sonra ərizələrimiz icraata götürüldü. Məhkəmə 10 ildən sonra 3 maddə üzrə bizim hüquqlarımızı tanıdı və Ermənistan günahkar elan olundu. Bir il sonra Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə zərərçəkmişlərin hər birinə 5 min avro təzminat ödənilməsinə qərar verildi. Ermənistan hələ də bu təzminatı ödəmir. Lakin inanırıq ki, biz bu təzminatı ödətdirəcəyik. İddialarımız tam təmin olunana qədər Ermənistana qarşı öz mübarizəmizi dayandırmayacağıq”.

Həmin dövrdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov isə belə açıqlama vermişdi: “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərar ilk beynəlxalq məhkəmə qərarıdır. “Avropa İnsan Hüquqları Məhkəməsi”nin həmin qərarı ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan torpaqlarının işğal faktı sübuta yetirilir və Ermənistan işğalçı dövlət kimi tanınır. Ermənistan məcburi köçkünlərin hüquqlarının pozulmasına görə məsuliyyət daşıyır. Həmin qərarla azərbaycanlı məcburi köçkünlərin mülkiyyət hüququnun, insana, ailəyə hörmət hüququnun pozulması səbəbindən kompensasiya təyin edilib. Lakin Ermənistan Respublikası bəhanələrlə kompensasiyanı ödəməkdən boyun qaçırır. Çünki düşünürlər ki, kompensasiya ödəməklə onlar məsuliyyət daşıyan dövlət kimi tanınacaqlar. Artıq Avropa Məhkəməsi onları məsuliyyət daşıyan dövlət kimi tanıyıb. Biz hazırda tədbirlər görürük ki, Avropa Şurasının Nazirlər Komitəsində bununla bağlı qərar çıxarılsın və Ermənistana təzyiq göstərilsin ki, kompensasiya ödənilməlidir”.

Çox təəssüf ki, Çıraqovların Ermənistana qarşı bu iddiası, bir milyona qədər olan qaçqınlar arasında  yeganə nümunədir. Çıraqovlar kimi “Avropa İnsan Hüquqları Məhkəməsi”ni bu kimi iddialarla həddindən artıq yükləmək olardı. Bununla da bütün dünyanın diqqətini Ermənistanın işğalçı dövlət olması faktına yönəldə bilərdik. Çıraqovlar ailəsi 10 ildən sonra da olsa, öz istəklərinə müəyən qədər nail olublar və bütün dünyaya sübit ediblər ki, Ermənistan işğalçı dövlətdir, bu səbəbdən də onların evlərini, əmlakını ələ keçiriblər. Evlərin doğma sahiblərinin öz yurdlarına qayıtmasına isə, Ermənistan dövləti icazə vermir.

İndi nə qədər gec də olsa, bu prosess davam etməlidir. Qarabağı işğaldan tam azad etmişik, bu səbəbdən də tələsən yerimiz yoxdur. Bir daha xatırladıram ki, Ermənistandan, Qarabağdan olan məcburi köçkünlər, öz dədə-baba yurdlarından etnik təmizləməyə, irqçiliyə məruz qalmış və yalnız müsəlman olduqları üçün, əsrlərlə yaşadıqları torpaqlardan qovulmuşlar. Beləliklə, hüququ pozulan vətəndaşlarımızın Azərbaycan Konstitusiyanın 13.1 maddəsinə, həmçinin yuxarıda qeyd edilən “Avropa İnsan Hüquqları Konvensiyası”nın 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusuna görə, toxunulmaz olan mülklərinə ermənilər sahib olmuşlar. Ona görə də Azərbaycan dövlətinin maddi və mənəvi dəstəyi ilə bu insanlar mütləq Ermənistana qarşı “Avropa İnsan Haqları Məhkəməsi”ndə dava açmalıdırlar. Azərbaycan dövləti ərazilərini işğal edib, bütün infrastrukturu dağıtdıqlarına, yeraltı və yerüstü sərvətləri qanunsuz olaraq taladıqlarına və s. görə Ermənistana qarşı böyük təzminat davasına başlamalıdır. Eyni zamanda, dediyim kimi, məcburi köçkünlər də dağılmış və ermənilər tərəfindən zəbt edilmiş evlərinə görə “Avropa İnsan Haqları Məhkəməsi”nə müraciət etməlidirlər.

İnanıram ki, bu proseslər Ermənistanın başını elə qatacaq ki, Azərbaycanla olan sərhəddinin haradan keçdiyini belə unudacaq və Azərbaycanın Qarabağdan olan ermənilərə kompensasiya təklif etməsinə sevinəcək. Mən bunu şəxsən çox ciddi bir məsələ hesab edirəm. İnanıram ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu qaldırmaq, qələbəmizi həzm edə bilməyərək, üstümüzə gələn dövlətləri dayandırmaq, Ermənistanı işğalçı, vandal dövlət kimi tanıtmaq, ölkəmizi humanist dövlət kimi dünyaya təqdim etmək baxımından, bu addımlar çox önəmlidir. Yəqin ki, bu təkliflər aidiyyəti qurumların diqqətini cəlb edəcək.

Elçin Məmmədli

 

 

 

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN