Necə olur ki, vətəndaş Mərkəzi Arxivdən 1917-ci ildə babasının Gəncədə olmuş mülkünə dair arayışı ala bilir, amma 2002-ci ildə baş vermiş istintaq materialı isə, guya Sabunçu Rayon Polis İdarəsinin arxivində qalmamışdır?

...Xəzər rayonu, Binə qəsəbəsi, Şah İsmayıl Xətai küçəsi, ev 55-də yaşayan Zahid Əliyev 20 ildən çoxdur ki, sadə bir məsələnin axırına çıxmaq istəyir. Əlbəttə, onun axtardığı həqiqət sadədir, amma  başına gələnlər isə əsl faciədir. Z.Əliyevin Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və surəti “Təzadlar” qəzeti redaksiyasına ünvanlanmış müraciətini ürək ağrısız oxumaq mümkün deyil. Bu müraciətdən aydın olur ki, 27.02.2002-ci il tarixdə Sabunçu rayonunun «aeroport yolu»nda baş vermiş avto-qəza nəticəsində anası Əliyeva Cəmilə Ağaəmi qızı vəfat etmişdir. Onu da diqqətə çatdırım ki, Z.Əliyevin atası Vahid Əliyev də 1991-ci ildə avto-qəzada dünyasını dəyişmişdir.

 Anasının başına gələn bu faciə zamanı Z.Əliyev əsgəri xidmətdə olub. Ailənin digər övladları isə həmin vaxt məktəbli olublar. Böyüklüyü isə onlara dayıları Eldar Rufiyev edirmiş.

 Hadisəni törədən isə 40 BD 184 dövlət qeydiyyat nömrə nişanlı “VAZ-210102” markalı maşının sahibi Şahbazov Orxan Kamil oğludur. Həmin dövrün məlumatlarına görə, K.Şahbazov sükan arxasında içkili olub. Hadisəni törədən kimi də yaralıya kömək etmək əvəzinə, oradan qaçmağı üstün tutub. Göründüyü kimi, Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi artıq burada öz yerini tutur. Həm içkili olması, həm də hadisə yerindən qaçması çox ciddi məsuliyyət yaradır.

 Z.Əliyevin verdiyi məlumata görə, həmin vaxt Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanmışdır. Lakin hansısa sehirli əl nəticəsində cinayət işi bağlanmışdır. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 2192 saylı 02.04.2002-ci il tarixli rəyini əsas götürüb Şahbazov Orxan Kamil oğlunun əməlində cinayət tərkibinin olmaması qənaətinə gələrək, cinayət işinin icraatına 10.04.2002-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

Hərbi xidmətdən qayıdandan bu günədək isə Z.Əliyev baş vermiş hadisə barədə oğul kimi Sabunçu RPİ-dən heç bir məlumat ala bilmir.

Ona görə də Z.Əliyevin Baş Prokurora, daxili işlər nazirinə və redaksiyamıza ünvanlanmış müraciətində belə deyir: “Bildirirəm ki, 2002-ci ildən bu günə qədər həmin iş üzrə cinayət işinin icraatına xitam verilməsi barədə qərarı mən və eləcə də mənim yaxınlarım ala bilməmişik. Hadisə baş verən zaman mən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı bölüyündə (keçmiş Bayıl İstintaq Təcridxanası) hərbi xidmətdə olmuşam. Hərbi xidmətdən sonra uzun müddət cəhd etməyimə baxmayaraq, birtərəfli aparılan istintaqın materialları ilə nə tanış ola bilmişəm, nə də Sabunçu RPİ-dən mənə hər hansı məlumat verilməmişdir. Daha doğrusu, Sabunçu RPİ-nin rəhbərliyi anamın ölümü ilə bağlı istintaq materiallarını hərbi sirr kimi məndən gizlədir. İş üzrə ekspert rəyinin nömrəsini və hadisəni törədən şəxsin kimliyini və eləcə də digər məlumatları Azərbaycan Respublikasının Baş Propkurorluğuna rəsmi müraciət etdikdən sonra öyrənə bilmişəm. Sonra mənə bildirdilər ki, mərhum anam Əliyeva Cəmilə Ağaəmi qızının ölümü ilə bağlı cinayət işinin materialları  Sabunçu Rayon Polis İdarəsində saxlanılır və yalnız bu idarədən qərarın surətini ala bilərəm.

 Odur ki, sizdən artıq dərəcədə xahiş edirəm, arxivdə saxlanılan və istintaq nömrəsi bizə məlum olmayan Şahbazov Orxan Kamil oğlunun anam Əliyeva Cəmilə Ağaəmi qızının avtomobillə vuraraq öldürməsi barədə cinayət işinin icraatına xitam verilməsi barədə qərarın surətinin mənə verilməsinə köməklik göstərəsiniz”.

 Müraciətin sonunda Z.Əliyev redaksiyamızdan bunu da xahiş edir: “Hörmətli redaksiya! Sizdən xahiş edirəm, mənim bu müraciətimi qəzetinizdə və saytınızda dərc edib Baş Propkuror, cənab Kamran Əliyevin və daxili işlər naziri cənab Vilayət Eyvazovun diqqətinə çatdırasınız ki, bu 22 ildə Sabunçu Rayon Polis İdarəsinin qanunlara arxa çevirən əməkdaları ciddi şəkildə cəzalandırılsınlar”.

 Göründüyü kimi, şikayətçi Z.Əliyevin istədiyi məsələ o qədər də çətin deyil. Bu adam anasının yenidən qaytarılıb ona verilməsini istəmir. Sadəcə, bir oğul kimi, bağlanmış cinayət işinin surəti ilə tanış olmaq istəyir. Axı bu, onun qanuni haqqıdır. Əgər bacısı övladlarının azyaşlı olmasından istifadə edərək dayıları Eldar Rufiyev qəza törədən Orxan Şahbazovla barışığa gedibsə, bunu oğul kimi bilməyə Z.Əliyevin haqqı var. O, bilmək istəyir ki, əgər bu barışığa dayısı qol qoyubsa, hansı şərtlər daxilində bu baş verib? Təbii ki, dayısı E.Rufiyev bu suallara vaxtında aydınlıq gətirmədiyi üçün aralarında bir soyuqluq, küsülülük də var. Heç olmasa dayısı E.Rufiyev hər şeyi vaxtında olduğu kimi desəydi, bu gün də Z.Əliyev güc strukturlarının qapısını döyməzdi.

 Maraqlıdır ki, Z.Əliyevin əmiləri və digər qohumları dəfələrlə danışsalar da Eldar Rufiyev partizan kimi susaraq, istintaq orqanları və qəzanı törətmiş şəxslə hansı şərtlərlə danışığa gedib barışması barədə heç bir açıqlama vermək istəmir. Nə isə...

zahid-surucu

Şikayət daxil olandan sonra «Media haqqında»  Qanuna uyğun olaraq əks tərəf kimi Sabunçu Rayon Polis İdarəsinin növbətçi hissəsinə zəng edib rəis Cavid Muradovla danışmaq istədiyimizi bildirdim. İdarənin növbətçi hissəsinin adını unutduğum rəisi mənim əlaqə nömrəmi götürüb Cavid müəllimə məruzə edəcəyini bildirdi. Bir neçə gün keçsə də, idarədən heç bir səs çıxmadı. Yenidən növbətçi hissənin (012) 425-02-02 nömrəli telefonuna zəng vurub Mahir adlı növbətçi hissənin rəisi ilə danışıb məqsədimi bildirdim. Yenə də bir nəticə hasil olmadı. Məcbur qalıb dostlardan öyrəndiyim rəis Cavid Muradovun 211-lə başlayan mobil telefonuna bir neçə gün zəng etsəm də, o, telefonu açmadı. Qəribədir, məgər nömrəni tanımayanda telefonu açmaq olmur? Bəlkə mən elə vacib bir hadisə barədə məlumat vermək istəyirəm ki, böyük bir cinayətin qarşısını almaq olar? Hər halda mən bu susqunluğu düzgün qəbul etmirəm.

 Bir neçə gündən sonra təkrarən növbətçi hissəyə zəng edib Mahir müəllimlə bir daha danışıb narazılığımı bildirdim ki, rəis Cavid Muradov mənim telefon zənglərimə cavab vermir. Məsləhət gördü ki, mən rəislə görüşmək üçün Sabunçu Rayon Polis İdarəsinə gəlim. Ancaq sadə bir suala cavab almaq üçün idarəyə gəlib rəisin vaxtını almaq istəmədim. Nəhayət, növbətçi hissədən rəis müavini Vüsal Sərdarovla məni calaşdırdılar. Çox səmimi söhbətimiz oldu. Vüsal müəllimi peşəkar polis işçisi kimi qəbul etdim. Çox etikalı və mədəni şəkildə məsələyə müəyyən qədər aydınlıq gətirdi. Vüsal müəllim məndən qısa bir vaxt ərzində möhlət istədi ki, məsələni araşdırıb cavab verə bilsin. Təxminən 10 dəqiqədən sonra Vüsal müəllim mənə zəng edib bildirdi ki, “…məsələni araşdırdım və məlum oldu ki, hadisənin üstündən 22 il keçdiyi üçün həmin materiallar arxivdə qalmayıb. Məsələni belə hərtərəfli araşdırdığınıza görə sizə də təşəkkür edirəm. Şikayətçini göndərin mənim yanıma, ona hər şeyi ətraflı izah edərəm”.

 Lakin həmin andaca Vüsal müəllimə bildirdim ki, ola bilməz polis idarəsinin arxivi illər keçəndən sonra məhv edilsin. Hadisə baş verən 2002-ci ildə də kompüterlər var idi və hər şey kompüterə salınıb arxivləşdirilirdi. Əlbəttə, bu məsələ mənim üçün bir az müəmmalı qaldı. Dərhal ötən il, bir mülki problemi ilə əlaqədar redaksiyamıza müraciət edən 72 yaşlı xanım yadıma düşdü. Bu xanım 1917-ci ildə olan oktyabr inqilabından əvvəl, bəy olmuş babasına məxsus Gəncədəki mülkə dair vars kimi Mərkəzi Arxivdən arayış almışdı. Maraqlı deyilmi? Amma son 22 ilin arxivi Sabunç Rayon Polis İdarəsində yoxdur...

*** 

 Mənim xahişimlə şikayətçi Z.Əliyev deyilən vaxtda Sabunçu Rayon Polis İdarəsinin rəis müavini Vüsal Sərdarovun qəbulunda olub. Ona da deyilib ki, 2002-ci ildə olan materiallar arxivdə yoxdur. Ona görə də Z.Əliyev təkrarən redaksiyamıza gələrək bildirdi ki, beləcə onu illərdir ki, süründürürlər və xitam verilmiş qərarla onu tanış etmək istəmirlər. Bu səbəbdən də bizdən xahiş edir ki, onun şikayətini qəzetimizdə və saytımızda dərc edək: “Bəlkə bu yazı Baş Prokuror cənab Kamran Əliyevə və daxili işlər naziri cənab Vilayət Eyvazova çatdı. Mənim istəyim sadəcə avtoqəza nəticəsində dünyasını dəyişən anam haqqında başlanmış cinayət işi və bu işə xitam verilmiş qərarla tanış olmaqdır. Hər iki güc strukturunun rəhbərindən ata-anasını avto qəzada itirmiş yetim bir oğul kimi xahiş edirəm. Anamın cinayət işinin materialları ilə tanış olmaq üçün Sabunçu Rayon Polis İdarəsinin rəisinə göstəriş versinlər ki, arxivdən həmin qərarı tapıb mənə versinlər”.

 Göründüyü kimi, şikayətçi Z.Əliyevin Sabunçu Rayon Polis İdarəsindən istədiyi elə də ciddi bir problem deyil. Axı, ola bilməz ki, Polis İdarəsi kimi nüfuzlu bir qurumun arxivi heç yerdə qeydiyyat aparılmadan məhv edilsin. Bu məsələ nəsə bir az inandırıcı görünmür. Bəlkə də hansısa illər keçəndən sonra arxiv məhv edilməlidir. Onu dəqiq bilmirik. Ona görə də biz də inanırıq ki, Baş Prokuror cənab Kamran Əliyevin və daxili işlər naziri cənab Vilayət Eyvazovun göstərişi ilə bu sadə bir məsələyə aydınlıq gətiriləcək və şikayətçi Z.Əliyevə, həmçinin redaksiyamıza nəhayət, dəqiq bir məlumat veriləcək. Eyni zamanda, sadə bir məsələni gətirib bu yerə çatdıran Sabunçu Rayon Polis İdarəsinin bu işə cavabdeh əməkdaşları da cəzalanmalıdır ki, vətəndaşları heç nədən süründürməklə redaksiyaların qapılarına salmasınlar...

Hazırladı: Elçin MƏMMƏDLİ

P.S. Hər iki tərəfin mövqeyini dərc etdik. Əks tərəfin əlavə fikri, mövqeyi olarsa, yenə dinləyib dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN