Şuşam mənim - Qalam mənim!

     Deyirlər ki, hər kəs bayramda öz evində olmalıdır. Biz də öz evimizdə olduq... Qarabağımızda, Şuşamızda. Əvvəlcədən Şuşaya getməyi qərarlaşdırmışdıq. Hökümət portalından icazə də almışdıq. Aprelin 10-u səhər saat 500-da evdən çıxdıq...

      Şuşaya doğru...Zəfər yolu ilə... Elə qarışıq, qəribə hisslər keçirirdim ki...

      Düz 33 il bundan əvvəl Şuşada olmuşdum. Mən o zamanlar 88-90-cı illərdə tez-tez Şuşada olardım. Qardaşım - Allahverdi İsmayılov Şuşa Mədəni-Maarif Texnikumunda (indiki Şuşa humanitar kolleci) müəllim işləyirdi. Şükür indi də fəaliyyətini davam etdirir. Biz onun evində tez-tez olurduq. Açığını deyim ki, mən Şuşada darıxardım o zamanlar... Şuşanın qənirsiz gözəlliyini o qədər də hiss etmirdim. İnsan elə yaranışdan belədir... Əlində olan ən qiymətli bir şeylərin qədrini bilmir axı... İndi kiməsə təəəccüblü görünə bilər... o zaman biz ailələrimizlə Cıdır düzündə, İsa bulağında, Soyuq bulaqda, Dəli dağda, Qaranlıq dərəsində, İsti suda (saymaqla qurtarmaz ki..) yay boyu istirahət edərdik və bu, bizim üçün həm adət etdiyimiz istirahət, hə də həyat tərziydi. Bir də o vaxtın gəncliyi məni daha yaxşı anlar... O zamanın (80-ci ilin ortaları)  gəncləri həyata başqa cürə baxardılar. Bizi uzaq-uzaq yerlər, böyük-böyük şəhərlər özünə cəlb edər, çox böyük xəyallar qurardıq... Nə isə... Bu gün Şuşadan danışacağam. Daha doğrusu Şuşa səfərindən.

      Zəfər yolu ilə Şuşaya doğru gedirik. Çox sevdiyimiz Motsartı dinləyə-dinləyə irəliləyirik. Yolda gah yağış yağır, gah da gün çıxırdı. Yolun kənarlarında yol boyu uzanıb gedən təpəliklər sarı, qırmızı çiçəkərə elə bürünüb ki, sanki bu çiçəklər torpağın yaralarını sarıb, onları örtüb ki, ziyarətçılərin qəlbi ağrımasın...

Füzuli şəhərinə daxil olarkən “Siz işğaldan azad edilmiş zonaya daxil olursunuz”şüarı ilə rastlaşanda bir az diksindiyimi hiss etdim. Bir anlığa ətraf insanın gözündə başqalaşır. İstər-istəməz ətrafa göz gəzdirirsən. Hər tərəf yaşıllıqlar içərisindədir... Bu yaşıllıqların içərisində müharibə və işğal izləri...

       Qarışıq hisslər məndən əl çəkmir. Gah ağlamaq istəyirəm, gah sükut içərisindəyəm...

        Qızım yolboyu hər tərəfi telefonu ilə çəkir... 2021-ci ildə Ağdamın Quzanlı qəsəbəsində Seyid Nigariyə həsr olunmuş Beynəlxalq Konfransda iştirak edirdim. Bütün iştirakçıları Ağdama apardılar. O zaman hələ böyük quruculuq işləri yenicə başlayırdı. Nə isə... Konfransa gedəndə, Qızım, sənə nə gətirim oralardan - demişdim. “Mənə Ağdam  torpağı gətir” demişdi... Və mən qızıma Şahbulaq qalasının yanından torpaq gətirdim. Həqiqətən torpaq sevgisi qanla, südlə gəlirmiş... Yəqin ki, körpəlikdən hər zaman Ağdam adı gəlndə gözümdən axan yaşları gördükcə, atasının təkrar – təkrar söylədiyi uşaqlıq xatirələtrinə qulaq asdıqca... bunları kiçicik qəlbinə toplayırmış... Böyük Xudu Məmmədovun dahiyanə sözlərini xatırlayıram “Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil... Siz Vətəni onlara tanıdın onlar özləri sevəcəklər” Ruhun şad olsun Xudu Müəllim!  Qızım heç vaxt Ağdamı, Şuşanı görməsə də hər yeri o qədər acgözlüklə seyr edir ki...

      Füzuli aeroportuna dönürük... Hər tərəf göz oxşayır. Maşını saxlayıb aeroportun qapısından içəri daxil oluruq. Cavan polis çox nəzakətlə bildirir ki, istədiyiniz qədər baxıb çəkiliş apara bilərsiniz, amma təəssüf ki, içəri daxil olmağa icazə yoxdur. İnşallah, yaxınlarda ümumi icazə veriləcək. O zaman gələrsiz. Sağollaşıb Şuşaya doğru yol alırıq. Yuxarıya qalxdıqca havanın təmizliyi ürəklərimizə yağ kimi yayılır... Heç yorğunluq hiss etmirik. Şuşaya tez çatmaq istəyirik. Yolboyu müxtəlif yerlərdə tikintilər gedir. Çəkilən tunelləri görürük. Nəhayət Şuşanın dolamalarına çatırıq... Bir anlığa Ağdam-Şuşa yolundakı dolamalar yadıma düşür. 1992-ci ilə kimi o qədər o dolamalarla getmişik ki.

       O zaman “erməni xəstəliyi” başlayanda o yollarla getmək yaman çətinləşmişdi... Vəhşiləşmiş ermənilərdən hər şey gözləmək olardı... Qardaşım ailəsi ilə tez-tez o yolları gedib – gəldiyi üçün çox narahat olurduq... Sonra o yol da bağlandı... Şuşa da əsirlikdə qaldı...

           Zəfər yolundakı Şuşa dolamaları bizi qatı dumanla qarşıladı. Duman o qədər qatı idi ki, 1 metrlik məsafədən heç nəyi görmək olmurdu. Bir az qorxu keçirdim. Şükür yolun kənarında qoyulan qırmızı ox işarələri köməyimizə gəlirdi və... dolamalar qurtardı. Axırıncı polis məntəqəsində sənədləri yoxladılar və biz Şuşaya daxil olduq. Ətrafa baxıram yaddaşımı oyalayıb şəhəri yadıma salmaq istəyirəm. Amma yox heç nəyi xatırlamıram. “Şuşa” otelinə çatırıq...Maşını otelin həyətində saxlayıb içəri daxil oluruq. Otelin işçiləri bizi çox sıcaq, mehribancasına qarşılayıb ”Xoş gəldin” edirlər. Otelin həyətində başlayan möhtəşəmlik içəridə də davam edir. “Şuşa” beş ulduz otel statusunu nəinki doğruldur, hətta daha yüksək bir səviyyə ilə qarşılaşırsan...

snayper-1-5

          Biz qeydiyyat stoluna yaxınlaşaraq kartı götürüb 3-cü mərtəbəyə - 306-cı otağa çıxırıq.

          Otaqdakı səliqə-sahman, yüksək zövqün göstəricisi olan şərait göz oxşayır. Eyvandan şəhərin panoramı o qədər cəlbedici, göz oxşayan və rəngarəngdir ki... Bir qədər soyuq və yağışlı  olduğu üçün eyvanda oturmadıq. Otelin işçiləri gəlib bəzi lazımi şeyləri bizə gətirdilər və “nə lazım olsa telefonla bizə xəbər verin” dedilər. Bir qədər dincəldikdən sonra şəhərə gəzməyə çıxdıq. Bütün şəhəri piyada dolaşmaq istərdik...Yalnız havaya görə maşınla çıxdıq və Natəvan bulağına endik. Oradan böyük zəfərimizin rəngini daşıyan qırmızı rənglərlə həkk edilmiş “Şuşa” sözünün həkk olunduğu şəhərin Gəncə qapısı adlanan girişinə gəlirik. Xeyli insanlar, qonaqlar var. Hamının üzündə sevinc, qürur hissi var. Çoxlu şəkillər çəkdirdik... Sonra Cıdır düzünə doğru yol alırıq. Bu da Cıdır düzü... İlk dəfə burada 16-17 yaşlarımda olmuşdum... Zamanı dondurmaq o zamana qayıtmaq istərdim... Xeyli insanlar var ətrafda... Hamısı qonaqdır. Bir qrup cavanlar  xorla “Yaşa - yaşa Azərbaycan” oxuyurlar. Çox sevinirik. Dağların əzəmətinə, iki dağın arası ilə axan çaya, qıy vuran qartallara baxmaqdan doymuruq. Amma gözümün qabağına sıldırım qayalardan dırmaşaraq Şuşamızı azad edən oğullar gəlir... Heç bir təhlükəni ağlına gətirməyən, heç nədən qorxmayan, mənfur düşməndən öc alan igidlərimizin ruhuna dönə-dönə rəhmət diləyirik.

          Həyat yoldaşım – t.e.d., prof. Valeh müəllim Baxşəli (AzTU-nun professoru) hər zaman şəhidlərin ruhuna dular oxuyanda deyir: ”Allah şəhidlərin haqqını bizə halal etsin ki, biz onlara layiq yaşaya bilək...”. 27 sentyabr 2020-ci il Vətən Müharibəsi başlayanda o, öz  Facebook səhifəsində belə yazmışdı: “Azad olunmuş Qarabağın hər qarışını ilk görən Vətən övladına həsəd aparıram”. Cıdır düzündə qədim Şuşa qəbiistanlığında Mir Möhsün Nəvvabın qəbrini ziyarət edirik. M.M. Nəvvaba da bir vəfa borcum var... Dissertasiya işimin bir fəsli Nəvvabın ədəbi-elmi irsinə həsr olunmuşdur. Eyni zamanda 2001-ci ildə “M.M. Nəvvab: biblioqrafik vəsait” adlı kitab da çap etdirmişdim... Bu kitabın hazirlanmasında mənə kömək edən Nəvvabın nəvəsi Simuzər Ağayevanı da xatırladım və ruhuna dualar oxudum.

       

      Oradan Yuxarı Gövhər ağa məscidinə getdik. Məscidin içərisində qızımla dualar etdik. Həyat yoldaşım Valeh müəllim məscidin həyətindədir. Bizi gözləyir. Məsciddən çıxıb yaxınlıqdakı bazara (karvansaraya) daxil oluruq. Sükut içərisində, köhnəlmiş, dağılmış bazar... artıq içəridə bərpanın getdiyini görürük. Valeh müəllim bir xatirəsini bizimlə bölüşür. Deyir mən 3-cü sinifdə Şuşada 2 saylı məktəbdə oxumuşam... Əli ilə piştaxtanı əvəz edən daşı göstərib deyir. Burada bir qohumum oturub, tum satırdı. Hər dəfə tənəffus olanda gəlirdim onun yanına, o da mənə bir ovuc tum verərdi və mən, dünyanı mənə vermişlər kimi şəstlə məktəbə doğru qaçardım.

        Sonra biz onun (yoldaşımın) vaxtı ilə oxuduğu məktəbin axtarışına çıxdıq... Həmin məktəbi (məktəbin yerini) çətinliklə tapdıq. Çox böyük qədim məktəb binasından bir hissə və məktəbin yanında olan qədim hamam hazırda yerindədir. Bərpa işləri gedir. Bu məktəbin xarabalığı qarşısında dayananda elə bil ki, bütün dünyanı bizə verdilər... İndi orada təmir işləri gedirdi. Hər tərəfində tikinti materialları var idi. Lakin biz yenə də həmin yerdə şəkil çəkdirdik. Ətrafı seyr etdik. Buralarda yaraşıqlı, Şuşanın memarlıq üslubuna uyğun binalarda son tamamlama işləri aparılır. Bu binaları televiziyada görmüşdüm... Amma canlı görmək, bu tikinti işlərinə şahid olmaq bir başqa zövq idi. Burada aparılan bütün təmir, bərpa, inşaat işləri qəlbimizin ən incə tellərinə toxunurdu. 30 il həsrətini çəkdiyimiz Vətən torpaqları dirçəlir, yenidən qurulur, üz qarası düşmənin izləri gözə çarpacaq dərəcədə paklanır, təmizlənir. Yadıma kəndimizdəki (Agdamın Mərzili kəndi) hadisələr düşür. O zaman evlərin tikilməsində, damların vurulmasında  və s. işlərdə ermənilər gəlib kənd camaatının evlərində işləyirdilər. Təbii ki, ev yiyəsi onlara yemək, çay verərdi. Onlara yemək verilən qablar ayrıca saxlanardı. Ustalar işlərini qurtardıqdan sonra nənələrimiz bizə deyərdilər o qabları aparın atın. Bizlər isə o vaxtın “Sovet pionerləri” etiraz edib, xalqlar dostluğundan böyüklərə “ağıl” verərdik. Zaman keçdi...Biz anladıq ki, bu xalqı - erməni toplumunu tanımamışıq... Böyüklərə etirazımız da hər zaman bizdə bir peşmançılıq hissi yaratdı...

     ...Məktəbi tapdıqdan sonra “Şuşa” otelinə gedirik. Artıq axşama doğrudur. Otağımızda xeyli istirahət edirik. Özümüzlə götürdüyümüz yeməklərdən yedik, bir qədər istirahət etdik. Qəhvə hazırlayan makinada dadlı qəhvə içdik. Günümüzü ətirli çayla başa vurduq. Qızım möhkəm yatdı. Yoldaşımla mən isə gecəni demək olar yatmadıq. Eyvandan yağan yağışı doyunca seyr etdik... Hər tərəf duman içərisində idi: Şəhəri görmək olmurdu. Bəlkə 1-2 saat mürgülədik...

      Artıq Şuşanın səhəri açılmışdı...Yağış narın-narın yağırdı. Şəhərin mənzərəsi aydın görünürdü. Şəhər xınalı gəlin kimi bəzəkli görünürdü. Üstü qırmızıya çalan evlərin damları uzaqdan elə gözəl görünürdü ki... Biz eyvandan şəhəri salamladıq.”Sabahın xeyir Şuşam!”dedik. Canlarını sənin uğruna fəda edənlərin ruhuna dualar oxuduq və təkrar etdik ki, bizi bağışla Şuşa sənin bu bənzərsiz gözəlliyini niyə əvvəllər bu qədər duymamışıq.

           Şəhəri dəfələrlə seyr etdik. Yağış onsuz da gözəl və səliqəli otelin həyətini daha da gözəlləşdirmişdi. Bir az soyuq olmasına baxmayaraq İsa bulağına qalxmamış dönmək istəmirdik. Mən əvvəllər(mənfur işğaldan əvvəl) “İsa bulağında” dəfələrlə olmuşdum. Orada gözəl istirahət etmişdik. O zaman ağlımıza da gəlməzdi ki, bir zamanlar buraya həsrət qalacağıq və qovuşmaq üçün 30 il dözməli olacağıq... Bu gün mən İsa bulağında olanda bir anlığa düşündüm ki, bu 30 il necə keçdi... Biz bulaqdan su götürdük... Ətrafda yağışın altında xeyli insanlar var idi. Bu mənzərə, insanların bu sevinci həqiqətən bizi bizdən alırdı. .. Çox qürurlu idik.

Məkanınız cənnət olsun igid şəhidlərimiz! Heç dönmək istəmirik. Təəssüf cəmi iki günlük icazəmiz var. İnşallah! İşlərimiz çoxdur burada. .. Bir az da səbr edək ki, təməlli dönək buralara...

Hava açıqkən Şuşa dolamalarından Zəfər yoluna çıxırıq...Salamat qal Şuşam! Gözün aydın Vətən!

 Baxşəli Gözəl İsmayıl qızı,

Tarix üzrə fəlsəfə doktoru

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN