(Teatral yazılar silsiləsindən- esse)

 "Azərbaycan xalqının bir çox nəsilləri teatr və kino ilə tərbiyələnib,  teatrın və kinonun təsiri altında formalaşıb, inkişaf edib. Böyük, ulu mədəniyyətə  qovuşubdur". -

Heydər Əliyev

 ***

...Əbədiyaşar prezident Heydər Əliyev teatrı və kinonu çox sevirdi. Bəlkə də bu ondan irəli gəlirdi ki, dahi rəhbər cavanlıq illərində teatrla məşğul olmuş və səhnədə bir-birindən maraqlı rollar yaratmışdı. Yadıma gəlir ki, Xalq artisi Zəröş xanım Həmzəyeva mənimlə söhbətində  deyirdi ki, “Biz Heydər Əliyevlə səhnədə rol oynayıb, tərəf müqabili olmuşduq. O, çox istedadlı insan idi və  yaxşı aktyor ola bilərdi. Heyif ki, bu sənətin ardınca getmədi”. Çox maraqlıdır ki, dünyanın bir sıra  ölkə  rəhbərləri teatrdan böyük siyasət aləminə gəlib və hər biri də  bacarıqlı, tarixi  rəhbərlər olublar...  Hətta Antik teatrda aktyorları  Qədim Yunanıstanın  rəhbərləri başqa ölkələrə diplomant kimi işləməyə  göndərirmişlər.

 Çox sevindirici haldır ki, bu gün ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ulu Öndərin  həm iqtisadiyyat, həm siyasət, həm mədəniyyət və həm də ki, bütün aparıcı sahələrdə qoyduğu ideyaları, kursu dəstəkləyir və onları daha da yüksək səviyyədə yerinə yetirirlər. Onların hər ikisinin Azərbaycan mədəniyyətinin inkişafına  verdiyi  böyük töhfələr təqdirə layiqdir. Elə Mehriban xanımın Azərbaycan muğamını və aşıq sənətini YENESKO-nun  qeyri- maddi  mədəniyyət irs siyahısına daxil etdirməsi  özü ən böyük tarixi hadisədir və xalqımız tərəfindən rəğbətlə qarşılanıb.

Bəli. Ölkə başıçı və Birinci Vitse-prezident məmləkətimizin  teatrlarını da həmişə gündəmdə saxlayır və onlara lazım olan kimi köməklik  edirlər. Çünki onlar yaxşı bilir ki, teatr millətin güzgüsüdür. Və teatr milləti xarici ölkələrdə təmsil edən ən böyük, canlı  mədəniyyət sahəsidir. Məhz buna görə də onlar teatrın maddi-texniki bazasının yüksəlməsinə, teatr işçilərinə fəxri adların,  Prezident mükafatlarının, Prezidentin Fərdi Təqaüdünün, mənzillərin  verilməsinə bacardıqları kimi köməklik edirlər.

Elə bir neçə il bundan qabaq Musiqili Komediya Teatrına və Rus Dram Teatrına Akademik stasutunun verilməsi təkcə həmin teatrlarının kollektivlərinin yox, bütün teatrsevərlərin bayramına çevrildi. Həmin sevincin davamı olaraq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və Gəncə Dövlət Dram Teatrının da Milli statusa  layiq görülməsi böyük tarixi hadisə kim hər iki kollektivin və tamaşaçıların böyük sevincinə səbəb oldu. İndi  əsas iş odur  ki, teatr kollektivlərinin ölkə başçısı  cənab İlham Əliyevin,  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  ümidlərini doğrultmaq. İnanıram ki, həmin ümidlər də  doğrulacaq.

milli-gnc-tamasacilar-1-ci-skil

Mən burada bir məsələni də oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, bu işdə Mədəniyyət naziri cənab Adil Kərimlinin də böyük əməyi olub. Çünki onun tutarlı təqdimatları burada, bu işin reallaşmasında böyük rol oynayıb. Onu da vurğulayım ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının direktoru  Naidə xanım İsmayılzadə də əlindən gələni edirdi ki, kollektiv Milli satusu alsın. Çünki bu xeyirxah işin reallaşması ilə bağlı, onun böyük səylə çalışması, bizim teatr kollektivinin  gözü  qarşısında  baş verirdi.  Naidə xanım, səbrlə,  böyük diplomatiya və tutarlı faktlarla, teatrın son  on  ildə əldə etdiyi böyük uğurların  sənədlərini hazırlayıb, Mədəniyyət Nazirliyinə təqdim etmişdi və demək olar ki, hər gün bu işin reallaşması üçün çalışırdı.

Mən ömrümün iyirmi altı ilini teatrlara rəhbərlik edən və əlli illik peşəkar teatr sənətində təcrübəsi olan insan kimi  yaxşı  bilirəm teatr kollektivinə rəhbərlik etmək çox çətindir. Bunada teatr rəhbərindən ilk öncə yüksək savad, böyük səbr və təşkilatçılıq tələb olunur. Ona da çox sevinirəm ki, Naidə xanım İsmayılzadə çox böyük uğurla, yüksək təşkilatçılıqla Azərbaycan  Dövlət Milli Gənc Tamaşaçılar Teatrına 2018-ci ildən bacardığı kimi rəhbərlik edir. Yüksək  savadlı, səbrli  və  obyektiv insan olduğuna görə kollektiv də onu çox sevir.

Artıq  yaranmasının  97-ci ilini yaşayan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının keçmiş tarixinə  qısa da olsa nəzər salaq və görək bu teatr hansı çətinliklərdən keçərək, bu günkü günümüzə qədər gəlib çatıb. İnanıram ki, bu, oxucular, tamaşaçılar  üçün də maraqlı olacaq və onlar öz sevimli teatrlarını daha yaxından tanıyacaqlar.

milli-gnc-tamasacilar-4-cu-skil

 Necə oldu ki, bu teatr yarandı

 Azərbaycan  Dövlət Gənc Tamaçılar Teatrı  özfəaliyyət uşaq dram dərnəklərinin əsasında yaranıb.  Belə ki,  həmin vaxtlar Bakıda keçmiş Tağıyev toxuculuq kombinatında, indiki Səttarxan adına zavodda və bir sıra təşkilatlarda uşaq dram dərnəkləri yaradıldı. Onlardan ən fəalı Xəzər dənizçiliyi klubunun nəzdindəki 40  nömrəli  Pioner dəstəsinin  dram  dərnəyi idi. Bu  dərnəyinin fəaliyyətini genişləndimək məqsədilə şəhər komsomol komitəsi yanında uşaqlardan ibarət dram dərnəyi də  təşkil  edildi. Həmin vaxtı  14 yaşlı  çox istedadlı insan  Ağadadaş Qurbanov dərnəyə rejissor təyin olunub.  O, öz həmyaşıdları və özündən kiçik olan pionerlərlə tamaşalar hazırlamaşa başlayıb.

Beləliklə, 1927-ci il mart ayının 15-də Bakıda  Lətif  Kərimlinin  “Fırtına”  pyesinin tamaşası 14 yaşlı Ağadadaş Qurbanovun  maraqlı quruluşunda  tamaşaçılara  göstərildi. Bu tamaşa 1927-ci il mayın 31-də  Əli Bayramov adına  Qadınlar klubunda keçirilən Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqının  VIII qurultayı nümayəndələrinə də  göstərilib. Tamaşa çox maraqlı olduğuna görə qurultay nümayəndələri  Bakıda Uşaq  Teatrı yaratmaq haqqında Azərbaycan Xalq Maarif Komissarlığı qarşısında məsələ qaldırıblar. 1928-ci il oktyabrın 5-də Azərbaycan Xalq Maarif Komisarlığının  qərarı ilə Bakı Uşaq Teatrı Ağadadaş Qurbanovun rəhbərliyi ilə  rəsmi fəaliyyətə başlayıb. 1928-ci il noyabr ayının 6-da Nikolay  Smirnov və Sergey Şerbakovun  “Beş nəfər”  adlı tamaşası ilə rus bölməsi, 1930-cu il yanvar ayının 30-da Nikolay  İvanterin  “Qırmızı qalstuk əleyhinə”  tamaşası ilə Azərbaycan bölməsi özünün teatr truppası ilə tam  fəaliyyətə başlayıb.  Amma həmin vaxtı milli uşaq pyesləri yox idi. Buna görə də azərbaycanlı dramaturqlar Abdulla Şaiq, Mirmehdi Seyidzadə, Əyyub Abbasov bu sahədə öz istedadlarını sınayıblar. Və beləliklə, ilk milli uşaq dramaturgiyası    Abdulla  Şaiqin “Xasay”,  “Eloğlu”,  “Fitnə”, Mirmehdi Seyidzadənin “Qızılquş”,  “Nərgiz”, Əyyub Abbasovun  “Azad”,  “Məlikməmməd”  tamaşaları ilə yaranıb və bu teatrda yüksək peşəkarlıqla tamaşaya qoyulub.

Bu teatrın ilk  yaradıcı  qaranquşları isə - Ağadadaş Qurbanov, Susanna Məcidova, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Məmmədağa  Dadaşov,  Əliməmməd Atayev və başqa  aktyorlar,  rejissorlar olublar.

1936-cı ilin  iyul ayının 18-dən etibarən Bakı Uşaq  Teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən  Azərbaycan Dovlət Gənc Tamaşaçılar Teatrı  adlandırılıb  və  bu tetra Sovetlərin vaxtı olduğuna görə  yazıçı  Maksim Qorkinin adı verilib. 1936-cı ildə Moskvada A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda  rejissorluq fakültəsini başa vuran, çox istedadlı rejissor  Məhərrəm Haşımov teatrın baş rejissoru təyin olunub. Moskvada təhsil alan peşəkar rejissorun teatra gəlişilə çox şeylər yaxşılığa doğru dəyişib. Çünki Məhərrəm Həşimov özü ilə Moskva teatr mühitini də bu kollektivə gətirib. O, bu teatrda ilk işi olan və  teatrın hər iki bölməsində Vladimr  Lyubimovanın “Seryoja Streltsov”  əsərini müvəffəqiyyətlə tamaşaya hazırlayıb. Hətta aktyorlardan bəziləri hansılar ki, rus dilini yaxşı bilirdilər, bu tamaşada həm azərbaycan və həm də rus bölməsində öz rollrını oynayıblar. Elə sonrakı illərdə də Azərbaycan bölməsində olan aktyorlar, aktrisalar hansılar ki, rus dilini yaxşı bilirdilər rus bölməsində  də rollar oynayıblar.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tamaşaçıları teatrın rəhbərliyinə  belə bir maraqlı təkliflə müraciət ediblər: “ Məşhur dramaturq, uşaq dramaturgiyasını yaxşı bilən   Abdulla Şaiq  uşaq  dramaturgiyasını dirçəltmək üçün bu teatra işə götürülsün”. Beləliklə, 1937-ci ildə görkəmli uşaq yazıçısı Abdulla Şaiq teatrın ədəbi hissə müdiri təyin olunub. Yuxarıda  yazdığım kimi  ilk milli uşaq dramaturgiyası əsasında  yaranan Abdulla Şaiqin  “Xasay”,  “Eloğlu”, “Fitnə”, Mirmehdi Seyidzadənin  “Qızılquş”, “Nərgiz”, Əyyub Abbasovun  “Azad”, “Məlikməmməd” tamaşaları teatrın yaradıcılıq nailiyyətləri olmaqla  başqa  dramaturqları da  həvəsləndirib  ki, bu teatr üçün uşaq  pyesləri yazsınlar.(ardı gələn sayımızda)

Ağalar İDRİSOĞLU,

yazıçı-rejissor,

Əməkdar incəsənət xadimi,

Dövlət  Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

 

 

 

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN