...Bu faktı bir neçə dəfə yazmışam: bir neçə il əvvəl ailəlikcə Türkiyənin Trabzon şəhərinə gedirdik... Bakı- Tbilisi- Batum- Trabzon marşrutu üzrə şəxsi avtomobilimlə yola çıxdıq... Qazaxdakı "Qırmızı körpü"yə kimi Azərbaycanın yol polisi əməkdaşları məni 3 dəfə saxladı... Süni bəhanələr və... Gürcüstan sərhədini keçdik. Olanlar bilir ki, Tbilisinin daxili yolları çox dolaşıqdır, nabələd sürücü üçün əməllicə problemdir. 
Beləliklə, mən -Tbilisi küçələrinə nabələd sürücünü yol polisindən kimsə saxlamadı. Ən azı başqa ölkənin dövlət nömrə nişanı dərhal diqqəti cəlb etsə də.
Nəhayət, Batum- Trabzon yoluna çıxmaq üçün 2 dəfə cəhd etdim, Tbilisidə yenə yolu azdım. Üçüncü dəfə bir də cəhd etdim, yenə çaşdım... Yolda dayanmış bir erməni taksi sürücüsündən Batumi yolunu soruşdum. Başa saldı ki, yolu səhv salmışam, amma qoşa xətti kəsib qarşı yola çıxsam, sağa istiqamətlənib vəziyyətdən çıxa bilərəm... Erməni taksi sürücüsünün məsləhətinə qulaq asıb qoşa ətti kəsib aralanmışdım ki, arxadan DYP avtomobilinin "Saxla!" əmrini eşitdim, maşını saxladım. Yaxınlaşıb özünü təqdim etdi. Cəriməni ödəmək üçün əlimi cibimə atdım, sonra onun sualına cavab verdim... Dedim ki, Bakıdan gəlmişəm, jurnalistəm və Trabzona gedirəm, ilk dəfədir Tbilisidə avtomobil idarə edirəm və s. Dedi, arxamca gəlin... Artıq əmin idim ki, məni cərimə meydançasına, ya da hansısa cərimə ödəmə məntəqəsinə aparır... Təxminən 2-3 km məsafə qət etdik.
 Yol polisi avtomobilini saxladı, mən də eyni zamanda. Yaxınlaşıb nəzakətlə bildirdi ki, siz ilk dəfədir Tbilisidəsiniz, yolun səmtini bilmədiyiniz üçün qayda pozmusunuz. Amma narahat olmayın, qarşıdakı yol sizi Batuma aparır. "Sizə yaxşı yol!".
XXX 

 Niyə Azərbaycanın yol polisi əməkdaşları yollarda, ancaq cərimə yazmaq üçün dayanmalıdır! Məgər, "Əsasnamə"də və ya onları işə götürəndə mümkün qədər cərimə yazmağı öyrədib başa salırlar???
Təsəvvür edin, Bakıda əhali sayı təxminən 2,2 milyon nəfərdir, istismarda olan avtomobillərin sayı isə təxminın 1,3 milyondur. Bu o deməkdir ki, hər iki nəfərdən biri sürücüdür. Deməli, yol polisi sürücüyə gözünü yumub cərimə yazırsa, bu iki ailədən birinin ailə büdcəsinə müdaxilədir. Və onu da nəzərə alın ki, Prezident İlham Əliyev əhaliyə sosial yardım və ya müavinətlərin daha çox verilməsini təmin edir, yol polisi isə əksinə, bu yolla həmin ailələrin həmin yardım səbətinə təcavüz etmiş olur.
Mənimlə razı olmaya bilən də mümkündür. Amma və lakin... Bakıda evdən avtomobillə çıxdınsa, parkovka ödənişinə və ya cəriməsinə, yer tapmadlnsa yol polisinin cərimələrinə hazır olmalısan. Niyə! Bakını öz sakinlərinə faktiki icarəyə veriblərmi? Avtomobilin sığortası, texniki baxışı, utilizasiya... Ardınca da cərimələr! Bunları kim icad edib?
XXX
Bu gün günorta saat 14:00 radələrində "Qələbə" dairəsindən keçəndə DYP əməkdaşı məni saxladı. Səbəbini soruşuram, deyir ki, avtomobil axtarışdadır...
Təəccübümdən yerə düşüb sual verirəm ki, bu harda yazılıb və nə deməkdir?
Təcrübəsiz inspektor digər bahalı DYP avtomobilində əyləşmiş vı telefonla qurdalanan baş leytenantı nişan verib: - Ona yaxınlaşın, izah edəcək, - deyir.
Yerindən tərpənməyən və özünü təqdim etməyən baş leytenanta yaxınlaşıram:
- Bu nə məsələdir, inspektorunuz deyir ki, maşın axtarışdadır...
Gülür:
- Hə, cəriməniz var, maşın həbs ediləcək... Bəs niyə cəriməni ödəmirsiniz?
- Həmin cəriməni əsassız hesab edərək məhkəməyə müraciət etmişəm...
- Məhkəmə neçə aydır niyə qərar vermir?
- Zəng edib ədliyyə nazirindən, ya da Bakı İnzibati Məhkəmədən soruşun... Mən hardan bilim... 
- Kimi məhkəməyə vermisiniz?
- Baş DYPİ- nin rəisi, general Ramiz Zeynalovu... Sizləri belə öyrətdiklərinə və sürücülərlə düşmən kimi rəftarınıza görə...
Təəccüblənir:
- Pulunuz yoxdur, gedin ödəyin də...
- Söhbət puldan yox, yol polisinin əsassız cəriməsindən və mənə bu cərimənin harda və nə üçün yazıldığını sübut edən görüntü, yaxud maddi sübutlar göndərməməsindən gedir...
Şaqqanaq çəkib gülür:
-Siz boyda adamın məhkəmədə nə işi var ey... Gedin cəriməni ödəyin, yoxsa avtomobili bu saat həbs edə bilərəm...
  Başa düşürəm ki, düşüncəsində cərimə və yalnız cərimə fəlsəfəsi yatan baş leytenantla çənə vurmağa dəyməz, sağollaşıb aralaşıram...
XXX
 İndi diqqət edin: Bu gün Baş DYPİ- nin şöbə rəisi Rövşən Tağıyev özünün fb səhifəsində belə bir məlumat paylaşıb: "Vət.Samir Quliyevin sosial şəbəkədə yazdığı şərh əsasında tərəfimizdən araşdırma aparılmış və doğurdan da ??-FQ-507 nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən törədilən və xüsusi texniki vasitə tərəfindən aşkar edilən qayda pozuntusuna dair elektron protokolun səhvən ??-FO-507 nömrə nişanlı avtomobillin sürücüsünə, yəni Samir Quliyevə göndərildiyi müəyyən edilmişdir.
Artıq Mərkəzi İnformasiya Sistemində müvafiq düzəlişlər aparılmışdır".
Nə qədər soyuqqanlı bir hərəkət! Sürücüyə psixoloji gərginlik yaşatmaq, narahat etmək, əsəbləri ilə oynamaq bəs deyi, hələ bir bu halı adi sayaraq düzəlişlərdən söhbət açır. Bəs həmin səhvə yol vermiş əməkdaşa hansı cəza verildi? Sürət həddini 1 km- saat keçən sürücüyə cərimə tətbiq edir, heç bir sənəd - sübut göndərmədən ödəmək tələbi qoyulur, amma bu boyda səhvə yol verənlər isə...
XXX 
... Gəlirəm mətləbə: mənə iki əsassız cərimə protokolunun mesajı gəlib ki, tez ödə. Bəs tez ödəmənin sübutları hanı? Belə çıxır ki, sürcüyə cəriməni yaz, amma sübut təqdim etmə ki, onun narazı qaldığı həmin protokoldan məhkəməyə şikayət hüququ mümkünsüz olsun... Və mənə də heç bir sübut, görüntü və s. göndərilmədən tələb edirlər ki, dinməzcə cərimə ödə! Niyə? Niyə haqlı tərəf orta texniki təhsilli serjant ola bilər, amma iki ali təhsili olan mən sürücü məhkəməyə müraciət edə bilmərəm???
SONDA: TELEFONA İSƏ MESAJI ELƏ GÖNDƏRİRLƏR Kİ, BİR AY SONRA XƏBƏR TUTASAN VƏ MƏHKƏMƏYƏ ŞİKAYƏT EDƏ BİLMƏYƏSƏN...
Deməli, mənim kimi az- çox hüquqlarını bilənlərin son çıxış yolu isə yazmağa və bu qanunsuz, əsassız halları ictimailəşdirməyə qalır. Bir də bu biabırçılığı ölkə rəhbərliyinin, eləcə də daxili işlər naziri Vilayət Eyvazovun diqqətinə çatdırmağa... Çünki var gücü ilə sürücüləri cərimələməyə səy göstərən inspektorlar heç bir alternativ yol qoymurlar...
Asif MƏRZİLİ
39734ed5-6432-4519-8087-09d4635d7211
8
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN