Xocalıya gedən yol...

32 illik ayrılıqdan sonra ilk dəfədir ən sevdiyim səmtə gedirəm – Xocalıya! Bilirəm, məni nə gülər üzlü anam qarşılayacaq, nə atam, nə nənəm, nə də dərs dediyim şagirdlərim. Amma vətənimin yolları qarşılayacaqdı, doğulub böyüdüyüm yurdum, vəfalı evimiz, baxçamız qarşılayacaqdı. Yolboyu vərəq-vərəq oxuyuram özümü. İçimdə nə qədər yaralar varmış, səhifələdikcə qarşıma çıxır, ürəyim ağzıma gəlir həyəcandan, bəzən də ayaqlarımın altına düşür ürəyim. Sabah işinə, axşam evinə tələsən, tikib qurmaq, əkib-becərmək kimi müqəddəs  arzularla yaşayan saf, təmiz bir xalqın qanının o soyuq fevral gecəsində qar üstünə axıdılması gözlərimin önündən getmir. Nə ölümüzü ağlamağa evimiz, nə dəfn etməyə gorgahımız qalmışdı. Düşündükcə varımdan yox oluram. Çarəsiz qalan bir elin o gecə ölmək növbəsini gözlədiyi insanlarının nakam taleyini düşünürəm. Hər vərəqim Xocalı adında qorxulu bir nağıl danışır. O nağılın içində körpə uşaqların qar üstündə yıxılıb qaldığı bir Vətən yolu var. Mən indi o yollardan keçirəm.   

 Yaxınlaşdıqca gözlərimdən axan gilə-gilə qan içində anamın dağa-daşa, kola-kosa ilişib qalmış qara yaylığı, tay ayaqqabısını, corabını axtarıram. Yağı sürüyürkən yaylığı başından açılmış, corabı çıxmışdı ayağından anamın. Gərginlikdən gözüm dörd olur, bax bu dəqiqə evdən son çıxanda əynindəki məxməri jaketi, kola ilişmiş yaylığı qarşıma çıxacaq deyə.  Ağdam məscidindən onun cansız bədənini tapanda göy hörmə jaketi də yox idi əynində. Güllədən parçalanmış donunun parçalarını bacım hələ də saxlıyır, ən sıxıntılı günlərimizdə o bir parçaya sarılırıq.

 Özümü vərəqləməyə davam edirəm. Hər gün haqqın divarından bir kərpic düşdüyü günlər vərəq-vərəq açılır içimdə. Haqqın divarı yıxıldıqca, dünya da yıxılırdı o günlər. Böyük bir təndiri xatırladırdı həyat bizə, yanan çırpısı da biz idik, yanırdıq çatır-çatır. Gözümüz dörd olmuşdu bir aydın sabahdan ötrü. İndi açılmış o aydın sabahın şəfəqilə gedirəm Xocalıya. Bu hissələri oxucuya çatdırmaq mümkün olmadığı üçün buranı keçirəm, bu həyəcan ifadəyə gəlmir, sözə sığmır, yalnız yaşanır. Mən də yaşayıram.

  Doğrudan da ən ağır itginin acısı zamanla xəfifləyir, insanoğludur bu, gözdən uzaq olunca, könüldən də uzaqlaşır. Şahidi olmuşam, əzizini itirən insanları təsəlli etmək etmək üçün, “Allah əlindən aldı, könlündən də alsın” deyirlər. Amma vətən dərdi zaman keçdikcə atəşlənir, çarəsi də yalnız ölümdür.  Xocalı soyqırımından çıxanların çoxunun sonrakı taleyi daha betər oldu, ölərək bu dərddən qurtuldular, çünki bu dərd yaşayaraq çəkilmirdi. Mən bu illər ərzində faciələrimizi kitablara köçürərək, dünyanı gəzdim, yorulub yorğun düşdüm sonunda. Və bu yorğun, bitmiş, tükənmiş halımla son nəfəsimi Xocalıya çatdırırdım.

 Xocalıya öz gözümlə baxa bilmirəm. Anamın gözündən, qabaqdakı tində 32 ildir yıxılıb qalan o məsum uşağın gözündən, qarın üstündə can verən Allahverdi dayının gözündən baxa bilirəm yalnız.  Uzaqdan qırmızı dəniz kimi görünən lalələrin  hər birindən bir qaragözlü şəhid körpə baxır, bir nənə baxır, baba baxır, birindən də anam baxır, sanki qarşılamağa çıxıb məni. İtirə-itirə gəldiyim yolları, qazna-qazana gedirəm. Gözüm dərs dediyim məktəbi, şagirdlərimi, qulağım zəngin səsini, tənəffüsdə onların şaqraq gülüşlərini axtarır. Çoxu, amma çoxu şəhiddir şagirdlərimin. Onlar çiçək dəstələrilə məni qarşılamasa da, mən onların ziyarətinə çiçək dəstəsilə gedəcəm artıq, mütləq gedəcəm.

  Yaşaqdıqlarım xəyal üstüdür

   Yaşadıqlarım ağılasığmazdır. Kömürün üstündə yamyaşıl ağac pöhrələnir, payızın uyuduğu yerdə bahar çiçəkləyir gözümdə. Xocalı öləndə ölmüş varlığım, Xocalı ilə bərabər dirçəlir. Dünənə qədər həsrətdən külə dönmüş ömrümün külü ilə oynarkən, indi o küllərimdən doğulmuşam yenidən. Fatma nənəmin xallı böcəyi məni qanadlarında gətirib Xocalıya. Bir zamanlar şişə çəkilmiş arzularım daş içindən baş qaldıran çiçək misalı boy verib ətrafa.    

 Bir neçə il öncə Azərbaycan Prezidenti xocalılarla görüşəndə, inşallah bir gün Xocalıda görüşəcəyik”, deyirdi. Mən buna inanmaq istəyirdim, amma xəyalını qurmağa qorxurdum. Göydən üç alma yalnız nağılların içinə düşərdi, nağılda da olsa biri də bizə düşməzdi. Amma göründüyü kimi, nağılları gerçəyə çevirən ağatlı şahzadələr varmış. Bir gün Xocalıda yüksək səviyyədə təmir olunmuş evimə dövlətimin başçısını və xanımını qonaq dəvət edəcəyimin xəyalını qurmamışdım. Yaşadıqlarım gerçəkdən xəyal üstüdür. Mən o qədər də cəsarətli deyildim ki, bu qədər böyük xəyallar qurum. Sən demə ən cəsarətli xəyalları qurmaq gərəkmiş, xəyallar qurasan ki, sonra onları yaşıyasan, həyata keçirəsən. Heyrət edirəm, nə yaxşı geriyə dönməyə zamanım qaldı, bir 27 sentyabr dan şəfəqinin sökülməsini, 23 saatlıq antiterror əməliyyatını görməyə nə yaxşı əcəl macal verdimənə!?  32 ildir itirdiyimiz Xocalını 23 saatın içində düşmən tapdağından azad edən oğullar xəyal üstüdür, nağıl, əfsanə qəhrəmanlarıdır. O qəhrəmanlar, alp igidlər içimizdə böyümüşlər, onları görürmüşük sən demə. Ali Baş komandanı ilə birgə yola çıxmış o qəhrəmanlar tarixdəki Troya savaşlarını arxivlərə sıxışdırdı...

Bura Vətəndir

 Türklərin taleyində var, şəfəqdən tez oyanmaq və elə o andan savaşa başlamaq. Biz də bir xalq olaraq tariximizə taleyimizə düşən o şəfəqin işığına sarılıb vətənimizə sahib çıxdıq. Bir çağırış vardı: “...Biz haqq yolundayıq, Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.   

 Qədim bir millət Ali Baş Komandanının bu çağırışına səs verib dəmir yumruğa çevrildi. Mən qınamyın, müharibənin də məsum yanları varmış, milləti birləşdirir, mənəvi gücünü artırır, bütövləşdirir. İmzasının altına başını qoydu uca bir millət. Qarabağı keçilməz etdi, Şuşa ruhumuzu bərpa etdi.

 Vətən müharibəsində qazandığımız möhtəşəm qələbənin bölgədə yeni bir ovqat yaradacağına inanırıq, o ovqatı biz yaradacağıq. Troya savaşlarını belə geridə qoyan xalqımızın qəhrəman oğulları və Ali Baş Komandanı istədiyi reallığı bu torpaqlarda yaratmağa başlamışdır artıq. O reallığın içindən keçib ən sevdiyim səmtə gedirəm.

 Zəfərlərin ən alisinə sahiblənmiş bir lider danışır: “Xocalı şəhərinin yenidən qurulması iki mərhələdən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Şəhərdə bütün kommunikasiya xətləri çəkilib, ilk 50 evə birləşmələr verilib. Xocalıda kommunikasiya işlərinin 90 faizi icra edilib. 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə də təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Şəhərin girişində - çay kənarında bulvarın salınması işləri davam edir, bulvar iləüzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir. Burada orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb, işlər davam edəcək...”

 28 may 2024-cü il Xocalıdayam və bu bir möcüzədir. Bura Vətəndir, gülü bitəndir, əlim yetəndir, ünüm çatandır artıq. Anam-atam, rəhmətlik nənəm evdə olmasalar da, evimizdə işıq yanır. Anamın ruhu buradadır, inanıram. Həyətimiz yamyaşıldır, tərəvəz ştilləri belə əkilib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və xanımı Mehriban Əliyevə ilk və ən əziz qonağımdırlar, baxçamızı gəzirik, doğulub-böyüdüyüm evimdən danışıram. Onlar da mənə bu evdə xoşbəxt yaşamağı arzulayırlar. Bu tarixin, bu günün üzü hörmətinə ölmək də gözəldir, yaşamaq da. Nə xoş halıma, mənə bu tarixin yaşama qisməti düşüb.

 Xoş gördük Xocalım, xoş gördük yaralı yurdum, qara daşlarına baş qoyub ağlamağı arzulayırdım bir zamanlar, indi ağ gününü yaşamağa gəlmişəm. Şükür qovuşdurana, biz səni yaşadacağıq, səndə yaşayacağıq, daha heç ayrılmayacağıq. Çünki səni bizə əmanət edən dəmir yumruqdur. O yumruğa sadiq alacağıq.

Dərin hörmətlə Xocalıdan:

Səriyyə MÜSLÜMQIZI

("Təzadlar"ın xüsusi müxbiri)

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN