İnstitutut rəhbərliyi həmkarlar təşkilatının rəhbər seçkisində baş verən qalmaqallarla bağlı prosesi izləmiş əməkdaşımızın «KƏRİM ŞÜKÜROV TARİX İNSTİTUTUNDA HƏMKARLAR TƏŞKİLATININ SEÇKİSİNƏ NİYƏ MÜDAXİLƏ EDİR?» başlıqlı yazısına

institutdan dərhal cavab gəldi. Həmin cavab məktubunda redaksiyaya qarşı əsassız ittihamlar səsləndirildiyindən (iclasın gedişatı barədə videogörüntülər redaksiyadadır) kiçik dəqiqləşdirmələrlə təqdim edirik:

«"Təzadlar" qəzetinin rəhbərliyinə

“Təzadlar” qəzetinin elektron saytının 31 may 2024-cü il tarixli sayında AMEA A.A.B. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun həmkarlar ittifaqı komitəsinin hesabat-seçki iclası haqqında getmiş «KƏRİM ŞÜKÜROV TARİX İNSTİTUTUNDA HƏMKARLAR TƏŞKİLATININ SEÇKİSİNƏ NİYƏ MÜDAXİLƏ EDİR?» başlıqlı materialla tanış olduqdan sonra bizdə elə təəssürat yarandı ki, məqalə müəlliflərinin əsas məqsədi baş vermiş hadisə haqqında öz oxucularına obyektiv məlumat vermək deyil, kiminsə İnstitutun direktoru, professor Kərim Şükürovun şəxsiyyəti və rəhbərlik fəaliyyəti ilə bağlı tutduğu qərəzli mövqeyini yeni “faktlarla” əsaslandırmaqdan ibarətdir. Çox təəssüf ki, bu zaman məqalə müəllifi bizim adımızı hallandırmaqla bizimlə İnstitut rəhbərliyi və həmin iclasda namizədliyi irəli sürülmüş ağsaqqal alim Mais Əmrahov arasında təfriqə yaratmağa cəhd göstərmişdir. Bu zaman müəllif bizim çıxışlarımız zamanı işlətmədiyimiz sözləri bizim adımıza yazmaqdan çəkinməmişdir. Biz bütün bunları AMEA TEİ-da mənəvi mühiti pozmaq, institutun kollektivi ilə rəhbərliyi arasında qarşıdurma yaratmaq cəhdi kimi qiymətləndirərək öz etirzımızı bildiririk.

 Müəllif  (və ya onun məlumat mənbəyi) “özbaşınalıq”, “qalmaqal”, “intriqa” kimi epitetlərdən istifadə edir və bu nəticəyə gəlir ki,  guya, sitat: “Beləliklə, görünən odur ki, AMEA rəhbərliyi, eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birbaşa müdaxiləsi olmasa institutda yeni bir intriqa meydanı bərqərar olacaq. Kollektivdə rəhbərliyə, yəni Kərim Şükürova qarşı böyük narazılıqlar isə ayaq tutub iri addımlarla irəliləyir. Rəhbərlik isə müvafiq vəzifələrə öz adamlarını təyin etməklə bu narazılıq və narahatlığı basdırmağa çalışır”.

 Bütün bunlar yumşaq desək həqiqətdən uzaqdır.

 Çox arzu edərdik ki, “Təzadlar” qəzeti Tarix və Etnologiya İnstitutunun elmi fəaliyyəti, tariximizin ayrı-ayrı problemlərinin araşdırılması sahəsində gördüyü işlərlə maraqlanardı. Bu işdə biz qarşılıqlı əməkdaşlığa hazır olduğumuzu bildiririk.

 Nəzərinizə çatdırırıq ki, Tarix və Etnologiya İnstitutunda həmkarlar ittifaqı komitəsinin sədrinin seçilməsi prosesi demokratik şəraitdə, bütün qanuni prosedurlara riayət edilməklə baş vermişdir. Bu zaman müəyyən problemlər yaşansa da, TEİ-nun və İnstitutun həmkarlar komitəsinin nüfuzuna və gələcək fəaliyyətinə xələl gətirə biləcək ciddi hadisə baş verməmişdir. Biz bunu, əslində, cəmiyyətimizdə hələ də demokratik seçki ənənəsinin tam oturuşmadığının təzahürü kimi qiymətləndiririk.

 Müvafiq qanunvericiliyə uyğun olaraq bizim bu məktubumuzu rəhbərlik etdiyiniz qəzetin saytında yerləşdirmənizi xahiş edirik.

Hacı Həsənov,

AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, professor, İnstitutun həmkarlar komitəsinin keçmiş sədri

Kamran İsmayılov,

AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, İnstitutun həmkarlar komitəsinin sədrinin keçmiş müavini».

Redaksiyadan: «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq cavab məktubunu təqdim etdik. Lakin qarşı tərəfin diqqətinə çatdırırıq ki, əməkdaşımız həmin gün AMEA-da keçirilən fərqli bir tədbirə dəvət edilmişdi və AMEA Tarix və Etnologiya İnstitutu həmkarlar təşkilatına sədr seçkisi zamanı səs-küyü eşidərək iclasın demək olarar əsas gedişini izləmişdir. Bunu sübut edən videogörüntü və canlı səs yazısı(video kadrlar üzərindən) vardır, istənilən vaxt təqdim edə bilərik. O ki qaldı jurnalistin Sizin adınızdan deyilməyən ifadələri təqdim etməsinə, bu qətiyyən belə deyildir, videokadrlardakılara baxanda, jurnalist daha yumşaq yazmışdır.

Sonda: «…Çox istərdik ki, redaksiya Tarix və Etnologiya İnstitutunun elmi fəaliyyəti, tariximizin ayrı-ayrı problemlərinin araşdırılması sahəsində gördüyü işlərlə maraqlanardı. Bu işdə biz qarşılıqlı əməkdaşlığa hazır olduğumuzu bildiririk…» ifadəsinə gəlincə, redaksiya hər zaman bu əməkdaşlığa hazırdır və cavab məktubunda toxunduğunuz, lakin bu mətnə uyğun bilmədiyimiz (institutda uzun müddətdir baş verən məlum qalmaqal) bir məsələyə də sülh və barış mühiti körpüsü salmağa da hazırdır. Təki qarşı tərəfin, yəni institutut rəhbərliyinin bu məsələyə dair yekdil, barış niyyəti olsun.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN