...Dünən ADY-nin rəisi məlumat verdi ki, ADY-nin 2019-cu ildən gözlədiyi "Stadler" qatarları İsveçrədən gəlib çıxıb... Allaha və dəmiryolumuza min şükür! Hansı ki, sürəti saatda 140 km-saat olan 10 "Stadler" qatarının alınması ilə bağlı ADY ilə İsveçrənin "Stadler Rail Group" şirkəti arasında hələ 2019-cu ildə müqavilə bağlanmışdı. Rəis isə dünən açıqlama yaydı ki, gətirilən qatarlardan biri Bakı–Ağstafa–Bakı marşrutuna daxil ediləcək və reyslərin sayı artırılacaq. Güman ki, Bakı –Qəbələ marşrutuna da belə qatarlara ehtiyac olmayacaq, çünki öncədən də bilinirdi ki, yeni dayanacaqlar açılsa da bu istiqamət üzrə tələbat yetərli deyil. Bəs qalan qatarlar harada işləyəcək?
Multi-Media Mərkəzinin rəhbəri Osman Gündüz bu suala cavab axtarmağa çalışıb. Sitat:
"...Maraqlı məqam odur ki, 5 ildir daha çox tələbat olan aşağıdakı daxili marşrutlar işləmir:
Baki - Balakən
Bakı - Astara
Bakı - Qazax
Bakı - Böyük Kəsik
Bakı - Yalama
Ciddi tələbat olan bu istiqamətlər üzrə sərnişindaşımanın nə zaman bərpa olunacağını ADY hələlik açıqlamayıb. ADY-nin fəaliyyətsiz olduğunu da qeyd etmək ədalətsizlik olardı. Hazırda ADY-nin qazancı, ancaq yükdaşımadan çıxır. Odur ki, diqqət yetirdikdə görünür ki, bu qurumda yükdaşıma prioritetdir və resurslar da bu istiqamətdədir. Daxili marşrutların təmiri, infrastrukturun bərpası isə böyük resurslar, investisiyalar tələb edir. Hökumət ADY-yə yetərli subsidiya vermir.
Güman ki yükdaşımadan gələn gəlirlə ADY, ancaq özünü və mövcud infarstrukturu saxlaya bilir. Beləcə də 5 ildir ki, daxili marşrutları, rayon stansiyalarını ot basıb.
Görünən odur ki, əvvəllər sərnişindaşıma üçün keyfiyyətli qatarlarımız yox idi, indi isə əla vəziyyətdə qatarlarımız var, amma onların işləyəcəyi infrastruktur yoxdur, daxili dəmir yol xətləri bərbad gündədir...".
Güman edirik, ADY rəhbərliyi bu suallara cavab tapmaq iqtidarındadır. Çünki bölgələrimizə asta gedən avtobuslar deyil, saatda 140 km sürətlə şütüyən qatarlar lazımdır...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN