YAXUD, NƏŞRİYYATIN BAŞ DİREKTORU AĞABƏY ƏSGƏROV NİYƏ VƏZİFƏSİNDƏN ÇIXARILDI?

 …Bu dəqiqələrdə Prezident İlham Əliyev Ağabəy Məmməd oğlu Əsgərovu “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad etmək barədə Sərəncam imzaladı. O, artıq ötən əsrin 70-ci illərindən görkəmli dövlət xadimi Heydər Əliyevin birbaşa təşəbbüsü ilə fəaliyyətə başlamış, SSRİ məkanında sayca 3-cü olan böyük bir qəzet və jurnal çapı-nəşriyyatı və mətbəə kompleksi olan bir nəşriyyatdan kənarlaşdırıldı.

***

 … Bakının məşhur Mətbuat prospektində yerləşən «Azərbaycan» nəşriyyatının binasına ilk dəfə 1977-ci ildə, Ağdamdan Bakıya instituta daxil olmaq üçün sənəd verməyə gələrkən yeni şeir və yazılarımı gətirərkən daxil olmuşam… 1978-ci ildə isə ali təhsilin 2-ci kursundan Pribaltikə Hərbi Dairəsində (Riqa şəhərində) hərbi xidmətə yollanmışam (axşam təhsilimdən ayrılaraq), bir il sonra məzuniyyətə gələrkən yenidən nəşriyyatın qonağı olmuşam. Sağ olsun, «Azərbaycan Gəncləri» qəzetinin şöbə müdiri Hidayət Elvüsalla təsadüfən trolleybus gözləyərkən tanış olmuş, sonra birlikdə «Azərbaycan» nəşriyyatına (O vaxt «Kommunist» nəşriyyatı idi) gəlmişik. Mərhum şairimiz Şahmar Əkbərzadə ilə orada yaxından tanış olmuşdum… Qəzetin səhərki nömrəsində mənim bir şeirim çap olundu… Mən o vaxt Pribaltika Hərbi Dairəsinin «Za Rodinu» qəzetinin baş serjant rütbəli xüsusi müxbiri idim.

 Bunları niyə xatırlatdım: indi özünü «Azərbaycan» nəşriyyatının ağsaqqalı, ağbirçəyi, nə bilim nəyi… hesab edənlər bilsinlər ki, bu mətbuat məbədi indi görünən kimi olmayıb. Bu günlərdə AzTV və digər TV-lərdə "Azərbaycan" nəşriyyatının hansı biabırçı günə salınması barədə geniş sujet də verilmişdi... Və ölkə KİV-ləri yazırdı ki, vaxtilə SSRİ məkanında 3-cü çap mediası mərkəzi olan nəşriyyat prezidentin sabiq köməkçisi Əli Həsənovun sayəsində dağıdılıb, xaraba günə qoyulub və s.  Mən bununla demirəm ki, nəşriyyatı bu günə salan elə Ağabəy Əsgərov idi. Amma Neçə il əvvəl Prezident İlham Əliyev burada açılışı edilən yeni rəngli qəzet çapı mətbəəsinin xeyir-duasını verməyə gələndə nəşriyyatın iç dərdi də deyilməli idi. Prezident isə protokola uyğun olaraq nəşriyyatın redaksiyalarını gəzmədi… Nə biləydi ki…

 Nəşriyyatın mərtəbələrində iti quyruğundan bağlasan belə, dayanmaz, amma jurnalistlər 30 ildir dayanıb-dözür ki…

 …Bir vacib haşiyə: Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin vəfatının 7-ci günündə oğlu, istəkli Azər Vahabzadə zəng etdi ki, Almaniyadan dəyərli qonağımız, Bəxtiyarsevər Abdulkadir İnaltəkin gəlir, aeroportdadır, onu qarşılayıb bizə gətir zəhmət olmasa… Az sonra Abdulkadir bəy zəng etdi, dedi ki, təyyarədən indi düşüb… Dedim, taksi sürücüsünə deyin, «Azərbaycan» nəşriyyatının 6-cı mərtəbəsinə gətirsin (indi 8-ci mərtəbədəyik. Səbəbini deyəcəyəm). Az keçmiş qonağımız gəldi. Səhər saat təxminən 09:00 radələri olardı. Görüşüb tanış olduq. Abdulkadir bəy dedi ki, «Abi, harda əl yumaq olar?». Başa düşdüim ki, «sanuzel» istəyir… Dedim gedək… Təsəvvür edin, nəşriyyatın 6-cı mərtəbəsindəki «sanuzel», təxminən, Sovet vaxtının rayon avtovağzallarının tualeti səviyyəsində idi: iy, milçək, üfunət… Qonağı özümlə nəşriyyatın müdiriyyətinin təmirli 5-ci mərtəbəsinə apardım. Qapını açmaq istədik, dedilər ki, rəhbərlik apparat işçilərinə açar verib, hər kəsdə şəxsi açar olur… Düşdük 1-ci mərtəbəyə. Çünki nəşriyyatın 1-ci mərtəbəsində yeməkxana var, oranı qismən təmiz saxlayırdılar. Tualet və əl-üz yuyulan yerə yaxınlaşanda gördük ki, qapıya «Təmir gedir!» yazılıb… Pərt oldum… Qonağımız hal əhli idi, dedi: «Abi, mən Azərbaycana uzun illərdir gəlirəm… Məni elə öz mərtəbənizə apar…».

 Təsəvvür edin, 6-cı mərtəbədə (indi də) bir deputat, bir neçə özündən deyən yazıçı, şair, Əməkdar jurnalist, nə bilim… siyasi ekspert və sair… 30 ildir həyati çürüdür! Amma mərtəbədən,  dəqiq desəm, it iyi gəlir, nəfəs almalı deyil (Sonralar həmin mərtəbədən bu iy-qoxuya dözməyib təmirli 8-ci mərtəbəyə qalxmalı olduq. Sağ olsun İNK sədri Rasim Məmmədov).

***

…Gəlirəm mətləbə: Ağabəy Əsgərovdan əvvəl bu nəşriyyatda Nazim İbrahimovu görmüşəm. Nəşriyyat həqiqətən də jurnalistlərin məbədi kimi idi, ocaq idi, ziyarətgah idi… Vaxt vardı, bu binaya Azərbaycanın ən nüfuzlu insanları gələrdi (PA-nın şöbə müdiri Fatma Abdullazadənin bir jurnal redaksiyası burada idi. Amma o da iy-qoxuya, nədənsə, susurdu).

 Nazim İbrahimov ən azı ildə iki-üç dəfə baş redaktorları yığıb problemləri dinləyirdi… Amma Ağabəy Əsgərovu direktor olduğu təxminən 15 ildə bir dəfə də olsun kabinetdən kənarda görmədik. Yalnız bir mənzərə yadımda qalıb: səhər saat təxminən 10 radələrində o işə gələndə dərhal mühafizə polisinin növbə rəisi birinci mərtəbədəki liftin düyməsini basıb saxlayır ki, Ağabəy Əsgərov gəlib təhlükəsiz sayılan liftə minib 5-ci mərtəbəyə qalxsın. Halbuki digər liftlərin kanatı (trossu) Allaha bənddir, Dövlət büdcəsindən hər il milyonlar ayrılan nəşriyyatda indi də liftlərə minəndə gərək imamlara nəzir deyəsən ki, kanat qırılmasın!

***

…Bu nəşriyyat niyə bu günə salındı??? Sözlə təsəvvür ediləsi deyil. Vaxt vardı, burada qızıl tökmə sexi də var idi… İndi də burada on ilə yaxındır çörək sexi, camaşırxana, maşın təmiri sexləri, mebel sexi… var. Dəhlizlərdəki rəhmətlik Brejnevdənqalma parketləri isə betona mismarla pərçim edirlər ki…   

 Daha bir haşiyə: Bir dəfə redaksiya əməkdaşları isti soba çörəyini otağa gətirdilər, dedim, bu cür ətirli isti çörək hardandır? Dedilər, nəşriyyatda bişirilir… Zarafatla dedim, kaş, nəşriyyatda həm də belə keyfiyyətli qəzet buraxılsın…

***

…İki il əvvəl nəşriyyatda işıqlar söndü, qəzet günü olduğundan bütün yazılar silindi… FB statusumda yazdım ki, kaş Azərbaycan kimi, «Azərbaycan»da tezliklə işıqlığa çıxsın… Tədbirə getdim, qayıdanda polis məni və redaksiya işçilərini nəşriyyata buraxmadı. Səbəb? Dedilər ki, rəhbərlik belə tapşırıb… Polislərdə günah yox idi, vəziyyəti aydınlaşdırmağa çalışdım… Təsəvvür edirsinizmi, illik müqavilə bağlayıb hər ay əvvəlcədən icarə haqqını ödəyirik, bizi hansısa xeyirxah niyyətli statusa görə Nəşriyyata buraxmırlar!!!

 Polis vəziyyəti izah etdi… Yəni, biz neyləyək, belə tapşırılıb… Və dedi ki, məni Ləbib adlı baş mexanik var (indi direktor müavinidir), o gözləyir… Qalxdım onun otağına… Siz inanırsınızmı, o, «Sən kimsən ki, nəşriyyatdan belə şeylər yazmısan???» deyib üstümə qışqırır, təhdid edirdi…

Anladım ki, Qusardan olduğundan, ola bilər Azərbaycan ədəbi-mədəni dilində yazılmış statusu doğru anlamayıb… Uzun çək-çevirdən sonra dedi ki, səni nəşriyyata buraxmıram! Vəssalam! Məcburən Azərbaycanın qanunlarını ona izah etməyə başladım: dedim, nəşriyyat Prezident Administrasiyasının balansındadır, yəni kiminsə babasından, nənəsindən, nəslindən… qalma şəxsi əmlak deyil. Və sair… Az sonra o, səhvini anladı və…

 Qəzetlərin böyük əksəriyyəti niyə kənarda çıxır??? 

Bunun çox sadə səbəbi var: qəpiyə güllə atan redaktorlar ən ucuz mətbə axtarır. «Azərbaycan» nəşriyyatında çap olunmağa haqqı olanlar isə icarədarların işıq, su və sair kommunal xərclərinin sayəsində bahalaşan nəşriyyat mətbəəsində çap olunmaq istəmir, xeyrini özəl mətbəələrə verir… Və kim nəşriyyatda çap olunmursa, ona çəpəki gözlə baxılır…

***

…Sonda: nəşriyyatın qarşısında bəzən avtomobil saxlamağa yer olmur, qalırıq çabalamada. Amma bu nəşriyyatda yer kirayələyib qəzetçilikdən başqa nə fərqli və yad… iş desəniz, məşğul olanların (xüsusən də xanımların) avtomobilləri isə nəşriyyatın zir-zibil, tullantı… meydanı olan boş ərazilərində-həyətində parklanır. Bir də «doğma» qəzetlər var ki, onların əməkdaşlarının maşınları… Dəfələrlə yazılı müraciət də etmişəm, xeyri yoxdur: «Siz kənarda çap olunursunuz!» bəhanəsi! Və qiyməti aşağı salmırlar ki, 28 ildir nəşr olunan «Təzadlar» qəzeti bu nəşriyyatda çap olunsun. Kənarda 150 manata çap edəilən (1000 nüsxə) qəzet burada 250 manata çap edilir… Bunu isə göydə Allah, yerdə də Prezident İlham Əliyev götürmədi… Və bu və ya digər səbəblərdə də Ağabəy Əsgərovu vəzifyəsindən götürdülər…

 …Bəs bundan sonra «Azərbaycan» nəşriyyatını hansı aqibət gözləyir?

  İşçiləri cüzi əmək haqqı səbəbindən baş götürüb gedən nəşriyyatın şimal hissəsini indi işi məhkəmədə araşdırılan, Prezidentin keçmiş köməkçisi Əli Həsənov yağmaladı, özünə yaşayış binası, «Kaspi» Təhsil Mərkəzi, ofislər… qurdu və gələcəyinə gün ağladı. Təkcə Azərbaycan mediasının ziyarətgahı-ocağı olan nəşriyyatdan başqa! Hansı ki, o, bu nəşriyyatın dağılmasında məxsusi maraqlı kimi görünüb həmişə… Əgər İNK sədri Rasim Məmmədovun 8-ci mərtəbədəki super təmir işi olmasaydı, bəlkə də indi nəşriyyat yerində yox idi…

***

…Amma mətbuat və jurnalistika həmişə yerindədir… Çünki hələki Azərbaycan həqiqətlərini dünyaya, «Azərbaycan» gerçəkliklərini isə Prezidentə çatdıracaq obyektiv, əyilməyən, sınmayan, hər cür tənələrə dözən jurnalistlərimiz və jurnalistikamız var…

Asif MƏRZİLİ,

Avropa Jurnalistlər Federasiyasının üzvü,

Trtajans İdarə Heyətinin sədr müavini

P.S.Bəzən deyirlər, yıxılana balta çalmazlar… Bu yazdıqlarım təbii ki, yıxılana balta çalmaq deyil, sadə həqiqətlərdir ki, çoxları deyə bilmir və deməyəcək də… Amma bəzən elələləri var, vəzifədə olanda elə əməl tutur ki, onu nəinki baltalamaq, bəlkə də asmaq da lazımdır… Belələrinin isə bəxti bircə şeydə gətirir ki, jurnalistikanın baltası sözdür-həqiqətin özü olan söz!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN