Azərbaycanın əməkdar artisti, aktyor Məcnun Hacıbəyov vəfat edib.

Aktyor bu gün səhər saatlarında 86 yaşında dünyasını dəyişib. Onun koronavirus səbəbindən həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, Məcnun Salam oğlu Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonun İkinci Nügədi kəndində doğulub. Orta təhsilini bu kəndin məktəbində alıb. O, 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. Aktyorun son yaratdığı obraz isə "Yarımştat" tamaşında olub. O, bu tamaşada Murtuz obrazını canlandırıb.
Qeyd edək ki, sevilən aktyor 40 il Akademik Milli Dram Teatrında çalışıb. Sonradan isə döğulduğu Quba şəhərinə köçüb. Müsahibələrinin birində Qubaya köçmə səbəbini bu cür izah edib: " İncidim.. Lev Tolstoyun bir əsərində qulluqçu Tolstoyun müəllimi Karla deyir ki, Tolstoyun atası onu Moskvaya oxumağa aparır, səni işdən qovacaqlar. O da fikirləşir və Tolstoyu yanına çağırıb deyir ki, gəl, imla yazacağıq. Müəllimi söyləyir ki, ”Həyatda olan qüsurların ən ağırı qədirbilməzlikdir” cümləsini yaz. Mən də qədrimin bilinmədiyini gördüm və üzüsulu uzaqlaşdım. Bir məsələni deyim ki, yaxşı ilə yamanın yeri bilinmir."   
Məcnun Hacıbəyov bu illər ərazində Mədəniyyət Nazirliyindən heç kimin onunla maraqlanmadığını, hətta bir neçə deputatın onunla bağlı o zamankı Mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət etdikdə sabiq nazirin aktyoru tanımadığını bildirib. 
Qocaman aktyor "Bəlkə də Əbülfəs Qarayev həmin dövrdə teatrın nə olduğunu bilmirmiş. Mən isə həmin dövrdə qocaman aktyorlarla işləmişəm. O, 1970-1980-ci illərdə cavan oğlan olub, bəlkə də heç  teatrla maraqlanmırmış. Yəqin buna görə də məni tanımır...", - deyə vurğulayıb.
Qeyd edək ki, uzun illərin təcrübəli, sevilən və istedadlı aktyoruna "Xalq artisti" adı da verilməyib. Bu barədə ona sual verildikdə isə gülərək, "verməyiblər, almamışam" söyləyib. "...Mən elə adamam ki, bu barədə heç nə deyə bilmərəm. Heç təəssüflənmirəm. Fəxri addır, Əməkdar artist olanda nə olur ki? Axı Xalq artisti olub nə edəcəksən? Küçədə gedəndə mənə rast gələn bütün adamlar məni Xalq artisti kimi tanıyırlar. Mən isə Xalq artisti olmadığımı onların nəzərinə çatdırıram. Təbii ki, ad alanlara görə də sevinirəm. Bolqarıstanda hüquq işi ilə məşğul olan mütəxəssislər müşavirədə azərbaycanlı hüquq elmləri doktoru İlham Rəhimova xüsusi medal təqdim edirlər. O, bir məqaləsində belə bir hadisəni təsvir edir ki, Krımın hakimi orada şəxsiyyətlərə heykəllər qoyur. Camaat hakimdən soruşur ki, hamıya heykəl qoyulduğu halda bəs sənə niyə qoyulmur? O isə “Mənə elə bu söz bəsdir”,- deyə cavab verir. Mənə niyə Xalq artisti adı verilmədiyi ilə bağlı deyə bilərəm ki, deməli, mən buna layiqəm. Sadəcə olaraq vermirlər. Canları sağ olsun".

Bəli, cox təəssüf ki, Məcnun Hacıbəyovu bütün Azərbaycan tanısa da, sağlığında Mədəniyyət Nazirliyində onu "tanımayıblar". Özü söylədiyi kimi, dögrudan da qədrbilən xalqın gözündə Məcnun Hacıbəyov elə xalqın artistidir!

Allah mərhum sənətkarımıza rəhmət eləsin!

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN