Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə aparılır.

Eldar Həsənovun hansı ittihamlarla həbsə alındığını və mühakimə olunduğunu, ittihamları qəbul etmədiyini bilirsiniz. Yəqin bir neçə xəstəlikdən əziyyət çəkdiyindən, hətta məhkəmə prosesi zamanı huşunu itirərək yıxıldığından, onun üçün təcili yardım çağırılmasından da xəbəriniz var. Bütün bunlar barədə vəkilləri dəfələrlə danışıblar, KİV-lər az qala hər gün yazıblar və yazırlar. Odur ki, məlum həqiqətləri təkrar edib vaxtınızı almaq istəmirik. Bizi bu mövzuya toxunmağa vadar edən başqa məsələdir.
Eldar Həsənov noyabrın 19-da keçirilən prosesdə olduqca sensasion bir çıxış edib. Səhhətindən və onun müalicəsinə bilərəkdən maneçilik törədilməsindən danışıb. Əslində bu, onun bu mövzuda ikinci çıxışıdır.  

Birinci dəfə sentyabrın 17-də danışmışdı. Demişdi ki, səhhətindəki problemlər daha da kəskinləşib, ancaq onu xəstəxanaya köçürmürlər: “Son dörd gündür səhhətim çox pisdir, kritikdir. Həkimlər də bildirir ki, mənim stasionar müalicəyə ehtiyacım var. Deyirlər ki, məhkəmə prosesin keçirilməsini, mənim məhkəməyə gətirilməyimi təkid edir. Belə insani münasibət olmaz. Qərəzi də bu səviyyədə yürütməzlər”.
 
Prosesə sədrlik edən hakim Əfqan Hacıyev onda Eldar Həsənovun uzun müddət hüquq sistemində yüksək vəzifələrdə işlədiyini vurğulayaraq dediklərinə belə reaksiya vermişdi: “Bilirsiniz ki, sizin xəstəxanaya köçürülməyiniz üçün məhkəməyə tibb ekspertizasının rəyi lazımdır. Bu rəy isə yoxdur. Ona görə də sizin xəstəxanaya köçürülməyiniz mümkün deyil...”.
 
Eldar Həsənovun hakimə cavabı isə belə olmuşdu: “Mən ekspertizanın hərəkətlərini gördüm. Təcridxanada ekspertizanın həkimləri gəldi, mənim xəstəliyimi, qəbul etdiyim dərmanların adını bilmədikləri halda kənardan baxıb getdilər. Guya xəstəliyi öyrənib qayıdacaqdılar. Vəkilim Adəm Məmmədovla 1 saat 5 dəqiqə ekspertizanı gözləmişik. Axırda nəzarətçilər gəlib dedi ki, ekspertiza gəlməyəcək. Sonda da rəy verdilər ki, “Eldar Həsənovun təcridxanada qalmasına etiraz etmirik”.
 

Mən ekspertizadan nə gözləyim? Mən istintaqın da, ekspertizanın da işini, qərəzini görürəm. Məhkəmədən də heç bir ədalət və obyektivlik gözləmirəm. Amma möhtərəm hakim, ədalətinizi və vicdanınızı itirməyin. Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki, “Eldarın oradan cəsədi çıxacaq”. Bundan sonra sizdən nə gözləyim? Sizin hansı tapşırıq aldığınızı da bilirəm”. ...Məhz həmin gün Eldar Həsənovun durumu pisləşmiş, məhkəməyə təcili yardım çağırılmışdı. Həkimlər onun təzyiqinin kəskin yüksəldiyini bildirmişdilər. Eldar Həsənov xərəyə uzadılmış, ona oksigen balonu qoşulmuşdu. Həkimlər bu vəziyyətdə onun məhkəmədə iştirakının mümkün olmayacağını deyəndən sonra proses təxirə salınmışdı...

Həmin prosesi işıqlandıran həmkarlarımız hər şeydən yazdılar: məhkəmədən, vəsatətlərdən, orada deyilənlərdən, müttəhimin huşunu itirməsindən, təcili yardım çağırılmasından və s. Amma nə onda, nə də sonra heç kim maraqlanmadı ki, EldarHəsənovun dediyi o “şöbə müdiri” kimdir, onunla nə qərəzi, ədavəti var? 

Bəlkə elə buna görədir ki, E.Həsənov noyabrın 19-dakı prosesdə xəstəliyi və həmin məmur barədə növbəti dəfə danışmağa məcbur oldu.  
Həmin çıxışın audioyazısı YouTube kanalında yayımlanıb. Biz onu sizə təqdim edəcəyik. Amma...

İstərdik ki, onu dinləməmişdən əvvəl dəyərli həmkarımız Elxan Salahovun bu qeydləri ilə tanış olasınız: “Hazırda həbsdə olan sabiq Baş prokuror Eldar Həsənovun dünən (noyabrın-19-unu nəzərdə tutur-red.) keçirilən məhkəmə iclasındakı bu çıxışına diqqətlə qulaq asın! Təəssüflənməmək sadəcə, mümkün deyil! Bu, haqsızlığın, ədalətsizliyin, hüquqsuzluğun son həddidir!!!
Və qulaq asdıqca öz-özünə düşünürsən: biz hardan başlayıb hara gəldik?!

Eldar müəllim savadlı hüquqşünasdır, uzun illər polis və prokurorluq orqanlarında rəhbər vəzifələrdə çalışıb, polis rəisi, baş prokuror, səfir kimi ömrünü dövlətə xidmətə həsr edib. Necə xidmət edib, vəzifəsinin öhdəsindən layiqincə gələ bilibmi? – bu, başqa mövzudur. Dövlətin maraqlarına zərbə vurubsa cəzasını məhkəmə müəyyən edəcək.
 
BİR HƏQİQƏT VAR: belə yüksək vəzifələrdə çalışan məmurun fəaliyyətindən hər kəs razı qala bilməz və təbii ki, onu istəməyənlərin olması mümkündür. Amma bu, şəxsi düşmənçiliyə və ədavətə çevrilməməlidir! O ki, qala şəxsi ədavətin və düşmənçiliyin bir tərəfində yüksək səlahiyyət sahibi olan dövlət məmuru dayana. Bunu Eldar müəllim özü məhkəmədəki çıxışında söyləyir! 
O məmur ki, səlahiyyətindən sui-istifadə edərək ağır xəstəlikləri səbəbindən həyatı təhlükə altında olan məhbusun (həm də savadlı bir hüquqşünasın) müalicə olunmasını əngəlləyir, onun ölümünü tezləşdirir.
 
Eldar müəllimin dedikləri həqiqətdirmi? Həqiqətdirsə, NƏ BÖYÜK RƏZALƏT! 
Həqiqət deyilsə, aidiyyəti dövlət qurumları, səlahiyyətli şəxslər bu ittihamlara cavab verib cəmiyyəti məlumatlandırmalıdır! Axı, 3 aydır məhkəməsi gedən Eldar Həsənovun iclas zalına xüsusi araba ilə gətirildiyi, xərəkdə təcridxanaya qaytarıldığı, hər dəfə onun üçün təcili tibbi yardım çağrıldığı göz qabağındadır! Bunu cəmiyyət görür, mətbuat yazır, sosial şəbəkələrin ən çox izlənilən paylaşımlarına çevrilir! 
 
Biz nəyin uğrunda mübarizə aparır, bu qədər şəhid veririk?! Hüquqa, ədalətə, bəşəri dəyərlərə söykənən dövlətimizin varlığını və ərazilərimizin bütövlüyünü qorumaq, möhkəmləndirmək, beynəlxalq nüfuzunu artırmaq üçün! Bunu hamımız bilir və dərk edirik. 

Eldar Həsənovun dedikləri həqiqətdirsə, bu, həm də milli mübarizəmizə, prinsip və dəyərlərimizə qəsddir! Kimin şəxsi ədavəti varsa öz davasını başqa yerdə çəksin, onu dövlətin üzərinə yükləməsin! Belə hallar cəmiyyətin dövlətə inamını, güvənini sarsıdır!
 
Sözüm məhkəmələrdən yazan həmkarlaradır: bu məsələni kökündən və hərtərəfli araşdırıb ictimaiyyəti doğru-dürüst məlumatla təmin edin! İndiki həssas məqamda buna çox böyük ehtiyac var! Bu həm də biz jurnalistlərin peşə borcudur!”.

 
Əslində Elxan müəllim hər şeyi deyib və əlavə şərhə əlyeri qoymayıb. Amma bütün deyilənlərə və yazılanlara rəğmən, hörmətli həmkarlarımızın sərlövhəyə çıxardığımız suala hələ də cavab verməmələri, həmin o “şöbə müdiri”nin, “”bir məmur”un kimliyini araşdırıb ortaya qoymamaları sual və təəssüf doğurur. Eldar Həsənovun konkret ad çəkməməsi, vəziyyəti nəzərə alınsa, başadüşüləndir. Bəs bu məsələdə jurnalistlər niyə passivdirlər, bax bunu anlamaq olmur. Ona görə də sualı bir daha təkrarlayırıq:   Eldar Həsənovun “şöbə müdiri”, “bir məmur” dediyi həmin şəxs kimdir və... – ONDAN  NƏ İSTƏYİR?

Rusvat Bayramov

P.S. İndi isə Eldar Həsənovun məhkəmədəki axırıncı çıxışının səs yazısını təqdim edirik: