Prezident İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında olduqca vacib bir Sərəncama imza atdı...

Bütün diqqət Qarabağda aparılacaq quruculuğa və bu yolda dövlətin maliyyə yükünün azaldılmasına hesablanıb... Sərəncamın girişində yazılır: "Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır".

Bəli, Prezident İlham Əliyev Qarabağı qaytardı... Bəs xaricə daşınmış, qurd -quşa (əcnəbi milyarderlərə) yem olmağa məhkum milyardlarımızı Qarabağa necə qaytaraq???

*** 

...Bu yerdə qeyd edim ki, Türkiyədə yaşayan və yazan İbrahim NƏBİOĞLU Azərbaycana da aid olduqca maraqlı bir məsələyə toxunub. Araşdırmaçı-jurnalist özünün sosial şəbəkə hesabında yazır:  "Alfred Kantorowicz, Philipp Schwartz, Hans Reichenbach, Walther Kranz, Von Aster, Albert Eckstein, Eduard Zuckmayer, Clemens Holzmeister, Carl Ebert, Paul Hindemith, Friedrich Dessauer, Rudolf Nissen, Erich Frank, Von Hippel, Von Mises, Fritz Arndt, Elwin Finlay-Freundlich, Gerhard Kessler, Alfred Kantorowicz, Joseph Igersheimer, Ernst Hirsch, Bruno Taut, Curt Kosswig, Fritz Baade, Clemens Bosch... Kimdir bu insanlar, bilirsizmi? Hitler iqtidara gələndən sonra təqib edilən, işgəncələrə məruz qalan, konslagerlərə göndərilən yüzlərlə alimlərdən bəziləri… Konslagerlərdə ölümə tərk edilmişdilər. Bir gün “azadsınız” dedilər, “ancaq ölkəni tərk etməlisiniz” dedilər. Çaşdılar, anlamadılar, nə baş verirdi? Bu bir möcüzə idi. Əslində isə möcüzə deyildi… İşin arxasında bir insan vardı – Mustafa Kemal Atatürk. Bu alimlərin tamamı öz sahələrində çox böyük isimlərdi… O illərdə Türkiyədə cəmir bir universitet vardı. Milli Təhsil naziri Reşit Galip Almaniya ilə bir anlaşma imzaladı. Tarix 6 iyul 1933 idi. Hans Reichenbach riyazi məntiqi, Walther Kranz filologiya, latın və yunan dillərini, Von Aster fəlsəfə tarixini, Clemens Bosch antik tarix və numizmatikanı, Albert Eckstein pediatriyanı, Eduard Zuckmayer bəstəkarlığı, Clemens Holzmeister memarlığı, Carl Ebert ve Paul Hindemith klassik musiqi, opera və baleti, Friedrich Dessauer və Erich Frank tibbi radiologiyanı, Fritz Arndt kimyanı, Von Mises statistikanı, Elwin Finlay-Freundlich astronomiyanı, Kantorowicz stomatologiyanı, Igersheimer oftalmologiyanı, Ernst Hirsch hüquq və kitabxanaçılığı, Gerhard Kessler sosioloji hüququ, Bruno Taut modern memarlığı, Curt Kosswig zoologiyanı, Fritz Baade kurortologiyanı Türkiyəyə gətirdilər, dərs dedilər, kurslar yaratdılar, universitetlərdə kafedralar qurdular, yüzlərlə, minlərlə Türk gənci yetişdirdilər. Mustafa Kemal Atatürk Hitlerin zülmündən 150-yə yaxın elm adamını xilas etdi. O insanlar da hər şeylərini Türkiyəyə verdiler… Atatürk belə uzaqgörən, millətini belə sevən, onun gələcəyini düşünən bir Dahi idi. Onun bütün Dünya tərəfindən bu qədər qəbul görməsi, Böyük Lider kimi tanınması bu misaldan da aydın olur.... Ahmet Özgür Türen tərəfindən hazırlanan "Atatürk'ün Ülkesine Sığınanlar" kitabında bir xeyli başqa maraqlı örnəklər də var...".
Bəs Azərbaycandan gedənləri Azərbaycana necə geri qaytarmalı???
...Bəli, bu gün Azərbaycanı da bəzi səbəblərdən tərk edib gedən seçilən isimlər var. Onlar xarici ölkələrin hərbi düşərgələrində deyillər, amma onların bir qismi zehni bilik və bacarıqlarını həmin ölkələrə qoyurlar, bir qism isimlər var ki, Azərbaycandan daşıyıb apardığı pulları həmin ölkələrin iqtisadiyyatına yatırırlar. Niyə? Prezident İlham Əliyev dünən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı mühüm Sərəncam verdi. Və dövlət başçısı həmin Sərəncamı ilə Nazirlər Kabinetinə tapşırdı ki: "Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1. Aşağıdakı istiqamətlərdə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin: 1.1. işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi; 1.2. işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi; 1.3. işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi; 1.4. müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi; 1.5. işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi; 1.6. işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, "yaşıl artım" yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi; 1.7. işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət‒özəl sektor tərəfdaşlığının inkişafı. 2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".
Baxın, Sərəncamdakı bütün bəndlər Azərbaycan dövlətinin hansı maliyyə yükünün altına girdiyinə bir işarədir. Dövlət daha az məsrəfə çiyin verməyin yollarını axtarır. Məsələn, Sərəncamın 1.5 bəndində yazılır: "işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi;".
 Azərbaycan dövlətinə də, ictimaiyyətinə də bəllidir ki, vaxtilə dövlətin yüksək vəzifəsini tutub büdcə vəsaitlərini dağıdan sabiq məmurlar kütləsinin böyük bir hissəsi xaricə daşıdığı milyardları sığındıqları (yaşadıqları) ölkələrin iqtisadiyyatının güclənməsi naminə xərcləyir...  Bir hissəsi həbsxanada ölüb, bəziləri ölməyə hazırlaşır... Bəziləri isə məhkəmələrdən hökm, hakimiyyətdən isə əfv gözləyir... Sabiq deyil, hazırda vəzifədə olan nə qədər məmur isə iynə üstündə otursa da, xaricə qaçan və ya həbsxanalarda ölənlərdən dərs almayıb hələ də büdcəmizin başına corab hörməklə məşğuldur... 
Bəs nə etməli ki, dövlətin Qarabağa maliyyə yükü maksimum azaldılsın?
 Ekspertlərin təxminlərinə, Azərbaycanda ağlı başında olan və ölkə həyatını dərindən izləyən hər kəsə məlumdur ki, Azərbaycandan son 20-25 ildə 100 milyard dollara yaxın, bəlkə də daha çox vəsait xaricə daşınıb, bir hissəsi isə elə Azərbaycanda hələ də Bakını tıxaclayan göydələnlərin tikintisinə qoyulub və qoyulmaqdadır... Bəs necə edək ki, hələki xaricə daşınan həmin pulların heç olmasa olan-qalan hissəsi Azərbaycana gətirilsin?
Son zamanlar tez-tez eşidirik ki, London Ərazi Məhkəməsi filan oliqarxın, yaxud keçmiş məmurun 100 milyon dollarına həbs qoydu, filankəsin yüz milyon fund sterlinqlik bank hesabını dondurdu, yüz milyon dollarını müsadirə etdi və s.
Niyə imkan veririk ki, Azərbaycanın pulları indi əcnəbi ölkə məhkəmələrində sabiq məmurlarımızın qaz kimi yolunması hesabına əldən gedir??? Hələ neçə il əvvəl tanınmış hüquqşünas Adil Minbaşı "Təzadlar"a müsahibəsində bu suala konkret cavab vermişdi: "Azərbaycanda maliyyə aministiyası verilməlidir ki, xaricə daşınmış pulların sahibləri (Oxu: oğrular.RED.) dövlətin qarantiyası altında həmin vəsaitləri Azərbaycana yatırtsınlar...".
Yüz milyonu burda oğurlayıb ələ keçəni əfv edirik, amma xaricə qaçıb milyardları aparanlara aministiya vermək istəmirik...
Prezident İlham Əliyev dəfələrlədir humanizm prinsiplərini ən yüksək səviyyədə təsdiqləyən Fərman və Sərəncamlar verir... Məsələn, Zəfər müharibəmizin 1 illiyi ilə bağlı verilən və on minlərlə məhkuma şamil edilən əfv sərəncamının, necə deyərlər, hələ mürəkkəbi qurumayıb... Nə qədər oğru məmur da əfv olundu. Hansı ki, məhkəmə istintaqında bəlli olurdu ki, onlar yüz milyonları yeyib-dağıdıblar.
Düşünək: biz burda büdcəni talayıb yüz milyonları oğurlayanların əməllərinə aministiya tətbiq edərək əfv edirik, amma burdan oğurlayıb xaricə qaçanlara maliyyə aministiyası vermək istəmirik... Hansı ki, onlar üçün xaricdə-qəribçilikdə, qorxu içində pul xərcləməkdən daha vacibi Azərbaycanda qorxusuz pul qazanmaq vacibdir. Gəlsinlər, həmin pulları Qarabağda yatırtsınlar və qazansınlar! Hələ mən burda milyonların üstündə oturub qorxudan əsən, hər gün həbs ediləcəyi günü gözləyən nə qədər milli oğrularımız var... Gəlin, bütün oğrulara aministiya verək!!! Prezident də elə Sərəncamı ilə bunu deyir ki, indi Azərbaycana pul lazımdır, Qarabağa pul qoymaq Cənnətə düşmək deməkdir! Məgər Cənnətə düşmək hər bir müsəlmanın müqəddəs arzusu deyil ki?!
*** 
...Gəlirəm mətləbə: Prezident yuxarıdakı Sərəncamı ilə Azərbacanın Nazirlər Kabinetinə tapşırıb ki, Qarabağın yenidən qurulması üçün təkliflər paketi hazırlasın. Sərəncamda hər şey aydın yazılıb... Bəs görəsən Nazirlər Kabineti qeyd etdiyimiz kimi, xaricə daşınan pulların Azərbaycana qaytarılması üçün də təklif hazırlayacaqmı??? Bax dövlətə sədaqət, büdcəmizə qənaət, Qarabağa canyananlıq... zamanıdır, gəlin bu barədə də düşünək! Büdcəsəki pullarımız nağdıdır, gəlin, atalar demiş, nisyə olanların da aqibətinə əl gəzdirək. İmkan verməyək ki, Azərbaycan dövlətinin və xalqının boğazından kəsilib xaricə daşınan pullar burdakı yetimlərə deyil, ordakı milyarderlərə qismət olsun...
Asif MƏRZİLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN