Dekabrın 22-də Azərbaycanın görkəmli jurnalisti, dəyərli pedaqoq, professor  Nəsir İmanquliyevin anadan olmasının 110 ili tamam olur.

Nəsir İmanquliyev 22 dekabr 1911-ci ildə Bakı şəhərində anadan olub. O, 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirib.  1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olaraq təhsilini davam etdirib.

TEZADLAR.AZ xəbər verir ki, Nəsir İmanquliyevin dövri mətbuatda ilk yazıları tələbəlik illərində, yəni 1934-1952-ci illərdə çap olunmağa başlayıb. Həmin illərdə o, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səs" qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifəsində çalışıb. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilib. Orada o, "Vuruşan Krım" qəzetinin məsul katibi kimi fəaliyyət göstərib, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışıb.

Bir il sonra, 1943-cü ildə Nəsir İmanquliyev "Kommunist" qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görüb. 1946-cı ildə Moskvada Mərkəzi Qəzet kursunu bitirən Nəsir İmanquliyev 1947-ci ildə Bakı Dövlət Universitetində  pedaqoji fəaliyyətə başlayıb. O, Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında dərs deyib.

Nəsir İmanquliyev 1948-1950-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil aləb. Təhsilini iki ilə başa vurub. O, daha sonra təhsilini 1948-1955 -ci illərdə Moskva Ali Partiya Məktəbində qiyabi olaraq davam etdirib. 1958-ci ildə Nəsir İmanquliyev "Bakı" qəzetini yaradıb.   Həmçinin 1963-1988-ci illərdə "Баку" qəzeti rus dilində də fəaliyyətə başlayıb. Nəsir İmanquliyev uzun illər yaratdığı bu iki qəzetin baş redaktoru vəzifəsində çalışıb.

Nəsir İmanquliyev 1965-ci ildə "Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycanda sənaye və nəqliyyat işçilərinin əmək fəallığının sürətləndirilməsi uğrunda mübarizədə "Kommunist" qəzetinin rolu" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. 1976-cı ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi”, 1990-cı ildə “Əməkdar jurnalist” fəxri adlarına layiq görülüb.

Professor Nəsir İmanquliyev 1998-ci ildə Bakı şəhərində vəfat edib.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "N.Ə.İmanquliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Yaşadığı binaya xatirə lövhəsi vurulub. 2007-ci ildə Bakı Dövlət Universitetində xatirə lövhəsi açılıb. 2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Azərbaycanda Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN