1990-cı illərdəki Birinci Qarabağ müharibəsində 5000-dən çox insan itkin düşüb. Qarabağda 2020-ci ildə baş vermiş son toqquşmadan sonra azərbaycanlılar və ermənilər yenidən bu haqda danışırlar.

İki ölkə arasındakı münaqişədən sonra sərhədin həm o, həm də bu tərəfindəki kütləvi qəbirlərdə yüzlərlə naməlum cəsəd basdırılıb. Hakimiyyət nümayəndələri və hüquq müdafiəçiləri itkin düşənlərin bir çoxu barədə suallara cavab verə bilmirlər. Az qala 30 ildir ki, davam edən bu qeyri-müəyyənlik gizli konsentrasiya düşərgələri haqda şaiyələr yaradıb. İtkinlərin qohumları və yaxınları onların hələ də sağ olduğuna inanırlar.

"Sağ olduğuna inanıram"

"Dərdim çox böyükdür, sözlə ifadə edə bilmirəm. Amma ürəyim deyir ki, o sağdır" - Zarine Akobyan belə deyir. Əri Yuri Birinci Qarabağ müharibəsində iştirak edib. 1994-cü ildə onların bölüyü mühasirəyə düşüb və həmin vaxtda Akobyan yoxa çıxıb. Zarine həyat yoldaşının sonrakı taleyini öyrənməyə çalışıb, amma buna nail ola bilməyib. Onların bir qızı, bir oğlu var, Yuri itkin düşəndə birinin 11, digərinin 12 yaşı olub. İndi isə Zarinenin artıq nəvələri var.

Zarine və Yuri

Rəsmi informasiyaya görə, Yuri Arustamyan itkin düşəndə 35 yaşı olub. Həyat yoldaşı Zarine axırıncı dəfə onu 28 il əvvəl görüb

60 yaşı olmasına baxmayaraq bir il əvvəl o, 3-cü təhsilini başa vurub. İtkin düşənlərin ailələriylə çoxdan ünsiyyətdə olan Zarine onlara daha yaxşı dəstək verə bilmək üçün hərbi psixologiyanı öyrənib.

Bəzən bir neçə ailə yığışıb itkinlərin ad günlərini keçirirlər. Ərini sonuncu dəfə 28 il əvvəl görmüş Zarine də belə edir. Sentyabr ayında 63 yaşı tamam olmuş Yuri hələ də itkin hesab olunur.

"Biz onun ad gününü məktəbdə qeyd etdik, həlak olanların qohumları da gəlmişdilər. Başqa məkanlarda baha başa gəlir, ona görə məktəbdə toplaşmağa çalışırıq".

"İnsanları qaytarın"

Avropa Birliyi (AB) Qarabağla bağlı təzəlikcə açıqladığı memorandumda Azərbaycan və Ermənistanı itkin düşənləri tapmaq, ümumi informasiya bazası yaratmaq və qalıqları tapıb identifikasiya etmək üçün əməkdaşlığa səsləyib. AB vurğulayır ki, itkin düşmüş şəxslərin ailələri "yenə də münaqişənin əsas yükünü daşımağa davam edirlər", humanitar təşkilatlarsa hələ də döyüş gedən ərazilərə daxil ola bilmirlər. 1992-ci ildə azərbaycanlı Mahir Hacıyev qonşuları 30 yaşlı Zahid və 23 yaşlı Farizlə birlikdə cəbhəyə yollanıb. Onlar xüsusi təyinatlı polis alayının tərkibində vuruşublar, Dağlıq Qarabağın cənubundakı Füzuli rayonunun Şükürbəyli kəndindən geri çəkiləndə mühasirəyə düşüblər. Zahid yaralanıb, digərləri çıxış üçün yer axtarmağa gedəndə Fariz onun yanında qalıb. Mahir Hacıyev geri qayıdanda onları tapa bilməyib.

1990-cı illərdə Azərbaycan əsgərləri

Zahid (sağda) və Fariz (solda aşağıda) mühasirədən çıxa bilməyiblər və itkin düşüblər

Döyüş bitəndən sonra Hacıyev ratsiya vasitəsilə ermənilərlə əlaqə saxlayaraq dostlarını əsirlikdən qurtarmağa çalışıb. "Biz Zahidlə Farizin xüsusi təyinatlılar olduğunu gizlədirdik, yoxsa dərhal öldürərdilər. İkisinin də adi əsgər olduğunu deyirdik". Hacıyev həmin vaxt Qarabağda olan və bəzən vasitəçi rolunu oynayan Rusiya hərbçiləriylə də əlaqə saxlayıb. "Onlarla da ratsiya vasitəsilə danışırdıq. Bizimkilərdən rusca bilən birinin köməyilə. Ruslar da bu işdə maraqlıydılar, diriləri və ya ölüləri bizə pulla verirdilər".

Mahir Hacıyevin dostları nə onda, nə də sonralar tapılıb. "Ən çətini o idi ki, valediynləri elə hey onları soruşurdular və mən cavab verə bilmirdim". Zarine kimi, Mahir də dostlarının öldüyünə inanmır. Fikirləşir ki, onlar hələ də əsirdirlər. Hər iki tərəfdə əsirlərin qalması haqqında müharibədən sonra yaranmış şaiyəni həm Zarine, həm də Mahir eşidib.

İtkinlərin alveri

Hər iki tərəfin hüquq müdafiəçiləri deyirlər ki, itkin düşənlər və hərbi əsirlərlə bağlı şaiyələr hələ 1990-cı illərin əvvəllərindən mövcud olub. Bu şaiyələrdən istifadə edən kriminal qruplar onların qohumlarını tapır, doğmalarını əsirlikdə gördüklərini deyir və pul müqabilində azad edə biləcəklərini vəd edirmişlər. "Orta qiymətlər deyirdilər, 200-500 dollar arası. Guya maşına benzin tökmək və kimlərəsə rüşvət vermək üçün. Böyük məbləğ şübhə doğurardı, insanlar təminat tələb edə bilərdilər. Bu qədərini isə verirdilər və fırıldaqçı yoxa çıxırdı" - azərbaycanlı hüquq müdafiəçisi Eldar Zeynalov belə deyir.

1992-ci ildə Ağdamda Azərbaycan əsgərinin dəfni

1992-ci il. Azərbaycanlı əsgərin Ağdam şəhərindəki dəfni. Minlərlə ailədə hələ də itkin sayılan kişilər var

O illərdə əsirlərin dəyişdirilməsi prosesində iştirak etmiş Larisa Alaverdyan da onun dediklənləri təsdiqləyir: "Adətən, fırıldaqçılar ermənilərdən, azərbaycanlılardan və gürcülərdən ibarət beynəlxalq qruplar yaradırdılar və belə həssas məsələdən qazanc götürürdülər".

Zeynalov deyir ki, bəzən həmin "vasitəçilər" cəbhə qeydlərindən əldə etdikləri siyahılar və şəkillərlə Qırmızı körpünün yanında dayanıblar. Nadir hallarda onların arasında pulla kimisə xilas edə biləcək adamlar da olurdu. Zeynalovun sözlərinə görə, müharibə vaxtı qarşı tərəfin əsgərlərini və hətta mülki vətəndaşları da öz yaxınlarına dəyişmək və ya pul almaq məqsədilə oğrulayanlar olub. Larisa Alaverdyan belə halların müharibədən sonra da baş verdiyini, amma hər iki tərəfdə dövlət səviyyəsində tədricən qarşısının alındığını xatırlayır. O deyir ki, fırıldaqçıların fəaliyyəti şaiyələri artırıb və əsirlərin siyahısını hazırlamaqda həm dövlətlərə, həm də hüquq müdafiəçilərinə problemlər yaradıb.

Mürəkkəb rəqəmlər

Ermənistan tərəfdə mülki şəxslər də daxil, itkinlər siyahısında 1500 nəfərin adı var. Azərbaycanda itkin düşənlərin sayı 4000 nəfərə yaxındır - yenə mülki şəxslər daxil.

Xocalıda kütləvi qətl edilənlərin dəfni

Bu, əsirlərin şaxtalarda işlədildiyi konsentrasya düşərgələri haqda şaiyələr yaranmasına gətirib çıxarıb - ilk növbədə Azərbaycanda.

Hüquq müdafiəçiləri bunu sübut edəcək şaiyələrə rast gəlmədiklərini deyirlər. Bu yaxınlarda vəfat etmiş hüquq müdafiəçisi Əvəz Həsənov da beynəlxalq qrupun tərkibində Qarabağa getdiyini və deyilənlərin təsdiqini tapmadığını bildirmişdi. Əsirlərin sayındakı disbalansla bağlı sualın dəqiq cavabı yoxdur. Səbəblərdən biri birinci müharibədə daha çox nizamsız dəstələrin iştirak etməsidir - könüllülər döyüşçülərin, yaralananların, həlak olanların və ya əsir düşənlərin dəqiq siyahısını tutmurdular.

Atəşkəs dövründə erməni əsgərlər

Hüquq müdafiəçiləri deyirlər ki, birinci müharibədə itkin düşənlərini izini tapmaq çətindir, çünki o vaxt əsasən könüllülərdən ibarət, vahid mərkəzdən idarə olunmayan dəstələr vuruşublar

O illərdə Alaverdyan məhz bu işlə - itkin düşənlərin siyahısını hazırlamaqla məşğul olub, həm də kimin hansı şəraitdə yoxa çıxdığını qeyd etməklə. Bu, itkinlərin real sayını müəyyənləşdirməyə kömək edib.

"Mən başqa siyahılarla da rastlaşırdım (Ermənistan tərəfdə - red.), onlardan birində bir nəfəri həm itkin düşmüş, həm həlak olmuş, həm də evə qayıtmış kimi qeydə almışdılar".

Uğursuz əməliyyatlar

Azərbaycanlı hüquq müdafiəçisi Arzu Abdullanın qənaətincə, əsir sayındakı disbalansın digər səbəbi Azərbaycan tərəfin o dövrdəki iki uğursuz hərbi əməliyyatıdır. Biri 800 əsgərin itdiyi Ağdərə (Mardakert) əməliyyatıdır - onda ermənilər kütləvi məzarlar qazıb azərbaycanlı döyüşçüləri heç bir qeydiyyat aparmadan orda dəfn etmişdilər. İkinci əməliyyat Kişik Qafqazın ən hündür zirvəzi Murovdağın ətəyində olmuş, ermənilər zirvəyə artilleriya atəşi açıb qar uçqunu yaratmış və bu, yüzlərlə Azərbaycan əsgərinin qar altında qalıb ölməsiylə nəticələnmişdi. Ömər aşırımı uğrunda döyüş adlandırılan həmin əməliyyat haqqında özünün "Qara bağ" adlı kitabında britaniyalı araşdırmaçısı Tomas de Vaal da yazıb və Azərbaycan tərəfinin 1500-dən çox əsgər itirdiyini qeyd edib.

Nə üçün indi adamları tapırlar, amma o vaxt bunu etmirdilər?

Hüquq müdafiəçiləri itkin düşənlərin çox olmasını döyüş üsullarıyla əlaqələndirirlər. O müharibədə əsasən mərkəzləşdirilmiş idarəçiliyi olmayan könüllülər vuruşurdular və buna görə də insanların sonrakı taleyini izləmək çətin idi. "Onda "kiçik müharibə" idi - könüllülər döyüşürdülər, kimlərin və nə vaxt müharibəyə yollandığını heç kim bilmirdi. Bu müharibədə isə statistika var, hamı kimin hansı istiqamətdə irəlilədiyini bilib" - Larisa Alaverdyan belə deyir. O və müharibənin hər iki tərəfindəki digər hüquq müdafiəçiləri məmurlara itkin düşmüş insanların axtarışını təşkil etməyi, kütləvi məzarlıqlarda - xüsusən də qanlı döyüşlərin getdiyi yerlərdə qalıqların çıxarılmasını təklif ediblər. Amma ortaq məxrəcə gəlmək mümkün olmayıb. Larisanın həmkarı - itkin düşənlərin axtarışıyla məşğul olan Əvəz Həsənov deyirdi ki, münaqişə tərəfləri bir-birinə etimad etmədiyi üçün döyüşlərin getdiyi ərazilərə girişlə bağlı razılığa gələ bilməyiblər.

1991-ci ildə Qarabağda BTR-in üzərində Sovet əsgəri

Qarabağ münaqişəsi zonasında o vaxt Rusiya qoşunları da vardı

"O vaxt itkin düşənlərin taleyini öyrənə bilsəydik, o vaxt birgə axtarışlar aparılsaydı, çox şeyi üzə çıxara bilərdik" - Həsənov belə deyib. Onun sözlərinə görə, müharibədən sonra bu məsələ ilə bağlı tərəflər arasında, demək olar ki, təmas olmayıb: "Hər iki tərəf qapanıb. Axtarsaydılar, hələ 1994-1995-ci illərdə çox adamın taleyinə aydınlıq gətirilə bilərdi". Birinci müharibədən sonra təmasların olmamasını həm də o çətinləşdirirdi ki, o vaxt kimin harada döyüşdüyü məlum deyildi və qarşı tərəfə konkret bir şəxsin taleyi barədə sorğu vermək mümkün deyildi. Hər iki ölkənin hüquq müdafiəçiləri bu fikri bölüşürlər.

"O müharibə indikinə bənzəmirdi, hər iki tərəfdə professional ordu yox, qruplaşmalar və hərbi dəstələr vuruşurdu. Müharibənin o variantında bütün həlak olanları qeyda almaq mümkün deyildi" - hüquq müdafiəçisi Arzu Abdullayeva belə deyir.

Hələ də əsirlikdə qalanlar ola bilərmi?

Ermənistan və Azərbaycan XİN-ləri BBC-nin yazılı sorğusuna cavab verməyiblər. Ötənilki müharibənin gedişində Azərbaycan tərəfi daha əvvəl ermənilərin nəzarətində olan torpaqlardan əsgərlərin cəsədlərini tapmağa başladı. 2021-ci ildə Fransa itkin düşənlərin meyitlərinin tapılması üçün Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə yarım milyona yaxın avro verib. Zarine ümidini itirmir:"Yurini necə axtardığımı hamı bilir. Mən onun ölü də olsa tapılmasını istəyirəm. Tutaq ki, 28 il əvvəl dəfn olunub, heç olmasa, paltarını versinlər, nə geydiyi yadımdadır. Sağdır, yoxsa yox, bunu dəqiq bilmək istəyirəm. Amma ürəyim deyir ki, sağdır".

"Şaiyələrin ardı-arası kəsilmirdi, kimsə gəlib deyirdi ki, onlar sağdılar və biz yenidən axtarmağa başlayırdıq. Çox istəyirəm ki, tapılsınlar - ya ölü, ya diri. Sağdırlarsa, evlərinə qayıtsınlar, axı indi qocadırlar" - Mahir belə deyir...

(BBC.COM)

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN