Mərkəzi Elmi Kitabxanada “Əzizə Cəfərzadə – 100” adlı sərgi təşkil edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Xalq yazıçısı, “Şöhrət” ordenli, görkəmli pedaqoq Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunan sərgi oxuculara təqdim edilir.

Burada görkəmli ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əzizə Cəfərzadənin zəngin yaradıcılığını özündə əks etdirən nəşrlər sərgilənir. Yazıçının 12 cildlik "Natəvan haqqında hekayələr"i ilə başlayan "Seçilmiş əsərləri"ndə (2021) "Qobustan çökəklərində" romanı, "Qaratel", "Manar sahillərində", "Qoşqar", "Bir zərrə iz..." və başqa povestləri, eləcə də ilk dəfə nəşr edilən qırx hekayəsi yer alıb. 3 hissədən ibarət olan “Bakı-1501” (2015), “Bəla” (2016) tarixi romanları, “Azərbaycan qadın şairləri antologiyası” (2005),  “Zərintac-Tahirə” (1996) romanı, ““Gülüstan”dan öncə” tarixi romanı və digər maraq doğuracaq nəşrlər sərgidə yer alıb.

2022-ci il yanvarın 15-nə kimi davam edəcək sərgidə yazıçının 35-dən artıq nəşrləri, onun haqqında yazılmış məqalələr, qəzet və jurnal materialları Azərbaycan və rus dillərində nümayiş etdirilir.

Onu da qeyd edək ki, Cəfərzadə Əzizə Məmməd qızı 1921-ci ildə Bakı şəhərində doğulub. 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. Görkəmli yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi tariximizdə böyük yer tutur. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1950-1955-ci illərdə Pedaqoji İnstitutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957-74-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışıb.

***

Əzizə Cəfərzadə  vaxtilə Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirib

Xatırladaq ki, Əzizə Cəfərzadə 1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışıb. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərərək, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə gedərək millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olaraq bu problemlərin həll edilməsində yaxından iştirak edib. O, həyatı boyu xeyriyyəçiliklə məşğul olub, 1979-cu ildə Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirib. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olub.

Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərib. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarişlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirmişdir ki, bunlara "Fatma xanım Kəminə" (1971), "Könül çırpıntıları" (1972), "Azərbaycanın aşıq və şair qadınları" (1974, 1991), "Azərbaycanın şair və aşıq qadınları" (II nəşr 2003), "Şirvanın üç şairi" (1971), "Mücrüm Kərim Vardani. Sünbülstan" (1978), "Abdulla Padarlı. Seçilmiş əsərləri" (1979), "Hər budaqdan bir yarpaq" (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu kitablar vasitəsi ilə o, ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir.

Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, "Xalqlar dostluğu" ordeni və müstəqil Azərbaycanın ali mükafatı – "Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü idi. "Azərtelefilm" Birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkib.

Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o 2001-ci ildə "Azərbaycan Anası" və "Xalq Yazıçısı" kimi yüksək adlara layiq görülüb.

Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib.

TƏQDİM ETDİ: JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN