T.Abdullayev: «Ağcabədidə özünü «vor zakon» kimi aparan Cəfərov Mürşüd Muradxan oğlu «Azər-Şəkər» MMC-ni aldadaraq 13 ildir əkib-becərdiyim torpaq sahəmi 60 min manata satıb pulunu alması bir yana, indi hələ bir bizə hədə-qorxu da gəlir»

 Tanınmış fermer, ali təhsilli iqtisadçı, xarici ölkələrin əkin təcrübəsini və damcılama ilə suvarma sistemlərini ilk dəfə Azərbaycanda  tətbiqini həyata keçirən Abdullayev Teyyub Əli oğlu başına gətirilənlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazova, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynova, Ağcabədi rayon prokuroru cənab Salman Səmədova və Ağcabədi rayon polis şöbəsinin rəisi cənab Ənvər Həsənova şikayət şikayət ərizəsi yazıb. Surəti «Təzadlar» qəzeti redaksiyasına təqdim olunmuş şikayət ərizəsini və əlavə olunmuş sənəd və sübutları, eləcə də iş üzrə mühüm maddi sübut olan səs yazılarını, fotoşəkilləri təhlil edərək diqqətlə araşdırdıq. Redaksiyanın hüquqşünası və şikayətçinin hüquqlarını müdafiə edən (müqavilə bağlanılıb) vəkillə məsləhətləşmələrdən sonra bu şikayəti ictimailəşdirməli olduq. Əsas səbəblərdən biri də budur ki, şikayətçinin ərizəsində Ağcabədidə özünü fərqli təqdim edərək tanınmış fermeri təhdid edən, ona məxsus olan, 13 ildir əkib becərdiyi torpaq sahəsini «Paşa Holdinq»in pilot layihəsini icra edən «Azər-Şəkər» MMC-nin mütəxəssislərini aldadaraq 60 min manata satan Cəfərov Mürşüd Muradxan oğlu indi torpaq sahibini təhdid edir, hədələyir, şantaj etməkdədir.

Aşağıda həmin şikayəti təqdim edirik:

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə

Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazova

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynova

Surəti: Ağcabədi rayon prokuroru cənab Salman Səmədova

Surəti: Ağcabədi rayon polis şöbəsinin rəisi cənab Ənvər Həsənova

Ağdam rayonunda anadan olmuş Abdullayev Teyyub Əli oğlu tərəfindən

ƏRİZƏ

Çox hörmətli Kamran müəllim!

Hörmətli Əli müəllim!

Hörmətli Vilayət müəllim!

Hörmətli Rafil müəllim!

Diqqətinizə çatdırıram ki, mən ali təhsilli iqtisadçıyam. Cənab Prezident İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi böyük dəstəyinə, xüsusən də aqrar sahəyə olan məxsusi diqqət və qayğısına güvənərək uzun illərdir Ağdam, İsmayıllı və Ağcabədi rayonlarının ərazisində istifadə edilməyən, lakin əkinəyararlı torpaq sahələrini icarəyə götürərək ailə üzvlərimin, qohumlarımın, eləcə də özümün şəxsi vəsaitim və min bir zəhmətim sayəsində taxıl, kartof və soğan istehsalı ilə məşğulam. Hər il mövsümi işlər dönəmində həmin əkin və istehsal sahələrində yüzlərlə vətəndaşın işlə təminatına nail oluram. Mənim üçün ən vacibi ölkəmizin Ərzaq Təhlükəsizliyi ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən iş adamlarının, sahibkarların və fermerlərin qarşısına qoyduğu vəzifənin vicdanla yerinə yetirilməsidir. Demək artıqdır ki, torpaqla ünsiyyətdə olan, alın təri ilə, zəhmətini əsirgəməyib sırf kənd təsərrüfatı ilə məşğul olan fermerin günü-güzəranı necə ola bilər. Mən Bakıdakı iş fəaliyyətimi dondurub uzun illərdir bu sahə ilə məşğulam. Dəfələrlə Polşada, Ukraynada, Orta Asiya ölkələrində, Türkiyədə, Macarıstanda olaraq ən səmərəli əkin və istehsal təcrübəsini öyrənərək Azərbaycanda tətbiqinə nail olmuşam, xarici ölkələrdən əkin və becərmə texnikası, toxum, şitil və s. gətirərək ölkəmizdə istifadəsinə nail olmuşam. Bircə faktı deyim ki, uzun illərdir həm də 8 min ton soğan məhsulunun  istehsalçısıyam. Azərbaycanda ilk fermerəm ki, suvarma suyuna qənaət məqsədi ilə damcılama yolu suvarma sistemi texnologiyasını ölkəmizdə ilk dəfə mən tətbiq etmişəm. Artıq neçə ildir ki, ölkəmizi soğan idxal edən ölkədən ixrac edən ölkəyə çevirmişəm. Bunu sübut edən fotoşəkilləri və məhsulların xüsusi çəkisini Sizə təqdim edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, hal-hazırda Ağdam və Ağcabədi rayonlarındakı kənd təsərrüfatı sahəmizə mövsimi işlər zamanı 10-dan çox qonşu rayonlardan işləmək üçün yüzlərlə insan cəlb olunur, onların məşğulluğunu təmin edirəm. Bütün bu işlərdə mənim istirahətsiz əməyim vardır. Bunu səmimiyyətlə bildirirəm.

Bunları yazaraq nəzərinizə çatdırmaq istəyirəm ki, zərurət olduqda  istifadəsində torpaq sahəsi olan, lakin əkib-becərə bilməyən vətəndaşlardan da pulunu ödəyib halallıqla torpaq sahəsini icarəyə götürüb taxıl və ya kartof, soğan əkərək istehsalla məşğul oluram. Misal üçün, 2008-ci ildə Ağcabədi rayonunun “Böyük yataq“ deyilən ərazisində Həsən və Faiq Kazımov (Mirbağır oğlu) qardaşlarına 30 min dollar ödəyərək onların istifadə etmədiyi torpaq səhəsini almışam. Torpağın sənədləri həmin şəxslərin yaxın qohumu kimi bildiyim, Ağcabədi rayon sakini, «Əfşar Kərim» kimi tanınan Cəfərov Mürşüd Muradxan oğlunun adına idi. Hər üç şəxs mənə bildirdi ki, əlavə xərc çəkməmək üçün Dövlət Aktına görə icarə müqaviləsinin vaxtı bitəndə torpağı öz adına keçırərsən. Qarşılıqlı səmimiyyət və inam, etibar ortada heç bir problemin olmadığını diqtə edirdi. Beləliklə, mən 2008-ci ildən 2017-ci ilədək həmin torpaq sahəsində müntəzəm olaraq kənd təsərrüfatı məhsulları əkib-becərmişəm. Bunun üçün intensiv əkin üçün yararlı olmayan ərazidə kultivasiya işləri apardım, 4 ədəd subartezian quyusu qazdırdım və ötən 13 il ərzində də hər il əkib-becərmişəm. Nəhayət, illər keçdi, 2017-ci ildə yuxarıda adı çəkilən Cəfərov Mürşüd Muradxan oğlunun Ağcabədi rayon İH ilə icarə müqaviləsinin müddəti bitdiyindən sənədləri öz adıma dəyişmək üçün İH-nə rəsmi müraciət etdim. Məlum oldu ki, illərlə əkib-becərdiyim torpaq sahəsini «Paşa-Holdinq»in təşkilatçılığı ilə yaradılmış və torpaqdan ixtisaslaşmış qaydada istifadəsi üçün pilot layihə kimi «Azər-Şəkər» MMC-yə icarəyə vermək istəyirlər. Şirkətin nümayəndələri ilə görüşlərimizdə də mənim iş fəaliyyətimi canlı görüb yüksək qiymətləndirdilər, bu fəaliyyəti hələki davam etdirməyim tövsiyyə olundu. Hətta 2020-ci ildə həmin torpaq sahəsini onlara şəkər çuğundurunun əkini üçün verməyimdən ötrü mənə hallallıq naminə (torpaq sahəsinə çəkdiyim xərclərin müqabilində) yüksək məbləğdə pul təklif etdilər, bildirdim ki, gördüyünüz kimi, həmin torpaqdan səmərəli istifadə edirəm, hər il lazımi həcmdə məhsuldarlıq əldə edilir, yaxşı olar ki, hələlik torpaqdan səmərəli istifadə etməyən şəxslərin torpaq sahələrini alsınlar. Onu da diqqətə çatdırdım ki, əgər lazım gələrsə «Paşa Holdinq»ə bu sahəni pulsuz verməyə hazıram.

 Bir məqamı da qeyd etmək istəyirəm ki, icarəsində olan torpağı səmərəli istifadə etməyən (mal-qara üçün örüş yeri kimi və s.) şəxslərdən alınan torpaq sahələri əksər hallarda başqalarına daha baha qiymətə satılır, təbii ki, səmərəli istifadə olunması məqsədi ilə. Məsələn, mən özüm 2021-ci ildə 24 min manat ödəyərək həmin «Azər-Şəkər» MMC-dən 1 illiyinə 20 hektar torpaq sahəsini alıb soğan və kartof əkmişəm.

 Bir daha qeyd edirəm ki, ali təhsilli iqtisadçı kimi, Bakıdakı rahat iş fəaliyyətimi qoyub bölgələrdə torpaq əkini ilə məşğul olmaq artıq mənim üçün sistematik vərdişə, həyatımın bir hissəsinə çevrilib. Cənab Prezidentin Azərbaycanın Ərzaq Təhlükəsizliyi ilə bağlı verdiyi sərəncamları, eləcə də sahibkarlara, xüsusən də aqrar sahədə çalışanlara çağırışları mənim bu sahədə fəaliyyət kriteriyamdır.

 Beləliklə, mən 2008-ci ildə 30 min dollar pul verərək birdəfəlik aldığım 50 ha torpaq sahəsini və həmin sahədəki 4 subartezian quyusuna görə «Azər-Şəkər» MMC-dən pul istəmədim və torpağı onlara satmadım. Lakin görünür, fürsətcil adamlar mənim başqa bölgələrdə çalışdığımı görərək əyri yollara əl atmışlar. Belə ki, mənə bu yaxınlarda məlum oldu ki, sən demə, yuxarıda adını qeyd etdiyim, vaxtilə 30 min dollar verib torpaq sahəsini aldığım Cəfərov Mürşüd Muradxan oğlu adı çəkilən şirkətin nümayəndəsi ilə əlaqəyə girərək mənə məxsus olan torpaq sahəsinə və 4 ədəd subarteziana görə «Azər-Şəkər» MMC-dən təxminən 60 min manat pul almışdır. Təsəvvür edin, onun adına olan torpaq sahəsinə görə icarə müqaviləsi 2017-ci ildən bitsə də və o, özünün, yaxın qohumları Həsən və Faiq Kazımovların  iştirakçılığı ilə 2008-ci ildə 30 min dollar pul ödəyərək birdəfəlik aldığım torpaq sahəsini indi özünün torpaq sahəsi kimi «Azər-Şəkər» MMC-yə satmışdır. Bu, ən azı etibardan sui-istifadə və dələduzluq əməlidir. Hansı ki, həmin torpaq sahəsi Dövlət Fonduna aiddir. O, həm də «Paşa Holdinq»in işğüzar imicinə zərbə vurub, Holdinqin nümayəndəsini aldadıb.

Bunları Sizə yazıb bildirməkdə məqsədim odur ki, Ağcabədi rayonunda öz şəxsi vəsaiti ilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan bir fermerin başına gətirilən oyunların «baş qəhrəmanı»nın  kimliyini və nə işlə məşğul olduğunu diqqətinizə çatdırmaqdır. Mən ölkəmizdə öz işini yaxşı bilən, halal zəhməti ilə torpaqda çalışan, əkinçilikdə istənilən sahibkarla yarışa girməyə hazır biri olaraq rastlaşdığım saxtakarlıqla, üzləşdiyim haqsızlıqla barışa bilmərəm. Mən alverlə deyil, taxıl, kartof, soğan əkib becərməklə məşğul olanam. Zəhmətimin bu cürə qiymətləndirilməsi yolverilməzdir, dövlətimizin aqrar siyasətinə ciddi maneçilikdir! Mən müasir əkinçilik texnologiyasını öyrənmək üçün neçə-neçə xarici ölkələrdə olmuşam, öyrəndikdən sonra öz ölkəmdə tətbiq etmişəm. Bu fəaliyyəti hər il davam etdirirəm.      Mənim həmin torpaq sahəsini pul verib aldığımı təsdiqləyən yetərincə inkaredilməz sübutlarım var. 13 il müddətində həmin sahədə yüzlərlə insan çalışıb. Həmin əraziyə gedib soruşsalar torpaq sahəsinin kimə aid olduğu məlum olar. Son günlərədək-13 ildir həmin sahəni əkib becərirəm. Hansı ki, mənimlə eyni vaxtda torpaq sahəsinin 25 %-i Abdullayev Abdulla Xanhüseyn oğluna  (telefonu: 050-5625389), 25 %-i isə Abbasova Bəsti Ədil qızına məxsusdur. Mənə isə torpaq sahəsinin 50 %-i məxsus idi və indi mənə məlum olub ki, «Azər-Şəkər» MMC Abdulla Abdullayevə  və Bəsti Abbasovaya onların həmin torpaq sahəsinə görə böyük məbləğdə pul ödəyib, alıb. Mənə məxsus olan 50% torpaq sahəsinə görə isə həmin torpaq sahəsinə aidiyyəti olmayan «Əfşar Kərim» kimi tanınan, özünü Ağcabədidə «odda yanmaz, suda batmaz» kimi tanıdan, heç bir qayda-qanun tanımayan, hər yerdə özünü «vor zakon» kimi təqdim edən Cəfərov Mürşüd Muradxan oğlu saxtakarlıq edərək almışdır. Elementar məntiqdir ki, 13 il ərzində ardıcıl olaraq hər il tərəfimdən əkilib becərilmiş (fotoşəkilləri təqdim edirəm) sahədə çalışan Ağcabədi Subartezyan idarəsinin işçilərindən tutmuş, becərdiyim sahənin dörd tərəfində yerləşən qonşular da, sahədə işləmiş yüzlərlə insanlar da, həmin artezianların illik enerji pulunu ödədiyim qəbzlər də həmin sahənin mənə məxsus olduğunu, illərdir həmin sahəni mənim əkib becərdiyimi təsdiqləyir.

"Mənə bu yaxınlarda məlum oldu ki, sən demə, yuxarıda adını qeyd etdiyim, vaxtilə 30 min dollar verib torpaq sahəsini aldığım Cəfərov Mürşüd Muradxan oğlu adı çəkilən şirkətin nümayəndəsi ilə əlaqəyə girərək mənə məxsus olan torpaq sahəsinə və 4 ədəd subarteziana görə «Azər-Şəkər» MMC-dən təxminən 60 min manat pul almışdır..."

Mənimlə həmin torpaq sahəsində çalışan insanların bir hissəsinin adlarını və soyadlarını, telefonlarını aşağıda qeyd edirəm:

1.Xəlilov Fikrət İsbat oğlu, tel. 050- 557-79-87;

2.Zahidov Hacı Zahid oğlu, tel. 055- 275-26-03;

3.Rəcəbov Abdukərim Fəramir oğlu, tel. 051 552-79-32;

4.Həmidov Xasay Zahid oğlu, tel. 050752-59-13;

5.Həmidli Seymur Xasay oğlu, tel. 051 902-06-02 və başqaları.

 

"Mən bu günlərdə 2008-ci ildə 30 min dollar pul verdiyim və hazırda Moskvada yaşayan Faiq Mirbağır oğlu Kazımova zəng etdim, yaxın qohumu Cəfərov Mürşüd Muradxan oğlunun bu qanunsuz əməli barədə məlumat verib bir daha soruşdum ki, həmin torpaq sahəsi kimə məsusdur? Faiq Mirbağır oğlu Kazımov Cəfərov Mürşüd Muradxan oğlunun bu əməlindən çox təəssüfləndi, bir daha təsdiq etdi ki, mən həmin torpaq sahəsini 2008-ci ildə 30 min dollar pul verərək onlardan almışam, mənə məxsusdur"

Mən bilirəm ki, Siz belə haqsızlıqla barışmaz dövlət xadimisiniz və haqq və ədalətin, halallığın mənim kimi torpaqla əlləşən, həyatını bu sahəyə təmiz niyyətlə həsr edən bir fermer-zəhmət adamı üçün nə olduğunu yaxşı bilirsiniz. Hətta mən 2008-ci ildə 30 min dollar pul verdiyim və hazırda Moskvada yaşayan və orada çalışan Faiq Mirbağır oğlu Kazımova zəng etdim (onunla həmişə əlaqəmiz olub), ona  yaxın qohumu Cəfərov Mürşüd Muradxan oğlunun bu qanunsuz əməli barədə məlumat verdim. Bir daha soruşdum ki, həmin torpaq sahəsi kimə məsusdur? Faiq Mirbağır oğlu Kazımov yaxın qohumu və vaxtilə verilən puldan öz payını götürmüş Cəfərov Mürşüd Muradxan oğlunun bu əməlindən çox təəssüfləndiyini bildirdi və bir daha təsdiq etdi ki, mən həmin torpaq sahəsini 2008-ci ildə 30 min dollar pul verərək onlardan almışam, mənə məxsusdur və s. Hətta özü bir daha qeyd etdi ki, Cəfərov Mürşüd Muradxan oğluna  zəng vurub bu yoldan çəkinməsini tapşıracaq (onun mənə göndərdiyi səsli mesajını DVD diskdə təqdim edirəm). Bununla belə, mən özüm Cəfərov Mürşüd Muradxan oğlunun 050-211….  saylı mobil nömrəsinə zəng vurub danışdım, hərəkətinin heç bir hüquqi əsası olmadığını, qanunsuz hərəkət etdiyini ona izah etdim. Bir daha başa düşdüm ki, bu insan özünü hələ də «vor zakon» kimi hiss  edir.

Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq öz zəhməti, alın təri ilə kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olan ali təhsilli, dünyanın əkin təcrübəsini Azərbaycana gətirən ilk fermer kimi pozulmuş hüquqlarımın bərpası və adı çəkilən Cəfərov Mürşüd Muradxan oğlunun barəsində lazımi ölçü götürülməsi üçün aidiyyəti üzrə tapşırıq verəsiniz.

Ərizəmə əkib-becərdiyim torpaq sahələrində yetişdirdiyim kənd təsərrüfatı məhsullarının fotoşəkillərindən bir qismini təqdim edirəm.

Əvvəlcədən minnətdaram.

Abdullayev Teyyub Əli oğlu

Redaksiyadan: şikayətdə adı çəkilən Cəfərov Mürşüd Muradxan oğlu ilə telefon əlaqəsi saxladıq... O, bir sıra suallarımızı cavablandırdı... Daha ətraflı məlumat veriləcək.

«Təzadlar»ın Araşdırma Qrupu

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN