Vətəndaşlar ildə bir dəfə Şuşaya və bir dəfə Ağdama səfər edə bilərlər.

Məhz rəsmilərin səsləndirdiyi bu cümlə, icimaiyyət arasında çaşqınlıq yaratdı, sosial şəbəkələrdə müzakirələrə, narazılıqlara səbəb oldu. Bir çox insan bunun ədalətsiz qərar olduğunu qeyd edərək, bunu  doğma vətənə - Qarabağa bir və ya iki dəfə birgünlük turist səfəri kimi qəbul etdiklərini bəyan etdilər...

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərə təşkil ediləcək müntəzəm avtobus səfərlərindən vətəndaşların ildə bir dəfə istifadə edə biləcəyi məsələsinə aydınlıq gətirib.

Bu barədə trend-in sorğusuna cavab olaraq qurum bəyan edib ki, ilk mərhələdə işğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətandaşlara hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə Ağdama səfər etmək imkanı yaradılır. Burada məqsəd bütün vətandaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq.

Qeyd edək ki, 24 yanvar tarixindən etibarən Bakı – Şuşa, Bakı – Ağdam, Əhmədbəyli – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa, Bərdə – Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub. Reyslər Əhmədbəyli – Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək.Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Füzuli Beynəlxalq Hava Limanı – Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

 Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

 Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.

 

Və yəqin ki, Qurumun qeyd etdiyi kimi, tezliklə Azərbaycan vətəndaşları  Qarabağın dilbər guşələrinə  ildə 2 dəfə yox, ürəkləri istədiyi qədər gedə və qala biləcəklər.

Çünki o torpaqların on illərlə intizarını çəkən insanların vüsalı  iki günə sığmaz...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN