...Rusiya Zəngəzur dəhlizinin açılmamasında maraqlıdır. Əgər Rusiyanın Gürcüstanı işğal və ilhaq etmək imkanı olsa o heç vaxt və heç bir şərtlər daxilində Azərbaycanın müstəqilliyi halında Zəngəzur dəhlizinin açılmasına razılıq verməz.

Gürcüstanın işğalı Rusiyanı NATO ilə üz-üzə qoyacağı səbəbi ilə bunu edə bilmədiyindən Ermənistanla əlaqə yaratmaq xatirinə Zəngəzur dəhlizinin onun nəzarəti altında açılmasına razılıq versə də, bunu mümkün qədər vaxt uzatmaqla edir. Belə ki, bu vaxt ərzində ortaya çıxa biləcək digər imkanlar içərisində ona ən sərfəli variant seçmək ehtimalı verir. İndiki halda Azərbaycan ən azından Abşeronun Xəzəryanı, Quba-Qusar və Qarabağ bölgələrində Türkiyə ilə birgə müxtəlif təyinatlı hərbi bazalar yaratmalıdır. Rusiyaya, həm də təkcə ona deyil hər hansı bir təcavüzə qarşı etibarlı dirənişin daxili amillərinin əsas özülü hakimiyyət – vətəndaş arasında münasibətlərin vəziyyətidir. Bu münasibətlər müəyyən əndazədən kənar olduğu halda xarici müdaxilə, xüsusilə 200 ildən çox Azərbaycanın əsarətində olduğu Rusiya kimi, dövlət piramidası da daxil olmaqla bütün sahələrdə oturuşmuş, kök atmış, cəmiyyətdə yüksək vəzifəli, nüfuz sahibi olan çoxsaylı şəbəkəni hərəkətə gətirə biləcək dövlət Azərbaycan üçün çox təhlükəlidir. Belə ki, Rusiya ölkədə sosial partlayış yaratmaqla hakimiyyəti devirmək, həm də hakimiyyəti əlində olan çoxsaylı kompramatlar, imkanlar vasitəsilə şantaj edərək Qazaxıstandakı kimi ölkəni təslim etməyə məcbur edə bilər. Bu gün Azərbaycandakı vəziyyət nə qədər sabit görünsə də, əslində vəziyyət ilk baxışda göründüyü kimi deyil. Bu gün Azərbaycanın belə bir təhlükəli vəziyyəti hakimiyyəti hərbi xərcləri artırmağa, digər tərəfdən Qarabağda müxtəlif istiqamətlərdə ən zəruri bərpa işlərinin icrasının son dərəcədə sürətləndirilməsi zərurəti, beynəlxalq müstəvidə ərzaq və bir sıra ölkəyə idxal olunan zəruri ilk tələbat mallarının qiymətlərinin artması, eləcə də mövcud quruluşun mahiyyətindən doğan naqisliklərin ucbatından yaranan çətinliklər şəraitində hökumətin əhalinin çoxluğunu təşkil edən imkansız təbəqənin gəliri ilə kəskin ziddiyyət təşkil edən qiymət artımlarına əl atması, digər tərəfdən isə işsizliyin yüksək səviyyəsi, nəinki rəsmən elan edilən minimum nominal əmək haqqının, hətta orta əmək haqqının belə insanların minimum zəruri tələbatını ödəmək iqtidarında olmaması, yaralı qazilərimizin nəinki minimum şəxsi tələbatı, eləcə də müalicə xərclərinin ödəyə bilməməsi, şəhidlərimizin əksəriyyətinin valideynlərinin, həyat yoldaşlarının, körpə balalarının mənəvi-maddi dayağını itirərək fəlakətli vəziyyətdə olması hakimiyyət-vətəndaş münasibətlərinin son həddə gərginləşməsinə səbəb olmuşdur. Bu sadaladıqlarım indiki durumun yaranmasının obyektiv səbəblərdir. Lakin bu məsələnin subyektiv tərəfləri də var. Başda ölkə prezidenti olmaqla hakimiyyətin qarşı tərəfin real vəziyyətini nəzərə almayaraq, bilavasitə ancaq ən zəruri hesab etdiyi işləri icra etməyə yönlənərək cəmiyyət üzvlərinin sosial problemlərinin də həll edilib «təhlükəli zonadan» çıxarılmasının da onların ən vacib funksiyalarından biri olmasını ya yaddan çıxarır, ya da bu məsələyə etinasız yanaşır. Ya da ki, prezidentin bu günkü komandası bu məsələlərə ciddi nüfuz edib, onu indiki halda qeyri-standart üsul və vasitələr tətbiq etməklə problemli yoluna qoymağı, prossesin partlayış parametrlərini neytrallaşdırmaq üçün zəruri intellektual səviyyəyə malik deyil. Bu baxımdan yuxarıda sadalanan obyektiv səbəblərin yaratdığı çətin şəraitə Azərbaycanın düşdüyü təhlükəli vəziyyət aradan qalxana qədər vətəndaşlarına dözə bilmək imkanı verən və «təhlükəli zona» çərçivəsindən kənar orta məxrəci müəyyən edib sosial vəziyyəti məhz bu ortaq məxrəcin tələblərinə uyğunlaşdırmağın məsuliyyəti hakimiyytəin üzərinə düşür. Vətəndaşların üzərinə düşən məsuliyyət də Azərbaycanın yuxarıda sadalanan obyektiv səbəblərdən irəli gələn durumunu nəzərə alaraq adı çəkilən orta məxrəcdən çoxa, ölkənin başı üzərində toplaşan bu təhlükə neytrallaşdırılana qədər iddia etməməsidir. Tərəflərin, yəni, hakimiyyət-vətəndaş münasibətləri ən azı ölkənin vəziyyəti sabitləşənədək bu orta məxrəc çərçivəsindən çıxarsa hakimiyyətli, vətəndaşlı ölkənin böyük fəlakətə düçar olmaq ehtimalı nəinki çoxdur, demək olar ki, qaçılmazdır. Buna görə də bu gün hər bir vətəndaşın probleminə barmaqarası baxan məmur, şəhid ailəsi üzvünün, yaralı, yarasız qazinin, hansısa dözülməz, lakin məmurların həll edə biləcəyi problemin həll edilməməsinə dinc etiraz edən vətəndaşın üstünə şığıyan hüquq-mühafizə əməkdaşının qarşısındakının erməni və ya digər düşmən deyil, öz haqqını tələb edən AZƏRBAYCAN VƏTƏNDAŞI olduğunu dərk edərək uyğun münasibət göstərməsi fövqəladə əhəmiyyət kəsb edir. Çünki, fiziki prosseslərin qanunlarından biri olan Nyutonun «Təsir əks təsirə bərabərdir» qanunu ictimai prosseslərə həndəsi çoxalma qaydasında təsir göstərərək hakimiyyət-vətəndaş münasibətlərinin daha şiddətlə radikallaşmasına səbəb olur. Bu radikallaşma prossesi çox vaxt özünü üzdə biruzə verməsə də, elə ilk yaranan fürsətdə güclü sosial partlayış olaraq üzə çıxır ki, çox vaxt da xarici düşmənlər bundan hər iki tərəfə ölümcül zərbə vurmaq fürsətini əldən buraxmırlar. «El bir olsa kərən sındırar» deyib türk aqilləri. Hakimiyyətli, müxalifətli ilk baxışda təmtəraqlı, lakin içərisi nağara kimi boş, ucuz siyasi reytinq, şöhrət qazanmağa hesablanmış sözləri, hərəkətləri kənara qoyub hamılıqla həm sözdə, həm əməldə dövlətin və cəmiyytəin problemlərinin sabitlik xətti trayektoriyasında reallaşdırsaq qələbə bizdən aralı dura bilməz. Bir də ona görə ki, SSRİ dövründə olduğu kimi qollarımız Kremlin qandalında, başımız noxtasında, özümüz tənha deyil, Türkiyə, Pakistan kimi dayağımız, Özbəkistan, Turkmənistan, Qazaxıstan, Qırğızıstan türkləri kimi TÜRKLÜYÜN AZADLIQ QALASI TURANA gedən yolda bu gün də daxil olmaqla tarixin bütün dönəmlərində həyatını məşələ çevirib bu yolu işıqlandıran şəhidlərimizin qəhrəmanlığı fədakarlığı qarşısında Azərbaycan cəmiyyəti, ümumilikdə Türk millətinin və Türk dövlətlərinin ərazisində yaşayıb bu torpağa Türk qədər sədaqətlə VƏTƏN deyib, onun azadlığı uğrunda həyatından keçən və keçməyə hazır olanların nəsillərinin xoşbəxt yaşaması naminə biz hər cür şəxsi, korporativ maraqları, iddiaları kənara qoub, çox mürəkkəb dövrdən keçib qələbəyə gedən ağır yolu şərəflə keçməliyik. Yoxsa, gələcək nəsillərimiz bizi ancaq lənətlərlə xatırlayacaq. Lap elə biz bu gün ADR qurucularını dərin hörmətlə anıb, onların düşmənlərini lənətlərlə andığımız kimi.

***

Bu gün, xüsusilə bütün türklər üçün həlledici təleyüklü prosseslərin inkişafının pik həddinə çox yaxın olduğumuz vaxtda  baş vermiş hər bir hadisənin, ümumilikdə gedən prosseslərin kontekstində mətbuatda obyektiv işıqlandırılması son dərəcə əhəmiyyətlidir. Çünki, mətbuat insanların sadəcə olaraq məlumat mənbəyi olmayıb, həm də vətəndaşların mütləq çoxluğunun bu hadisələrin mahiyyəti, səbəbləri və ümumilikdə gedən prosseslərdə oynadığı rolu barədə düşüncəsi məhz KİV-i vasitəsilə formalaşır. Bu baxımdan 11.01.2020-ci il tarixli «Təzadlar» qəzetində Soylu Atalı adlı müəllifin «Türk Birliyinin Doğrulması gərəkdir» adlı məqalə Türk dünyasında xüsusilə son 30 ildə gedən prosseslərin bəzi ayrıca götürülmüş elementləri haqqında haqlı fikir söyləsə, bu millətin taleyinə, mövcud ağır durumuna əsil türk insanı kimi təbii və səmimi ürəkağrısı sərgiləsə də bir çox məsələlərdə özü də bilmədən bu məsələlər barədə cəmiyyət üzvlərinin düşüncələrini səhv istiqamətə yönəltməklə, türk demişkən, – «Qaş düzəltmək istərkən, vurub gözü də çıxarmış olur». Ən əvvəl müəllif məqalənin başlığına çıxardığı fikrə yazının özündə də belə cavab verir; – «Düşünürük ki, türk ölkələrinin içində Xalq Hərəkatları başlamalı, Milli qüvvələr ortaya çıxarmalıdırlar. O zaman dünyanın gedişinə nizam gətirəcək Türk Birliyi yarana bilər – TDT (Türk Dövlətləri Təşkilatı) deyil, TDV (Türk Dövlətləri Birliyi). Birlik xalqların iradəsi ilə oluşur, onları talayan diktatorların Bəlgəsi ilə yox!» Əvvəlcə müəllifin və oxucunun nəzərinə çatdırım ki, hər hansı Dövlətlər Birliyini və ya Dövlətlər Təşkilatını nə xalqlar, nə də Xalq Hərəkatları deyil, diktator olub olmamasından asılı olmayaraq o xalqların mənsub olduqları dövlətlərin başçıları yaradır. Ancaq bu halda digər dövlətlər onlara münasibətlərinin xarakterindən asılı olmayaraq onların mövcudluğunu rəsmən qəbul edirlər. Digər tərəfdən Türk Dövlətləri Birliyinin, hətta Vahid Turan Dövlətinin yaradılmasının bütün dünya türkləri üçün fövqəladə önəm və zəruriliyini mən şəxsən hələ 20 il bundan öncə Moskvada və Rusiyanın başqa şəhərlərinə o ağır dövrlərdə ailələrini dolandırmaq üçün gələn sadə, hətta savadsız Özbək, Qırğız, Qazax, eləcə də Rusiyanın tərkibindəki türk bölgələrindən olan türklərin də çox yaxşı başa düşməsi, bunu çox tez-tez dilə gətirmələrinin şahidi olmuşam. Yəni, min illərdən bəri parçalanmış türklərin hamısı Türk Milli və Dövlət Birliyinin yaranmasında qərarlıdır. Bu günədək heç bir türk bölgəsində türklərin Türk Dövlət Birliyinin və ya Turanın yaradılmasına hər hansı bir Türk toplumunda kütləvi etiraz bildirilməməsi də məhz bu istəyin, iradənin ifadəsi deyilmi? Lakin bütün bu istəyi, iradəni bütün hallarda diktator və ya demokrat olub-olmamasından asılı olmayaraq Türk Dövlətlərinin başçıları rəsmiləşdirməlidir və rəsmiləşdirmişlər də. Məgər bu cəmiyyət daxilində maddi nemətlərin bölüşdürülməsində kimin talan edilən, kiminsə talan edən olmasından asılı olmayaraq, milli birlik məsələsində xalq ilə diktatorun mənafeinin üst-üstə düşməsi deyilmi?

Sankt-Peterburq görüşünə qədər Qazaxıstanda N.Nazarbayevə, mövcud rejimə və vəziyyətə qarşı heç bir kütləvi aksiya baş vermədiyi halda, məhz dərhal eyni zamanda kütləvi aksiyaların baş verməsi ilə birlikdə rus qoşunlarının Qazaxıstana girməsi S.Peterburqda Nazarbayevi, eyni zamanda Tokayevi əsir alıb, kütləni ayağa qaldırmaqla, özünün oraya qoşun yeritməsinə Moskvanın bəhanə düzəltdiyi göz qabağında deyilmi?

Belə bir prosseslərin getdiyi fonda məqalə müəllifinin diktator-xalq münasibətlərini ön plana çəkərək qabardıb, Türk Milli Birliyinin qatili, bu birliyin yaranmasına heç bir vaxt imkan verməyəcək «düşmən» statusunda qabartması əslində Türk Milli və Dövlət Birliyi düşmənlərinin özündən də çox Türkə düşmənçilik etmək deyilmi? Çünki, bu məsələlərə dərindən bələd olmayan kütlə bunu düşmən dilindən eşitdikdə onun məhz düşmən olduğunu bildiyi səbəbindən inanmadığı halda, Türk insanından eşitdikdə isə bu yalanı həqiqət olaraq tez qəbul edir. Müəllifin «Üzdən baxanda bu yazı pessimist ovqatda görünə bilər. Ancaq bu, bir Türk insanının rahatsızlığının ifadəsidir. Yalançı optimizm görsənişi yaratmaqla populizmə gərək duymayaq», – deyən müəllif, bu prosseslərin qanunauyğunluqlarını bilmədən, prossesləri peşəkar olaraq təhlil etməyib, ona məhz populist yanaşmasından irəli gələn səhv nəticələrə görə, elə yazısı da istər-istəməz özünün də etiraf etdiyi kimi pessimist ruhda köklənib.Lakin mətbuatda bütün prosseslərə, xüsusilə belə fövqəladə məsələlərin təhlilinə hökmən peşəkarcasına, obyektiv yanaşaraq nəticələrin cəmiyyətə acı və ya şirin olmasından asılı olmayaraq düzünü düz, əyrisini əyri, pisini pis, yaxşısını isə yaxşı demək lazımdır ki, hər bir vətəndaş bu prosseslərin hər bir anında düzgün mövqe tuta bilsin.

Müəllifin «Türk Birliyinin Doğrulması gərəkdir» deyimini iki anlamda qəbul etmək olar. Bu birliyin rəsmi olaraq təşkilatlanıb hüquqi cəhətdən onun mövcudluğunun elan edilməsi. Bu artıq rəsmən elan edilib və hətta bir sıra texniki, təşkilati məsələlər də öz həllini tapıb. Bu deyimin digər anlamda mənası Türk Dövlətləri Təşkilatının nəinki NATO və Avropa İqtisdai birliyi səviyyəsində, ən azı federasiya, heç olmasa konstitusiyalı federasiya halında birliyinin mövcudluğu başa düşülə bilər. Çünki NATO və Avropa başqa-başqa millətlərin hərbi, iqtisadi birliyi olmaqla onların heç biri heç vaxt vahid dövlətə çevrilərək öz milli müstəqilliyini itirməsinə razı ola bilməz. Lakin Türk dövlətlərinin arasında vahid dövlətə çevrilmək yolunda onlarda olan bu əsas maneə mövcud olmadığından bütün Türk xalqları uzun illərdir ki, bu vahid dövlət birliyinin yaranmasında israrlıdır. Burada olan yeganə əhəmiyyətli maneə bu dövlətlərin başında duran şəxsin şəriksiz hakimiyyəti, diktaturasıdır ki, onların hamısı da bu hakimiyyətin əbədi olmayıb nə vaxtsa cəmiyyətdə gedən təbii, çox vaxt da süni surətdə xaricdən edilən müdaxilə nəticəsində, çox zaman da faciəli sonluqla başa çatdığını yaxşı bilir. Buna görə də bu diktatorlarının özünün, yaxınlarının həyatı, var-dövlətinin toxunulmazlığına təminat verilməsi şərtləri ilə Türk Dövlətləri Təşkilatının hətta vahid, monolit dövlətə çevrilməsində onların  hamısı sadə, sıravi, bu günə qədər talan edilmiş türk vətəndaşlardan min və daha çox dəfələrlə maraqlı və israrlıdırlar. Bundan sonra isə qarşıda duran əsas məsələ qurulacaq Turan dövlətinin cəmiyyətin sabit və sürətli inkişafını, təhlükəsizliyini və s. təmin edə biləcək ədalətli iqtisadi-ictimai, o cümlədən ədalətli hüquqi-inzibati quruluşa malik olması məsələsidir ki, bu halda həm bu günkü diktatorlar və onların yaxınları həm də sadə vətəndaşlar buna zidd deyillər və bu hamının mənafe, maraqlarını təmin etmiş olur. Belə bir quruluşun iqtisadi əsaslarını mən məzmununu kəşf etdiyim obyektiv Mülkiyyət, Bölgü və Əmək Haqqının Ənuşirəvan İbrahimi qanunları əsasında məşhur hüquqşünas Məmmədxan Əzizxanlı ilə birlikdə hazırladığımız və TURAN dövlətinin anayasası olmağa iddialı olan «Turan dövlətinin Firidun İbrahimi anayasasının əsas müddəaları»nda göstərmişik. («Obyektiv iqtisadi qanunlarla iqtisadi-ictimai formasiyaların qarşılıqlı əlaqəsi və Turan dövlətinin Firidun İbrahimi anayasasının əsas müddəaları». Bakı, «Ecoprint» nəşriyyatı, 2020).

Məlumdur ki, hər hansı bir canlı, o cümlədən insan da ana bətnində insan olaraq formalaşıb dünyaya gəlməyi müəyyən dövr, vaxt tələb edir. Hətta cansız, bütün cizgiləri, materialları, avadanlıq və peşəkar kadrlar artıq hazır olduğu halda belə müəyyən əşyanın düzəldilib insanın istehlak tələbatını ödəyə biləcək hala gətirilməsi üçün müəyyən texniki-texnoloji vaxt tələb olunur.

Min ildən çox vaxt ərzində parçalanıb, bir-birindən təcrid edilərək yad millətlərin əsarətində müxtəlif inkişaf istiqamətləri seçməyə məhkum edilmiş, Rusiya kimi vəhşi bir dövlətin əsarətindən 30 il bundan öncə felən xilas olub, iqtisadiyyatını, sosial qurumlarını düşmən dünya güclərinin və onların əlaltılarının təzyiqləri altında indilərdə nəfəsini qısa fasilələrdə dərərək cəmisi bir ay bundan qabaq elan edilən Türk Dövlətləri Təşkilatını başda Rusiya olmaqla KTMT qoşunlarının Qazaxıstana təcavüzünə hərbi qarşılıq verməməkdə günahlandırmaq, əslində dünən doğulan qundaqdakı körpənin mənzilə hücum edən vəhşi heyvan sürüsünə müqavimət göstərməməkdə suçlamaqla eyni haldır. Həm də bunun səbəbini diktatorların günahı kimi qələmə verilməsi də gülünc bir əsasdır.

Məqalənin başlığı altında müəllifin iri hərflərlə yazılmış seçmədə olan, – «Rusiya bir-birinin ardınca Türk ölkələrinə ordu yeridir, Türkiyə isə Ermənistanla danışıqlar planı hazırlayır», fikrini də aydınlaşdırmaq çox zəruridir. Bu məsələ də bir çox səbəblər ilə əlaqədardır.

Birincisi, gözlənilməz vaxtda, yerdə rəqibinə gözlənilməz zərbə vurmaq Rusiyanın «anadangəlmə» xüsusiyyətidir və onun bu xüsusiyyəti təkcə hərbi fəaliyyətinə aid deyil.

İkincisi, Türk Dövlətləri Təşkilatının, o cümlədən Türkiyənin Orta Asiya kimi uzaq məsafədə yerləşən, Qazaxıstana gedən yolun arasında Türkə düşmən Ermənistan və İran dövlətləri durduğu vəziyyətdə Rusiya ilə çox böyük sərhəddi olan Qazaxıstana Türkiyənin genişmiqyaslı hərbi müdaxiləsi mümkün deyil. Bu bir tərəfdən Türkiyənin, TDT-nın hərbi gücü baxımından, həm də məsafə baxımından, eləcə də Qazaxıstanın rəsmi dövlət başçısı Tokayevin TDT, Türkiyəyə deyil, rəsmən Rusiyaya müraciət etməsi ilə bağlıdır. Rusiya ilə Türkiyənin iqtisadi, hərbi gücündəki böyük fərqə baxmayaraq Türkiyə İraqda, Suriyada Rusiyanın bütün qəfil «şıltaqlıqlarına» layiqli cavab verib və verməkdədir. Yəni, Türkiyəni, TDT-nı Qazaxıstandakı hadisələrə münasibətdə laqeydlikdə, qorxaqlıqda suclamaq mümkün və ədalətli deyil. Türkiyənin Ermənistanla danışıqlar planı hazırlamağına gəldikdə isə silahlı mübarizə və diplomatiya bir medalın iki üzüdür. Bütün hallarda hər hansı bir hərbi toqquşmanın son akkordları diplomatik müstəvidə başa çatır. Bəzən isə hətta silahla həll edilə bilməyən məsələlər diplomatik müstəvidə qan tökülmədən, dağıntılar və digər faciələrdən yayınmaqla müvəffəqiyyətlə həll edilmiş olur. Bu baxımdan Türkiyə rəhbərliyinin bu addımı narazılıq doğurmaq yox, alqışlanmalıdır. Ermənilər nə qədər murdar toplum, başqalarının oyuncağı olsa da Türkiyənin və Azərbaycanın şərtlərini qəbul edəcəkləri halda razılığa gəlmək Türklərə heç bir zərər gətirmir. Sadəcə olaraq sonradan ermənilərlə və onların sahibləri ilə münasibətdə daim dəyənəyi əlimizdə saxlayıb, bütün addımlarımızı atarkən onların kim olduğunu unutmamalıyıq.

Sonda isə müəllif haqlı olaraq Qərb demokratiyasını fəndgirlik saydığını və diktaturanı da pislədiyini etiraf edib, «Bəs necə olsun?» – sualını ortaya qoyaraq, özü də buna belə cavab verir; – «Daşıdığımız dünyabaxışın «İnsani» (Ruhani) dövlət» ideyası idealı var. Ancaq dünyanın indiki durumu bunun tezliklə alına biləcəyini mümkünsüz edir. Ona görə də keçid aşaması olaraq, şəxslərin deyil, dövlətin diktaturasını qəbul etmək olar. Şəxslərin diktaturası dövlətin deyil hakimiyyətin çıxarlarını qorumaq üçün qurulur. Dövlətin çıxarılarını qorumaq üçün qurulan diktatura xalqın güzəranını insani haqlarını təmin edər». Qeyd edim ki, «İnsani (Ruhani) dövlət» ideyası, idealı dövlət və cəmiyyət anlamı üçün bəşərin uçan xalçalar təsəvvürü qədər primitiv bir ideyadır. Uçan xalçalar insanların göylərə uçmaq arzusunun ifadəsi olsa da, bu gün nəinki uzaq planetlərə uçan mürəkkəb texnikanı, hətta hava şarını belə göyə qaldırmaq iqtidarında olmadığı kimi, müəllifin arzuladığı və konkret sadaladığı cəhətlərə malik olan dövlət, cəmiyyət qurmaq üçün nəinki indi, hətta uzaq gələcəkdə belə heç vaxt yaraya bilməyəcək utopist bir arzudan ibarətdir. Belə ki, bəşər yarandığı gündən indiyədək heç vaxt bütün insanların ruhi, mənəvi varlığı nə məzmun, nə mahiyyət, nə də səviyyə etibarilə eyni parametrlərə malik olmayıb və heç vaxt da ola bilməz. Çünki, hər bir konkret insanın konkret genetik kodları başqalarından müxtəlif parametrlərə görə fərqli olmaqla bərabər hər bir insanın nəinki xarakterini, mənəviyyatını, fiziki durumunu və s. formalaşdıran ətraf mühit, bu mühitin hətta eyni olduğu şəraitdə belə insanın xüsusiyyətlərinin formalaşmasına təsiri, nə təsir gücünə, nə də ki, nəticə etibarilə eyni deyil. Bundan başqa dövlətin, cəmiyyətin idarə edilməsi sistemlərini cəmiyyət üzvlərinin mənəvi parametrlərinin xarakteri deyil, cəmiyyətin iqtisadi sisteminin mahiyyəti müəyyən edir. Belə ki, bütün cəmiyyətlərin sosial sistemi üstqurum olaraq həmin cəmiyyətin iqtisadi sisteminin bazasında formalaşır. Yuxarıda adını çəkdiyim Turan dövlətinin Firudin İbrahimi anayasasının əsas müddəaları məhz müəllifin nəinki sadaladığı cəhətlərə malik olan ədalətli, insani cəmiyyətin, ondan başqa cəmiyyətin başqa bir çox problemlərinin ədalətli həll edilməsinə qadir olan hüquqi mexanizmdir. Biz hər bir türkə bu mexanizmlərin mahiyyətini, məzmununu açıqlayıb başa salmalıyıq ki, heç bir türk insanı Turanı ruhani nağıllarda axtara-axtara sonda zehnində və qolunda əsarət qandalı görüb peşiman olmasın. «Sondakı peşimanlıq fayda verməz» – deyib TÜRK AQİLLƏRİ!

 Şapur Qasimi,

politoloq

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN