Deputat Cavanşir Feyziyev İlham Əliyevin arxasından Azərbaycan jurnalistlərinə barmaq silkələyir... Tanınmış araşdırmaçı jurnalist Elbəyi Həsənli deputat Cavanşir Feyziyevin jurnalistləri təhqir etməsinə cavab verir. O, fb statusunda yazır:
- Deputat Cavanşir Feyziyev Azərbaycan mediasının üzərinə qılınc çəkib. Onun haqqında yazan media orqanlarını, nüfuzlu jurnalistləri ən ağır ifadələrlə təhqir edib. Bildirib ki, media qurumları pul qoparmaq məqsədi ilə onun haqqında böhtan xarakterli məlumatlar yayır.
Əlbəttə, Azərbaycan bütövlükdə rüşvətin və korrupsiyanın içindədir. Heç şübhəsiz ki, media qurumları da rüşvətdən xali deyil. Mövcud reallıqlar çərçivəsində bu, heç mümkün də deyil. İstənilən halda, medianın üzərinə yerimək, onu topası ilə hədəfə almaq bir siyasətçi üçün intihar kimi bir şeydir. Amma, bu işin bir əmması var...
Şübhəsiz ki, Britaniya məhkəməsinin qazandığı milyonların fırıldaq yolla əldə etməkdə şübhəli bildiyi Cavanşir Feyziyev tipik Azərbaycan milyonçusudur. O da böyük əksəriyyət kimi mümkün olan bütün murdarlıqlara əl ataraq bu qədər sərvət qazanıb.
Orasını da demək gərəkir ki, Cavanşir Feyziyev sadəlövh adam deyil. Tam əksinə. Kifayət qədər intellektualdır. Təsəvvür edin ki, o, fransız dilindən türkcəmizə bir neçə əsər tərcümə edib. Britaniya siyasi dairələri ilə də yaxın olduğundan əminliklə demək olar ki, ingilis dilini də yüksək səviyyədə bilir. Qərb ölkələrində müxtəlif məqalələri çap olunub. Türkçülüklə bağlı 5 kitabın müəllifidir. Yəni Cavanşir Feyziyevi heç bir halda danabaşlar sinfinə daxil etmək olmaz.
O, nə etdiyinin fərqindədir və çox yaxşı bilir ki, Azərbaycan medasını, özü də ən öndə gələn qruplarını, hədəfə almaq onun siyasi və biznes karyerasına yaxşı bir şey vəd etmir. Elə isə o, nədən belə bir sərsəm addım atıb? Obrazlı desək, nədən özü öz əleyhinə kampaniya aparıb?
Deyim. 2-3 gün əvvəl “opendemocracy.net” saytında gedən bir yazıya toxunmuşdum. Həmin yazıda Cavanşir Feyziyevin Britaniya parlamentinin üzvü Bob Blackman arasında olan ilişkilərdən bəhs olunurdu. Adı çəkilən sayt bildirmişdi ki, İlham Əliyevin etibarlı adamı olan Cavanşir Feyziyev pulla ələ aldığı Britaniya siyasətçilərinin Azərbaycan prezidenti ilə görüşünü təşkil edib. Onların Şuşa ziyarətinə rəvac verib və. s.
Sözümün canı o ki, Cavanşir Feyziyev İlham Əliyev adlı dağa söykənərək dişləri çoxdan sındırılmış, alçaldımış, nüfuzdan düşmüş Azərbaycan jurnalistikasını topa tutur. O əmindir ki, bu hücuma görə kimsə ona qaşın üstündə gözün var deməyəcək. Mustafası, cənab Feyziyev Azərbaycan reallığından çıxış edərək hücuma keçib...
Onun hədəf aldığı jurnalistlərin siyahısı son dərəcə genişdir. Həmin siyahıda xanım jurnalistlərin də adı var: Xədicə İsmayıl, Sevinc Osmanqızı, Sevinc Telmanqızı, Ləman Ələşrəf qızı. Köhnə kişilər deyirdi ki, arxalı köpək qurd basar. Biz arxalı köpəklərin qurdları dovşana çevirdiyi məmləkətdə yaşayırıq. Hətta belə bir ortamda da belə şeylər heç vaxt yaddan çıxmır. Xanımları hədər almaq isə heç də kişiyə yaraşan hərəkət deyil...
Hörmətli Cavanşir Feyziyev. Ümumiyyətlə, çalışın, təmkinli olun. Təmkinli olmaqda həmişə fayda var...
*** 
Bəli, düşünməyə dəyər ki, Azərbaycan hakimiyyəti ölkədə qazanılıb xaricə daşınan bu pulların aqibətinə və jurnalistlərin təhqir edilməsinə aydınlıq gətirəcək... Artıq deputat Fəzail Ağamalı da Cavanşir Feyziyev qalmaqalına parlamentdə baxılmasını mümkün saydığını bildirib...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN